#39(1016) SON XƏBƏR
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Dünya

Tarix

Araşdırma

İş həftəsi

Kriminal

Ədəbiyyat

Sərbəst

Maraq

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

Prezident təqaüdü ilə oxumaq şərəfli məsuliyyətdir
Prezident İlham Əliyevin imzaladığı sərəncam təhsilə dövlət qayğısının növbəti praktik nümunəsidir

Xəbər verildiyi kimi, ölkə başçısı İlham Əliyev sentyabrın 30-da 2004-2005-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü verilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkənin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 100 nəfər tələbənin hər biri 500 min manat məbləğində Prezident təqaüdü alacaq.
Xatırladaq ki, "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" fərman 2001-ci il sentyabrın 3-də ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmışdı. Həmin sərəncama əsasən, hər il ali məktəblərə qəbulda yüksək bal toplamış 25 tələbə 200 min manat məbləğində Prezident təqaüdü alırdı.
Dövlət başçısı İlham Əliyev 30 sentyabrda imzaladığı fərmanla həmin sənədin 1-ci bəndinə dəyişiklik edib. Dəyişikliyə əsasən, Prezident təqaüdü alacaq tələbələrin sayı 4 dəfə, təqaüdün həcmi isə 2,5 dəfə artırılıb. Qeyd edək ki, Prezident təqaüdləri qəbul imtahanlarının keçirildiyi 5 ixtisas qrupu üzrə bərabər sayda (hər qrupa 20 nəfər) bölünüb.
Xatırladaq ki, Prezident İlham Əliyev 2004-cü il aprelin 19-da dövlət büdcəsi hesabına təhsil alan aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə litseylərinin tələbələrinə və şagirdlərinə verilən aylıq təqaüdlərin bir neçə dəfə artırılması barədə sərəncam imzalamışdı. Sərəncama əsasən, 2004-cü il mayın 1-dən etibarən aspirantlar və ali məktəblərdə adlı təqaüd alan tələbələr 100 min, magistr pilləsi üzrə əlaçılar 90 min, bakalavr pilləsi üzrə əlaçılar 70 min manat təqaüd alırlar. Ali məktəblərdə təqaüdün aşağı həddi isə 30 min manat təşkil edir. Bundan əlavə, sərəncama görə, orta ixtisas məktəblərinin əlaçıları 25 min, peşə məktəblərinin və peşə litseylərinin şagirdləri 18 min manat təqaüd alırlar.

Ermənistanın məskunlaşdırma siyasəti beynəlxalq hüquqa ziddir

Erməni qoşunlarının Azərbaycan ərazilərini işğal etdiyi illər ərzində təkcə Laçın rayonunda qanunsuz olaraq 13 min adam yerləşdirilib.

Bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının bəyanatında deyilir. Belə siyasətdə məqsəd regionda demoqrafik vəziyyəti dəyişmək, "Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin nəticələrini möhkəmləndərməkdir".
Bununla erməni tərəfi Müharibə Qurbanlarının Müdafiəsi haqqında 4-cü Cenevrə Konvensiyasının 49-cu maddəsi və 1-ci əlavə protokolunun 85-4 və 85-5-ci maddələrini pozur.
Eyni zamanda qeyri-qanuni köçürmə siyasətini həyata keçirməklə Ermənistan öz qaçqın və məcburi köçkünlərini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməyi qadağan edən AŞPA-nın 1570 (2002) saylı qətnaməsinə də məhəl qoymur.
Ermənistanın bu hərəkəti Azərbaycan əhalisinin öz evlərinə qayıtmasının qarşısını almağa və regionda demoqrafik vəziyyəti süni şəkildə dəyişdirməyə yönəlib. Bəyanatda dünya ictimaiyyəti Ermənistanın bu hərəkətinə adekvat reaksiya verməyə çağırılır.

Milli təhlükəsizlik siyasəti müzakirə olunub

Sentyabrın 30-da Azərbaycan XİN-də milli təhlükəsizlik siyasəti sahəsində işçi qrupunun ilk yığıncağı keçirilib. Yığıncaqda qrupun fəaliyyətinin perspektivləri, əsasnaməsinin hazırlanması və digər məsələlər müzakirə edilib.

İşçi qrupu ölkə prezidentinin sərəncamı ilə yaradılıb. Qrupun qarşısına milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası, hərbi doktrina və digər konseptual sənədlərin hazırlanması vəzifəsi qoyulub. İşçi qrupuna ölkənin yüksək vəzifəli nümayəndələri daxildir. Qrupun fəaliyyətinin əlaqələndirilməsi XİN-ə həvalə edilib. Məlumatı XİN mətbuat xidməti yayıb.

Dəmir yolunda tariflər 50 faiz aşağı salınıb
Buna səbəb Rusiyanın sərhədləri bağlaması olub

Rusiya istiqamətində avtomobil magistralının bağlanması ilə əlaqədar Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDYİ) yükdaşımaların həcmini artırmalı olub. Hazırda gün ərzində Rusiyadan Azərbaycana 50, əks istiqamətə isə 15 vaqon keçir.

ADDYİ-nin rəisi Arif Əsgərovun sözlərinə görə, dəmir yolu yüklərinin günaşırı deyil, gündəlik daşınması üçün Şimali Qafqaz Dəmir Yolu İdarəsi ilə danışıqlar aparılır. O, Bakı-Mahaçkala marşrutu üzrə daşımaların beynəlxalq deyil, daxili daşımalar kimi qəbul olunduğunu və buna görə də qiymətlərin ucuzlaşdığını deyib. Rusiyaya göndərilən kənd təsərrüfatı məhsullarının daşınması məqsədilə Azərbaycan tərəfi tarifləri 50 faiz ucuzlaşdırıb. Rusiyanın da analoji addım atması gözlənilir. Sərnişinlərin sayının artması üzündən qatarlara əlavə vaqonlar qoşulub.
A.Əsgərov ADDYİ ilə bağlı rəsmi rəqəmləri də açıqlayıb. ADDYİ-nin 30 min işçisi var. 2004-cü ilin 8 ayında 9 milyon ton yük daşınıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 200 min ton çoxdur və plana 102 faiz əməl olunması deməkdir. Daşınan yüklərin 7 milyon tonu neftdir. Ötən müddətdə 3 milyon 425 min sərnişin daşınıb. Bu xidmətdən 44 milyard manat vəsait əldə edilib.
A.Əsgərovun sözlərinə görə, "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı beynəlxalq konsorsium yaradılır. Uzunluğu 530 kilometr olan dəhlizin İran Astarası ilə Azərbaycan Astarası arasında 8,3 kilometr dəmir yolu xətti çəkilməlidir. Bunun reallaşması üçün 100 milyard manat vəsait tələb olunur.
İlk 2 ildə bu dəhlizdən 5 milyon ton yük daşınması ehtimal edilir. Sonrakı illərdə isə rəqəmin 20 milyon tona çatdırılması mümkündür. İlk vaxtlar Azərbaycan 7 milyon dollar mənfəət əldə edəcək və 3 ilə qoyduğu vəsaiti çıxaracaq.
Marşrut üzrə MDB dövlətlərindən Rusiya, Belarus, Moldovadan gələn yüklər Azərbaycana, buradan İran vasitəsilə Fars körfəzinə, oradan da Hindistana çıxır. Hindistan, İran və Rusiya protokol imzalayıb. Konsorsiuma Azərbaycanın bu yaxınlarda qoşulması planlaşdırılıb.
A.Əsgərov deyib ki, Bakı-Qars dəmir yolunun açılması ilə əlaqədar protokol imzalanıb. Marşrutun reallaşması 400 milyon dollara başa gələcək. İqtisadi və siyasi əhəmiyyəti olan bu dəmir yolu xətti vasitəsilə yüklərin Avropaya daşınması təmin ediləcək.

İ.XANLARQIZI

Bələdiyyə üzvlüyünə 3662 namizəd qeydə alınıb

Xəbər verildiyi kimi bu il dekabrın 17-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərdə 2.735 bələdiyyəyə 21.645 bələdiyyə üzvü seçilməlidir.
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyevin bildirdiyinə görə, indiyədək 125 seçki dairəsindən 118-nin ərazisində 27.148 nəfər namizədliyini irəli sürmək üçün imza vərəqləri alıb. Artıq onlardan 3.662 nəfər bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınıb.
Onun sözlərinə görə, seçkilər üzrə 125 seçki dairəsindən 118-nin ərazisində bələdiyyə seçkiləri keçiriləcək. "Seçki dairələrinin 7-sinin yerləşdiyi ərazi Ermənistanın işğalında olduğu üçün hələ bələdiyyələr təşkil etmək mümkün deyil"- deyə o qeyd edib.
Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı dairələr üzrə mərkəzləşmiş qaydada ilk dəfə olaraq kompüterlərə yerləşdirilir. Bu barədə Mərkəzi Seçki Komissiyası nəzdindəki "Seçkilər" İnformasiya mərkəzinin direktoru İqbal Babayev bildirib.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding