Azərbaycan ərəbşünaslıq məktəbinin banisi -
Ələsgər Məmmədov
XXI əsrin ilk illərində müstəqil Azərbaycanımız həyatın bir çox sahələrində yüksək inkişaf dövrünü yaşayır. Hər millətin zəkasının, onun səviyyəsinin göstəricisi sayılan elmi biliklər bu gün ölkəmizdə xüsusi axarla tərəqqi etməkdədir. İstər ölkəmizdə, istərsə də uzaq ellərdə şöhrət tapmış alimlərimiz elm tariximizin hazırkı mərhələsini yaradan insanlardır.
Məlumdur ki, müsəlman Şərqi ölkələrində yaranmış əsərlər əsasən ərəb dilində qələmə alınıb. Müasir vaxtda bütün dünyada olduğu kimi bu qiymətli irsin öyrənilməsi və tədqiqi sahəsində Azərbaycanda da müəyyən işlər görülmüşdür. Bu işdə böyük rol oynamış ərəbşünaslıq məktəbi 47 illik tarixə malikdir. İnkişafda olan elmi həyatımızda çoxları bir sıra görkəmli şərqşünas alimlərimizin misilsiz xidmətləri ilə yaxından tanışdır. Lakin nəzərə almaq lazımdır ki, hər bir ziyalını yetişdirən, onu cəmiyyət üçün hazırlayan böyük ustadı var. Ərəbşünaslıq sahəsindən bəhs edərkən bu əzəmətli məktəbin yaradıcısı, görkəmli alim, respublikamızdakı ərəbşünasların əvəzsiz müəllimi Ələsgər Məmmədov barəsində söhbət etmək vacibdir. Fərəh hissi ilə demək lazımdır ki, yaşadığımız dövrdə Azərbaycanda çətin, lakin öz gözəlliyi ilə seçilən ərəb dili mükəmməl şəkildə tədris edilir.
2004-cü ildə Azərbaycanda böyük və misilsiz xidmətlərilə fərqlənən, ərəbşünaslıq məktəbinin banisi professor Ələsgər Məmmədovun 85 illik yubileyi tamam olur. Əvəzsiz ustadın yubileyi ərəfəsində həmin məktəbin bir nümayəndəsi kimi söz deməyi özümə borc bilirəm.
Ələsgər Məmmədov 1919-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olub. O, Azərbaycan Pedaqoji İnstitutunun alman dili şöbəsini bitirdikdən sonra Moskva Şərqşünaslıq İnstitutunun ərəb dili üzrə hərbi şöbəsində təhsil alıb. Ələsgər müəllim 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayına qədər o dövrdə geniş əraziləri əhatə edən Sovetlər İttifaqı tərəfindən yüksək savadlı altı nəfər alman dili mütəxəssisindən biri kimi Nürnberq məhkəmə prosesinə tərcüməçi sifətində cəlb edilib.
Ərəbşünaslıq məktəbinin əsası 1957-ci ildə qoyulub, ilk dəfə olaraq Bakı Dövlət Universitetində ərəb dili və ədəbiyyatı şöbəsi fəaliyyətə başlayıb. Həmin dövrdən bu günə qədər burada yüzlərlə mütəxəssis hazırlanıb. Onu da xüsusi qeyd etmək lazımdır ki, Ələsgər müəllim Azərbaycanda həm orta, həm də ali məktəblər üçün müfəssəl "Ərəb dili" dərsliklərinin yeganə müəllifidir. İftixar hissi ilə deyilməlidir ki, müasir dövrün özündə bir sıra Orta Asiya respublikalarında rus şərqşünaslarının yazdıqları "Ərəb dili" dərs vəsaitindən istifadə olunmasına baxmayaraq, Azərbaycanda daim Ələsgər müəllimin dərsliklərindən bəhrələniblər. İlk "Ərəb dili" dərsliyi 1958-ci ildə nəşr olunmuşdur. Bu vəsait öz quruluşu və söz ehtiyatına görə ərəb dilini iki il müddətinə öyrətmək imkanına malik idi. Ələsgər müəllim müsahibələrinin birində deyib: "Mən sübut elədim ki, ağlı başında olan adam iki ilə ərəb dilini öyrənə bilər". Böyük Ustad bu sözləri əbəs yerə deməyib. Onun metodu, dərs keçmək üslubu daim digər ölkələrdə heyrətlə qarşılanıb. Ərəb dili haqqında yaxşı məlumatı olmayanlar iki ili dil öyrənmək üçün bəlkə də uzun vaxt hesab edə bilərlər. Əslində isə ağır qrammatika sistemi və zəngin söz ehtiyatları ilə fərqlənən ərəb dili yalnız Ələsgər müəllimin əvəzsiz xidməti sayəsində Azərbaycanda gözəl tədris edilməyə başlanılıb və bu sahədə mükəmməl biliyə malik mütəxəssislər hazırlanıb.
Ələsgər müəllim otuzdan artıq "Ərəb dili" dərsliyinin müəllifidir. Bu böyük şəxsiyyətin sayəsində Azərbaycanda yüzlərlə ziyalı ərəbşünaslıq məktəbinin nümayəndəsidir. Onun yetirmələri arasında elmin müxtəlif sahələrində məşhur olan alimlər və ictimai xadimlər vardır.
Ələsgər Məmmədov mətbuat sahəsində də əvəzsiz xidmətlər göstərib. O, Azərbaycan radiosunda ərəbdilli verilişlər redaksiyasını yaradıb və onun ilk redaktoru olub.
Çox təəssüf ki, mən Ələsgər müəllimin tələbəsi olmamışam. Lakin onun tələbələrindən dərs aldığım və kitablarından öyrəndiyim üçün özümü onun yetirmələrindən hesab edirəm. Bu böyük müəllim haqqında əsaslı təəssüratlar məndə atamın - AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun sayəsində formalaşıb. Hələ kiçik yaşlarımdan ustadın əzəmətli məktəbinin ilk nümayəndələrindən biri olan atamdan Ələsgər müəllim barəsində həm alicənab insan, həm də qayğıkeş müəllim kimi çox söhbətlər eşitmiş, təsəvvürümdə qeyri-adi, zəngin mənəviyyatlı şəxsiyyətin surətini canlandırmışam. Tale elə gətirdi ki, mükəmməl formalaşmış bu cığırı özüm üçün inkişaf istiqaməti seçdim və daim onun mənə dərs deyəcəyi günü arzuladım. Lakin əfsuslar olsun ki, o, bilavasitə müəllimim olmadı. Ancaq bütün müəllimlərimin onun yetirmələri olması, zəkasının məhsulu kitablarından dərs almağım Ələsgər müəllimi öz ustadım saymağa mənəvi haqq qazandırdı. Daim atamdan onun barəsində eşitdiklərimi burada bir daha müəllimlərimdən eşidərək təsəvvürümü zənginləşdirdim.
Yaxşı yadımdadır, atam tərcüməçisi və tərtibçisi olduğu "Şərq fəlsəfəsi (IX-XII əsrlər)" (BDU nəşriyyatı, 1999) kitabını ərəbşünaslıq məktəbinin 40 illiyinə ithaf edərək hazırlasa da, müəyyən səbəblərdən o, 1997-ci ildə deyil, 1999-cu ildə işıq üzü gördü. İlk səhifədə "Kitab professor Ələsgər Məmmədov tərəfindən əsası qoyulmuş Azərbaycan ərəbşünaslıq məktəbinin 40 illiyinə ithaf olunur" sözləri yazılıb. Kitab Ələsgər müəllimə çatdırıldıqdan sonra o, bu diqqətə görə atama razılığını bildirdi. Qayğıkeş müəllimi məmnun edən hansısa təbliğat məqamı deyildi. Onda iftixar hissi oyadan tələbəsinin uğuru və ustadına yüksək məhəbbəti idi.
1999-cu il dekabrın 1-də Bakı Dövlət Universitetində böyük alim, görkəmli şəxsiyyət, gözəl insan Ələsgər Məmmədovun anadan olmasının 80 illiyi qeyd olundu. Zal tamamilə dolmuşdu. Universitet rəhbərliyinin, alimlər, müəllimlər və tələbələrin iştirak etdiyi məclisdə cəmiyyətdə yüksək mövqe tutmuş tanınmış insanlara da rast gəlmək olardı. Onları tədbirə toplayan isə sözsüz ki, öz müəllimlərinə sonsuz sevgi və ehtiram hissi idi.
2000-ci ilin ilk ayında Azərbaycan ərəbşünaslığı öz böyük müəllimini itirdi. Lakin mən bu itkini qəbul etməyərək onun barəsində "mərhum" kəlməsini işlətmirəm. Çünki bu gün də auditoriyalarda onun tələbələri zəngin ərəb dilini tədris edirlər. Onun dərsliyi yeganə dərs vəsaitidir. Azərbaycan durduqca, Azərbaycan xalqı və elmi durduqca Ələsgər Məmmədovun adı, xidmətləri də yaşayacaqdır.
Hər zaman atamın - AMEA-nın müxbir üzvü Zakir Məmmədovun dilindən bu kəlmələri eşidərdim: "Əgər Ələsgər müəllim, onun yaratdığı məktəb olmasaydı, mən ərəb dilini öyrənə bilməzdim və Azərbaycan fəlsəfəsi tarixinin varlığını aşkara çıxarıb araşdırmaq imkanım olmazdı. Qazandığım hər bir nailiyyətimə görə müəllimimə borcluyam". Bu fikir Zakir Məmmədov tərəfindən söylənilsə də, əminəm ki, ərəbşünas olan hər kəs öz uğurlarına görə Ələsgər müəllimə minnətdardır.
Ələsgər Məmmədov məktəbinin bir nümayəndəsi kimi sonda yalnız bunu deməyə borcluyam: "Haqqını halal et, Ustad!".
Ülkər ZAKİRQIZI,
Ələsgər Məmmədov ərəbşünaslıq məktəbinin yetirmələrindən biri
|