#39(1016) KRİMİNAL
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Dünya

Tarix

Araşdırma

İş həftəsi

Kriminal

Ədəbiyyat

Sərbəst

Maraq

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Polislərin qatilləri axtarılır

Bu həftə Sumqayıt şəhərində iki polis əməkdaşının qətlə yetirilməsi ilə bağlı istintaq tədbirləri davam edir. Polis hələlik qatilləri yaxalaya bilməyib.
Qeyd edək ki, hadisə gecə saat 22.50 radələrində Z.Tağıyev qəsəbəsində baş verib. Həmin ərazidə strateji əhəmiyyətli obyektlərin mühafizəsi üzrə polis alayının 2-ci bölüyünü qoruyan 27 saylı polis postuna avtomatla silahlanmış maskalı şəxs və ya şəxslər basqın ediblər. Nəticədə alayın polis işçiləri - Siyəzən rayon sakini, 1971-ci il təvəllüdlü Mehman Firudin oğlu Qasımov və Sumqayıt şəhər sakini, 1979-cu ildə anadan olmuş Miremin Qəribağa oğlu Ağayev aldıqları güllə yarasından keçiniblər. Daxil olan məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsində və prokurorluqda dərhal əməliyyat-istintaq qrupu yaradılaraq hadisə yerinə baxış keçirilib. Ekspertin müayinəsindən sonra mühafizəçilərdən birinin bədənindən 3, digərindən isə 1 güllə yarası aşkarlanıb. Qeyd edək ki, hazırda istintaq bir neçə mülahizə üzərində işləyir. İstintaq qrupu hadisə yerinə baxış keçirərkən müəyyən edib ki, qatillər hasardan aşmaqla həyətə daxil olub. Bu versiyanı orada qalmış ayaq izləri təsdiq edir. Ayaq izlərinin düşdüyü yerdə avtomobil təkərlərinin izləri də aşkar edilib. Bu da cinayətkarların avtomobillə gəldiklərini düşünməyə əsas verir. Qeyd edək ki, hadisənin şahidləri də var. Belə ki, cinayət hadisəsi baş verən zaman su anbarında gecə növbəsində işləyən 2 nəfər qadın cinayətkarları görə bilib. Onların verdikləri ifadələrə əsasən, cinayətkarın əynində qısaqol köynək, əlində avtomat, üzündə isə maska olub. İstintaqçıların versiyasına görə, cinayətkar su anbarına yaxşı bələd olub, ya da əvvəlcədən orada müşahidə aparıb. Çünki o, postda neçə polis nəfərinin olduğunu və onların harada əyləşdiklərini bilirmiş. Qeyd edək ki, qətlə yetirilən polislərdən biri - M.Ağayevin "Makarov" tipli tabel silahı hadisə yerindən aparılıb. Buna görə də cinayətkarın silah ələ keçirmək məqsədilə posta basqın etdiyi güman oluna bilər. Bundan başqa, su anbarının yaxınlığında istirahət parkı yerləşir. Hadisə baş verən vaxt parkda heç kəsin olmaması da şübhəlidir. Hazırda Sumqayıt Şəhər Prokurorluğunda şahidlərin dindirilməsi prosesi davam edir. Faktla bağlı CM-in 120-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi qaldırılıb. İstintaq gedir.

Ermənilər soydaşımızı qətlə yetiriblər

Bu yaxınlarda Rusiyanın İrkutsk şəhərindəki Sevostopol küçəsində yerləşən binalardan birinin girişində azərbaycanlı biznesmenlər - Vaqif Süleymanov və Habil Dadaşov naməlum şəxslərin hücumuna məruz qalıb. Onlar əlbəyaxa olublar. Naməlum şəxslər həmyerlilərimizə odlu silahdan atəş açıblar. Nəticədə Habil Dadaşov yerindəcə keçinib, V.Süleymanov isə ağır yaralanıb.
Rusiya hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, quldurlar azərbaycanlı biznesmenləri qarət etmək məqsədilə onlara hücum ediblər. Çünki biznesmenlərin üstündəki pullar qarət olunub. Hadisə barədə milisə həmin ünvanda yaşayanlar xəbər veriblər. Milis və təcili yardım oraya çatana qədər H.Dadaşov qanitirmədən keçinib. V.Sülyemanovu ağır vəziyyətdə İrkutsk şəhər xəstəxanasına aparıblar. Milis və digər müvafiq qurumlar artıq hadisə yerində müayinə keçiriblər. Bu zaman 6 ədəd tapança gülləsinin gilizi aşkarlanıb. İrkutsk şəhər Daxili İşlər İdarəsinin və prokurorluğunun əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qatillərdən biri yaxalanıb. O, milliyyətcə erməni olan Samvel Aramelyandır. İrkutsk vilayətində quldurluq edən ermənilərdən ibarət dəstənin üzvü olan S.Aramelyanın çoxdan axtarışda olduğu müəyyənləşib. Belə ki, S.Aramelyan Rusiya və Ermənistanda daha bir neçə ağır cinayət törədib.
İlkin araşdırmalar zamanı məlum olub ki, S.Aramelyanın azərbaycanlılara qarşı cinayəti bununla bitmir. O, 2002-ci ilin martında həmin yerdə daha bir azərbaycanlının qətlə yetirilməsində fəal iştirak edib. Belə ki, həmin ünvanda yaşayan azərbaycanlıların mənzilinə basqın edən ermənilər odlu silahla iki həmyerlimizi qətlə yetiriblər. Sonra isə mənzildə olan pul və qiymətli əşyaları aparıblar. Faktla bağlı cinayət işi qaldırılıb.

İ.XANLARQIZI

Zaqatala-Balakən hadisələrinin daha bir iştirakçısı yaxalandı

2000-2002-ci illərdə Zaqatala-Balakən bölgəsində bir neçə terror hadisəsi törədən dəstənin daha bir üzvü - Gəray Eyyub oğlu Məmmədov həbs edilib. O, uzun müddət Rusiya Federasiyasının ərazisində gizlənib.
Qeyd edək ki, G.Məmmədov 2001-ci ildə keçirilən əməliyyat zamanı öldürülən Hacı Maqomedovun başçılıq etdiyi dəstənin fəal üzvlərindən biri olub. Onun Zaqatala bölgəsində törədilən cinayət hadisələrində xüsusi rolu var. G.Məmmədovun həbs edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Dağıstan milisi ilə birgə əməliyyat keçiriblər. Nəticədə barəsində 2003-cü ilin sentyabrında axtarış elan olunan G.Məmmədov Dağıstanda yaxalanaraq Azərbaycana gətirilib. Hazırda onun qonşu dövlətdə də cinayət törədib-törətmədiyi araşdırılır. Azərbaycanda onun iştirak etdiyi cinayət epizodlarının sayı isə çoxdur. O, həmin bölgədə yaşayan ayrı-ayrı vətəndaşların evlərini qarət etməkdə, hüquq-mühafizə orqanlarının yerləşdikləri inzibati binalara hücumda, adam oğurluğunda, quldurluqda və digər ağır cinayətlərdə günahlandırılır.
Qeyd edək ki, Zaqatala-Balakən bölgəsində törətdiyi cinayətlərə görə axtarışda olanların sayı 10 nəfərdən çoxdur. Onların Gürcüstan və Dağıstan ərazisində gizləndiyi ehtimal edilir. Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunan qrupun 2 üzvü - Əhməd Ömərov və Murad Qurbanovun işi üzrə istintaq yekunlaşıb. Prosesə hakim Şakir Ələsgərov sədrlik edir. Dövlət ittihamçısı həmin şəxslərə cəza istəyib. Prokuror onların hər birinin əməllərinin ağır dərəcəli və ictimaiyyət üçün xüsusi təhlükəli xarakter daşıdığını bildirərək, ömürlük azadlıqdan məhrum edilmələrini xahiş edib. Vəkillər isə məhkəməni bir qədər rəhmli olmağa çağırıblar. Oktyabrın 4-də hökmün elan ediləcəyi gözlənilir.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding