#39(1016) GÜNDƏM
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Dünya

Tarix

Araşdırma

İş həftəsi

Kriminal

Ədəbiyyat

Sərbəst

Maraq

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Koçaryan niyə taym-aut götürüb?
Ermənistan rəhbərliyi, gec də olsa, dərk edir ki, qarşılıqlı kompromis olmadan münaqişənin dinc yolla nizamlanması mümkün deyil

Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistanla Azərbaycan arasında danışıqlarda fasilə yaranıb. Bunun səbəbkarı isə rəsmi Yerevandır. Erməni tərəfi danışıqlar prosesinin perspektivini götür-qoy etmək üçün zəruri taym-aut götürüb.
Xatırladaq ki, hələ ötən həftə Ermənistanın XİN başçısı Vardan Oskanyan bəyan etmişdi ki, prezidentlərin Astana görüşündən (15 sentyabr) sonra müzakirələrin gələcək istiqamətlərini ciddi şəkildə nəzərdən keçirmək üçün müəyyən vaxt lazımdır. Oskanyanın sözlərinə görə, dövlət başçıları İlham Əliyev və Robert Koçaryan arasında keçirilmiş 3 görüş (dekabr 2003 - sentyabr 2004), habelə iki ölkənin XİN başçılarının bu ilin aprel-avqust aylarında keçirdiyi 4 görüş müzakirə masası üzərinə xeyli məsələ qoyub və onları götür-qoy etmək gərəkdir. Onun bildirdiyinə görə, tərəflər prosesə müəyyən fasilə vermək barədə qarşılıqlı razılığa gəliblər.
Bu həftə isə məlum oldu ki, danışıqlarda fasilənin yaranması yalnız bir tərəfin - Ermənistanın istəyidir. Bu barədə Azərbaycan Prezidentinin Qarabağ nizamlanması üzrə xüsusi nümayəndəsi, XİN başçısının müavini Araz Əzimov məlumat verib. Onun sözlərinə görə, Praqada Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələrinin (A.Əzimov və T.Marqaryan) görüşü keçirilməli idi, lakin görüş erməni tərəfinin xahişi ilə təxirə salınıb. Xatırladaq ki, bir qədər əvvəl iki ölkə XİN başçılarının Nyu-Yorkda, BMT Baş Assambleyası gedişində də görüşü gözlənilirdi, amma o da baş tutmadı.
A.Əzimov hazırda müzakirə masasında olan məsələlərə də qismən aydınlıq gətirib. Onun sözlərinə görə, Astana görüşündə nizamlanma ilə bağlı hansısa konkret paket və ya təkliflər verilməyib: "Müxtəlif elementlər müzakirə edilib". A.Əzimovun bildirdiyinə görə, Astanada işğal problemi, əhalinin doğma yerlərinə qayıtması, kommunikasiyanın bərpası problemləri, əməkdaşlığın bərpa olunması və sonrakı mərhələdə yerdə qalan siyasi problemlərin həlli imkanları nəzərdən keçirilib. "Bütün münaqişələrdə olduğu kimi problemin həllinə maneçilik törədən şərtlər və faktorlar aradan qaldırılmalıdır. Bunlar aradan götürüldükdən sonra siyasi problemlərin həlli daha asan olur. İlk öncə subyektivizm aradan qaldırılmalıdır. Qarşı tərəf subyektivizm, hərbi qələbə illüziyasının altında yaşayır. Bu, aradan götürülməli və sülh əldə edilməsi üçün obyektiv şərait yaradılmalıdır"-deyə o qeyd edib.
XİN başçısının müavininin sözlərinə görə, danışıqlarda Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz məsələsi də diqqətə alınıb: "Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistanla quru yolla əlaqələrinin təmini məsələsi əvvəldən müzakirələrin bir elementi olub".
Qeyd edək ki, ötən saylarımızda biz də bu məqamı önə çəkmiş və 2001-ci ilin Paris və Ki Vest danışıqlarında "dəhliz mübadiləsi"nin gündəmdə olduğunu yada salmışdıq. O vaxt Ermənistan rəhbərliyi Mehri rayonundan Azərbaycana veriləcək dəhlizlə Laçın rayonundan ermənilərə ayrılacaq dəhlizin bərabər statusda olmasına razılıq verməmişdi. A.Əzimov bildirib ki, Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvanla quru əlaqəsinin olmasında həmişə maraqlı olub. Nazir müavini həmçinin Azərbaycanın lap əvvəldən Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat verdiyini bildirib. "Hər iki tərəf üçün təhlükəsizlik təmin edilməlidir. Bu, ya ikitərəfli əməkdaşlıq səviyyəsində, ya da beynəlxalq formada müşahidəçilər və ya başqa qüvvələr tərəfindən təmin edilə bilər. Məsələ növbəti görüşdə müzakirə edilməli suallardandır" - deyə A.Əzimov vurğulayıb. A.Əzimov Azərbaycanın prinsipial mövqeyini bir daha xatırladıb: "Azərbaycan belə bir mövqeyə sadiq qalır ki, işğal olunmuş ərazilər azad edilməli, qaçqın və məcburi köçkünlər isə doğma yurd-yuvasına qayıtmalıdır. Bütün bu şərtlər əsasında Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyini təmin etməyə hazırdır". Bir sözlə, Azərbaycanın nizamlama ilə bağlı təməl prinsipləri məlumdur. Odur ki, qarşı tərəf indiyədək nümayiş etdirdiyi aqressivliyə son qoyub bu yöndə hansı güzəşt addımlarını atacağını nəzərdən keçirməlidir.
Çünki bu münaqişənin tezliklə həlli Ermənistan dövləti üçün də həyati əhəmiyyət kəsb edir. Ermənilər dərk edirlər ki, Azərbaycanla münasibətlər sahmanlanmayınca bu ölkənin inkişaf perspektivi yoxdur. "Regional inkişaf Ermənistandan yan keçir. Boru kəmərləri, dəmir yolları tikilir, Ermənistan isə bütün regionla iqtisadi inteqrasiyadan ala biləcəyi faydanı əlindən çıxarır. Ölkə ordu üçün çox yüksək qiymət ödəyir və onu saxlamağa məcburdur" - bu fikri ötən həftə ATƏT Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn bəyan etmişdi.
Yerevanda onu da yaxşı görürlər ki, qonşu Gürcüstan Azərbaycanla mehriban qonşuluq hesabına hansı inkişaf perspektivi əldə edib. Yeri gəlmişkən, bu günlərdə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun Tbilisiyə rəsmi səfəri gedişində bu əməkdaşlığın geniş perspektivi müzakirə olunub. Bu xüsusda ermənilər üçün gözdağı ola biləcək Qars -Ahalkalaki dəmiryolunun tikintisi ilə bağlı məsləhətləşmələr də diqqət çəkir. Bu magistral Türkiyə, Gürcüstan və Azərbaycanın strateji əməkdaşlığını daha da gücləndirməlidir...

Ermənistan müharibənin başlamasını istəmir
Serj Sarkisyan etiraf edir ki, onun ölkəsi iqtisadi baxımdan genişmiqyaslı hərbi əməliyyatlara hazır deyil

"Ermənistan heç bir halda Azərbaycanla müharibənin başlamasını istəmir. Hətta hərbi əməliyyatların bizim üçün məqbul nəticələrlə başa çatacağına əmin olsaq belə" - bu fikri Ermənistanın müdafiə naziri Serj Sarkisyan ölkə televiziyasına müsahibəsində bəyan edib.
Sarkisyan əlavə edib ki, müharibə bütün hallarda itki, o cümlədən böyük xərclər deməkdir. "Müharibə nəhəng maddi ehtiyatlar, maliyyə xərcləri tələb edir. Dövlət əhalinin sosial məsələlərinə xərclədiyi cüzi vəsaitləri də hərbi əməliyyatlara yönəltməlidir. Biz isə bunu istəmirik" - deyə o bildirib. Bununla belə, Sarkisyan bəyan edib ki, "əgər Ermənistan Azərbaycan tərəfindən hərbi əməliyyatlara cəlb olunsa, qarşı tərəfə layiqli cavab verəcək". Ermənistan müdafiə nazirinin sonuncu fikrindəki məcburi siyasi pafosu və populizmi bir kənara qoysaq, Sarkisyanın bu etirafındakı əlamətdar məqamı vurğulaya bilərik. Ermənistan hərbiyyəsinin başçısı dolayısı ilə boynuna alır ki, onun ölkəsi Azərbaycanla müharibənin iqtisadi (deməli, həm də hərbi-texniki) parametrlərinə hazır deyil. Yerevanda başa düşürlər ki, əgər 1992-1993-cü illərin müharibəsində Ermənistan əsasən xarici havadarlarının (o cümlədən Rusiyanın) köməyinə arxalanırdısa, yeni müharibədə belə təmənnasız yardımlar olmayacaq. Ermənistanda onu da etiraf edirlər ki, atəşkəsin 10 ili Azərbaycanın iqtisadi qüdrətinin artması, Ermənistanın getdikcə səfalətə yuvarlanması ilə müşayiət olunub. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında iqtisadi uçurumun ilbəil dərinləşdiyini dəfələrlə vurğulayaraq qarşı tərəfi bundan nəticə çıxarmağa çağırıb.
Ermənistan isə ildən ilə büdcəsinin xeyli hissəsini hərbi xərclərə ayırmaqla iqtisadi perspektivini daha da ağırlaşdırır. Ermənistanın statistikasının bu günlərdə verdiyi məlumata görə, 2004-cü ilin 8 ayında büdcənin məxaric hissəsi 345 milyon dollar təşkil edib və onun 70 milyon dollarını (yəni beşdə birini) hərbi xərclər təşkil edib. Hazırda Ermənistanın illik büdcəsi təxminən 500 milyon dollar təşkil edir və ilbəil militarist səciyyə kəsb edir. 2003-cü ilə nisbətən bu il Ermənistanda hərbi xərclər nisbətən 20 faiz artıb.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın cari il üçün büdcəsinin məxaric hissəsi 1,6 milyard dollardır. Azərbaycan büdcənin yalnız 12 faizini hərbi xərclərə ayırır, amma bu, Ermənistanın hərbi büdcəsinin ikiqatıdır.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding