#39(1016) SİYASƏT
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Dünya

Tarix

Araşdırma

İş həftəsi

Kriminal

Ədəbiyyat

Sərbəst

Maraq

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Parlament ictimai televiziya haqqında müzakirələrə nöqtə qoydu
Azərbaycan üçün yeni olan TV-nin təşkili və nə vaxt fəaliyyətə başlaması ilə bağlı məsələlər dövlət başçısının fərman və sərəncamları ilə nizamlanacaq

Milli Məclis uzun müzakirələrdən sonra sentyabrın 28-də "İctimai televiziya və radio yayımı haqqında" qanun layihəsini sonuncu variantda qəbul edib. Xatırladaq ki, parlament qanun layihəsini üçüncü oxunuşda hələ bu ilin yanvarında qəbul etmişdi. Lakin sənəddə Avropa Şurasının (AŞ) bir sıra tövsiyələri nəzərə alınmadığından mart ayında ölkə prezidenti qanuna veto qoyaraq onu yenidən Milli Məclisə qaytarmışdı.
Prezidentin vetosunda qeyd olunurdu ki, qanunda ictimai televiziyanın hüquqi şəxs statusunun, bu quruma Milli Teleradio Şurası tərəfindən hüquqi nəzarət edilməsi prosedurunun, rəsmi məlumatların ictimai televiziyada yayılmasının şərtlərinin dəqiq müəyyən edilməsinin, habelə dövlət başçısının İctimai Yayım Şurasının direktorunun təyin edilməsi prosesində iştirak etməməsinin və ictimai televiziyanın gələcəkdə abonent haqqı əsasında maliyyələşdirilməsinin şərtlərinin nəzərdə tutulması zəruridir. Bundan əlavə, ötən müddətdə AŞ ekspertləri sənədə bir sıra yeni tövsiyələr də veriblər. Bu barədə məlumat verən millət vəkili, qanun layihəsinin hazırlanması üzrə işçi qrupun rəhbəri Rizvan Cəbiyevin sözlərinə görə, sənəddə ölkə başçısının təklifləri əksini tapıb. Deputat eyni zamanda AŞ-nin bu il sentyabrın 16-da Azərbaycana gəlmiş ekspertlərinin sənədlə bağlı 9 təklifinin olduğunu və həmin təkliflərin də nəzərə alındığını deyib. R.Cəbiyevin bildirdiyinə görə, bundan öncə AŞ-nin polşalı eksperti Yakuboviç də 15 təkliflə çıxış etmişdi. Lakin həmin təkliflərin əksəriyyəti qanunvericiliyə dəxli olmadığından qəbul olunmayıb. Məsələn, həmin təkliflərdən biri ictimai televiziyanın Az.TV-nin bazasında yaradılması müddəasının qanunda olmasıdır. Millət vəkili deyib ki, bu məsələ Konstitusiya ilə dövlət başçısının səlahiyyətinə aid edildiyindən layihədə əks oluna bilməz. Digər tərəfdən bir sıra Avropa ölkələrində ictimai televiziya ilə yanaşı dövlət televiziyası da fəaliyyət göstərir. İşçi qrupunun rəhbəri bu məsələdə AŞ ekspertlərinin nəhayət ki, onlarla razılaşdığını dilə gətirib.
Çıxış edən deputatlar sənədin son variantında kifayət qədər müsbət dəyişikliklərin edildiyini bildirib. Eyni zamanda, ictimai televiziyanın yaradılmasının vaxtı, dövlət televiziyasının bazasında yaradılıb-yaradılmayacağı, həmçinin dövlət büdcəsindən ayrılacaq maliyyə vəsaitinin minimum həddinin sənəddə əks olunmadığı qeyd edilib. Bununla bağlı bildirilib ki, sözügedən məsələlər dövlət başçısının fərman və sərəncamları ilə tənzimlənəcək. Qanuna görə, ictimai yayımın əsas prinsipləri müstəqillik, informasiya tərəfsizliyi, plüralizm, dözümlülük, siyasi maraqlardan uzaqlıq, milli özünüdərkin inkişafı, rəngarənglikdir. Qanunda bildirilir ki, ictimai yayımçının əsas vəzifəsi ölkədə və dünyada baş verən mühüm hadisələr, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların, maliyyə və kommersiya strukturlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz tarazlaşdırılmış informasiya almaq hüququnu həyata keçirməkdir. İctimai yayımçının səlahiyyətlərini Yayım Şurası, İdarə Heyəti və baş direktor həyata keçirəcək. Adı çəkilən şəxslər heç bir siyasi partiyanın üzvü ola bilməz.
Yeni varianta görə, Yayım Şurasının üzvlüyünə namizədlər 9 təşkilat tərəfindən irəli sürüləcək. Həmin təşkilatlardan 4-ü artıq məlumdur: Milli Elmlər Akademiyası, Sahibkarlar Şurası, Mətbuat Şurası və Həmkarlar İttifaqları Konfederasiyası. Onun sözlərinə görə, 9 təşkilatın hər biri tərəfindən 2 namizəd irəli sürüləcək və onlardan biri Milli Məclis tərəfindən təsdiqlənəcək. Üzvlərdən 3-ü iki ilə, 3-ü dörd ilə, 3-ü isə altı ilə seçiləcək. Yayım Şurasına ictimai televiziyaya direktor seçmək hüququ da verilir. Ekspertlərin təklifi ilə ictimai televiziyanın baş direktorunun səlahiyyətləri artırılıb. Belə ki, kadrlarla bağlı baş direktorun qəbul etdiyi qərar Yayım Şurası tərəfindən qəbul edilməzsə, o ikinci dəfə yenidən müraciət edə bilər. Bu dəfə isə şuranın mövqeyindən asılı olmayaraq, qərar qüvvəyə minir. Yeni layihədə bu televiziyanın baş direktorunun müavinlərinin sayı da 2 nəfərdən 3 nəfərə artırılıb.

Hesablama Palatasının hesabatı qəbul olunmadı

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının iclasında Hesablama Palatasının (HP) hesabatı müzakirə edilib.
Palatanın təqdim etdiyi sənədi hesabatdan daha çox qəzet yazısına oxşadan komissiya üzvləri qurumu fəaliyyətsizlikdə ittiham ediblər. Palatanın sədri Namiq Nəsrullayev bildirib ki, büdcə xərclərinin təsnifatı, normativ aktları və qaydaları arasındakı qeyri mütənasiblik maliyyə axınlarının şəffaflığına imkan vermir. Dövlətin əsas gəlir mənbəyi olan iri vergilərin ödənmə formasını təşkilatlar özbaşına müəyyənləşdirir. Onun sözlərinə görə, iri vergilərin yığılması və metodikasında heç bir uyğunluq yoxdu. N.Nəsrullayev büdcə xərclərinin 60 faizini təşkil edən yerli xərclərin də əslində qanunsuz aparıldığını bildirib.
Lakin deputatlar HP sədrinin hesabatının ölkənin maliyyə sektorundakı pozuntuları qətiyyən əks etdirmədiyini bəyan ediblər. Meliorasiya, yol tikintisi sahəsində maliyyə pozuntularını, özəlləşdirmənin aşağı sürətlə aparılmasını xatırladan millət vəkili Kərəm Əliyev HP-nin bununla bağlı heç bir rəy irəli sürməməsindən narazı qalıb. Komissiya sədri Səttar Səfərov isə dövlət büdcəsindən HP-nin xərcləri üçün 4,5 milyard manatın ayrıldığını xatırladaraq bu qədər pul alan qurumun büdcənin gəlir hissəsinin artması üçün heç bir iş görmədiyini deyib. HP-nin hesabatı yenidən işlənilmək üçün geri qaytarılıb.

Separatçı rejimin növbəti siyasi şousu

Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejim noyabrın 19-da "gənclərin beynəlxalq forumu" adlı tədbir keçirmək niyyətindədir.
Tədbirin təşkilatçıları xarici dövlətlərə müraciət edərək forumda iştirak etmək üçün Ermənistandan viza alınmasının vacibliyini bildiriblər. Bununla bağlı Azərbaycanın qeyri-hökumət təşkilatları bəyanat qəbul edərək xarici ölkələrdəki həmkarlarını bu tədbirə qatılmamağa çağırıb.
Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərin keçirdiyi etiraz tədbirində də bununla bağlı dünya gənclərinə bəyanat qəbul edilib. Bəyanatda deyilir ki, onlar Azərbaycanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına, suverenliyinə qarşı yönəlmiş bu tədbirə qatılmasınlar.
"Azərbaycanın Xarici İşlər Nazirliyi bütün imkanlardan istifadə edərək Ermənistanın separatçı rejim olan qondarma Dağlıq Qarabağ Respublikasının tanınması istiqamətində atdığı addımların qarşısını almalıdır" - deyə millət vəkili, YAP icra katibinin müavini Bahar Muradova bildirib. Bu məsələ ilə bağlı Azərbaycan siyasi dairələrinin mövqeyinin birmənalı olduğunu deyən millət vəkilinin sözlərinə görə, indidən etiraz tədbirlərinə başlanmalı, Azərbaycan cəmiyyətinin narazılığı dünya ictimaiyyətinə çatdırılmalıdır.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding