#39(1016) DÜNYA
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Dünya

Tarix

Araşdırma

İş həftəsi

Kriminal

Ədəbiyyat

Sərbəst

Maraq

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Birləşmiş Millətlərdə "yorğan davası"
Təhlükəsizlik Şurasının daimi üzvlüyü uğrunda mubarizə təşkilatda köklü islahatlar prosesini arxa plana keçirib

Başa vurduğumuz həftə BMT Baş Assambleyasının 59-cu sessiyasında siyasi müzakirələrin zirvəsi kimi yadda qaldı. BMT-nin yeniləşdirilməsi və təşkilatın dünyanın yeni reallıqlarını əks etdirən və real icra mexanizminə malik quruma çevrilməsi məsələsi müzakirələrin başlıca mövzusu idi.
Müzakirələr əsasən BMT Təhlükəsizlik Şurasının (TŞ) gələcəyi ilə bağlı olub. Təşkilatda əsas səlahiyyətlərin 5 daimi üzvü və 10 müvəqqəti üzvü olan TŞ-yə verilməsi BMT-nin ali orqanını - Baş Assambleyanı ildə bir dəfə toplaşan və formal müzakirələrlə kifayətlənən nəhəng iclasxanaya çevirib. Nəzərə alsaq ki, TŞ-də əsas söz sahibi veto hüququna malik 5 daimi üzvdür (ABŞ, Rusiya, Fransa, Britaniya, Çin), onda 200-ə yaxın ölkənin birləşdiyi BMT-nin qərarlarının taleyi məhz bu "beşliy"in monopoliyasındadır.
Odur ki, əsas müzakirələr TŞ-nin daimi üzvlərinin sayının genişləndirilməsi ətrafında gedib. Bu sırada yer almaq üçün illərdən bəri mübarizə aparan Almaniya, Braziliya, Yaponiya və Hindistan sessiya gedişində bir-biri qarşısında öhdəlik götürüblər ki, bu məsələnin müsbət həlli naminə BMT-dəki lobbilərini birləşdirəcəklər. Onlar hesab edirlər ki, TŞ-nin daimi üzvlərinin sayı 10-a çatdırılmalı, eyni zamanda, rotasiya əsasında 2 ildən bir dəyişdirilən 10-luğun sırası da genişləndirilə bilər. Lakin gözlənilmədən İtaliya diplomatları Nyu-Yorkda almaniyalı həmkarlarını TŞ-də daimi üzvlük sevdasından vaz keçməyə çağırıblar. İtaliya XİN rəhbəri Franko Frattini bildirib ki, Berlinin bu iddiası yeni Avropanın ümumi siyasətinə zidd addımdır. Öz növbəsində Almaniya XİN başçısı Yoşka Fişer bəyan edib ki, onun ölkəsinin TŞ-nin daimi üzvlüyünə can atması heç bir ölkəyə qarşı yönəlməyib və bu mənada İtaliyanın narahat olmasına qətiyyən ehtiyac yoxdur. Məntiqə görə, İtaliya TŞ-də başqasını deyil, AB-dəki qonşusunu görməyə sevinməli idi. Güman etmək olar ki, İtaliya sadəcə olaraq, TŞ-yə daimi üzvlük marafonunda geri qaldığına görə narahatdır.
Bu çəkişmələr başqa ölkələri də TŞ-də yer uğrunda mübarizəyə ruhlandırır. Türkiyə də bu mübarizəyə qoşulub. Düzdür, Ankara hələlik müvəqqəti üzvlük iddiasındadır. Türkiyə xarici işlər naziri Abdulla Gül sessiyada bəyan edib ki, onun ölkəsi qlobal təhlükəsizlik və sülhün təmin olunmasında, Qərb ilə İslam dünyası arasındakı oynadığı rola görə bu mandata layiqdir.
Ümumilikdə isə müzakirələr göstərdi ki, TŞ-nin aqibəti və BMT-də islahatlar çox əhatəli prosedur olacaq və hər hansı "sürprizi" gələn ildən, yəni təşkilatın 60-cı, yubiley sessiyasından tez gözləməyə dəyməz. İndilik isə vəziyyət belədir ki, dünya dövlətlərinin 90 faizinin dəstəklədiyi hər hansı qətnamə layihəsi TŞ-də bir ölkənin vetosu ilə arxivə göndərilir. Başqa tərəfdən, daimi üzvlərin sayının artırılması qlobal məsələlərdə konsensus əldə olunmasını daha da çətinləşdirə bilər. Görünür, bütövlükdə TŞ-nin ya özü, ya da qurumdakı veto səlahiyyətləri ləğv edilməlidir.

Anar MAHMUDLU

50-ni aşdı, 100-ə nə qaldı

Bu həftə dünya bazarlarında neftin qiyməti ilk dəfə olaraq 50 dollarlıq göstəricini aşıb. Sentyabrın 28-də Nyu-York elektron birjasında strateji məhsulun bir barrelinin qiyməti 1,1 faiz artaraq 50,17 dollara çatıb.
Neft bazarındakı bu bahalaşmanın səbəbi Afrikanın ən böyük neft istehsalçısı və OPEC üzvü olan Nigeriyadakı son hadisələrlə bağlıdır. Neft ehtiyatları və mədənləri ilə zəngin Niger vadisindən xarici işçilərin çıxarılmasını və buraların aborigenlərə - ayco tayfasına qaytarılmasını tələb edən "Niger deltası könüllü xalq qüvvələri" qrupu ilə hökumət qüvvələri arasında gedən döyüşlərdə yüzlərlə adam həlak olub. Təşkilatın lideri Dokubo Asari bütün xaricilərdən neft hasilatı zonasından çıxmağı tələb edib. Bu bəyanat Nigeriyadakı əcnəbi mütəxəssislərdən əvvəl dünya birjaları arasında çaxnaşma yaradıb. ABŞ administrasiyası bildirib ki, neftin qiymətlərinin qeyri-adi dərəcədə artmasına baxmayaraq, Ağ ev ölkənin strateji neft ehtiyatlarından istifadə etmək niyyətində deyil. Buş administrasiyasının mətbuat katibi Skott Makklellanın sözlərinə görə, strateji neft ehtiyatları qiymətlərə təsir və ya siyasi məqsədlərlə istifadə edilə bilməz. Xatırladaq ki, dünya bazarında neftin rekord qiymətləri 1979-cu ilin İran inqilabından sonra qeydə alınmış və 1 barrel üçün 75-80 dollar təşkil etmişdi.
Bu arada OPEC-in aparıcı dövləti, dünya neft istehsalının təxminən beşdə birinə cavabdeh olan Səudiyyə Ərəbistanı gündəlik hasilatı indiki 9,5 milyon barreldən 11 milyon barrelə çatdıracağını bəyan edib. Səudiyyənin neft naziri bildirib ki, onun ölkəsi qiymətlərin sürətlə artmasının qarşısını almağa çalışır və gündəlik hasilatı 14,5 milyon barrelə çatdırmaq imkanları var.
Lakin OPEC ekspertlərinin fikrincə, təşkilat dünya bazarında neftin qiymətinin artmasını dayandırmaq iqtidarında deyil. Qeyd edək ki, hazırda OPEC ölkələri gündəlik 27-30 milyon barrel hasilatla dünya bazarında ehtiyacların təxminən 60 faizini təmin edirlər.

"Nüvəsiz Koreya": xülyanın sonu

Koreya yarımadasının nüvəsiz regiona çevrilməsi ilə bağlı ümidlər boşa çıxmaqdadır.
Sentyabrın 28-də Koreya Xalq Demokratik Respublikası (KXDR) bu ölkənin nüvə silahı əldə etdiyini bildirib. KXDR XİN rəhbərinin müavini Soy Su Xon BMT Baş Assambleyasında bəyan edib ki, Pxenyan 8 min işlənmiş nüvə içliyinin təkrar emalı zamanı əldə etdiyi zənginləşmiş uranı artıq nüvə silahına çevirib. Bu prosedur Şimali Koreyaya milyardlarla dollar vəsaitə başa gəlib. Koreyalı diplomatın sözlərinə görə, Pxenyan ABŞ-ın onu məhv etmək təhdidləri qarşısında qalmışdı və nüvə silahı kimi güclü önləyici vasitə yaratmaq məcburiyyətində idi. Beləliklə, Şimali Koreya nüvə silahına malik olduğunu ilk dəfə rəsmən etiraf edib. Bu arada Atom Energetikası üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlər qrupu Cənubi Koreyanın nüvə obyektlərində təftişləri başa çatdırıb. Koreya Respublikası nüvə enerjisindən dinc məqsədlərlə istifadənin həcminə görə dünyada 6-cı ölkədir. Bu ölkə ərazisində 19 AES fəaliyyət göstərir. Həmin AES-lər Cənubi Koreyada istehlak edilən bütün enerjinin 40 faizini verir. Ötən həftələrdə Seul rəsmiləri etiraf ediblər ki, Cənubi Koreya 80-ci illərin əvvəllərində ölkədə uran və platinlə məxfi təcrübələr aparıb, daha sonra isə bir qədər uran zənginləşdirib.

Səddamın vəziyyəti ağırlaşıb

İraqın keçmiş prezidenti Səddam Hüseynin vəziyyəti yenidən ağırlaşıb. Bu məlumatı sentyabrın 27-də Səudiyyə Ərəbistanının "Əl-Vətən" qəzeti yayıb. Qəzetin verdiyi xəbərə görə, eks-diktatorun ittihamçıları onun məşhər ayağına çəkiləcəyi günədək vəfat edə biləcəyindən ehtiyatlanırlar. Buna görə də tribunal məhkəmə prosesinin mümkün qədər tez başlanmasında və onun tez başa çatmasında israrlıdır.
Səddam və onun 11 silahdaşının işini araşdıran istintaq komissiyasının sonuncu iclasında eks-diktatoru görmək mümkün olmayıb. Komissiya üzvləri bildiriblər ki, S.Hüseyn "iclasa gəlmək iqtidarında deyil". İclasda iştirak edənlərə bundan başqa heç bir məlumat verilməyib. Hələlik məlum olan budur ki, Səddam Hüseyn amerikalı psixoloqların xidmətindən imtina edir. Psixoloqlar mümkün intihar hallarının qarşısını almaq üçün müttəhimlərlə iş aparırlar.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding