Qobustan UNESCO-nun
siyahısına gələn il düşə bilər
Xatırlayırsınızsa, bir neçə il öncə daha bir mədəni tarixi sərvətimizin "Ümumdünya Mədəni İrsi" siyahısına daxil ediləcəyi barədə məlumat yayılmışdı. Belə ki, həmin ərəfədə Fransaya səfərə gedən mədəniyyət nazirimiz Polad Bülbüloğlu Qobustanın "Ümumdünya Mədəni İrsi" siyahısına daxil edilməsi ilə bağlı UNESCO rəhbərliyi ilə razılığa gəlmişdi. Qısa zaman ərzində məlum olmuşdu ki, Qobustanın "Ümumdünya Mədəni İrsi" siyahısına daxil olması ilə bağlı lazımi normativlər yerinə yetirilir. UNESCO ekspertləri tarixi abidə ilə tanış olurlar, hər iki tərəfin öhdəlikləri müəyyənləşdirilir. Bir sözlə, bu il Qobustan UNESCO-nun "Ümumdünya Mədəni İrsi" siyahısına salınmalıydı. Belədə Qobustan sözügedən siyahıya düşən 11-ci qayaüstü rəsm qoruğu olacaqdı.
İctimaiyyət bu xəbəri böyük məmnunluqla qarşılamışdı. Çünki məlum məsələdir ki, UNESCO ilə bağlılıq Qobustanı nəinki dünya səviyyəsində tanıtdıracaq, eyni zamanda tarixi abidələr muzeyinin ən yüksək səviyyədə qorunmasına rəvac verəcəkdi. Ancaq bu xəbərin üstündən artıq iki il vaxt keçməsinə baxmayaraq, Qobustanın "Ümumdünya Mədəni İrsi" siyahısına daxil olunması hələ də ləngiyir.
Qobustanın UNESCO-nun "Ümumdünya Mədəni İrsi" siyahısına daxil olunması məsələsinin ləngiməsi səbəblərini aydınlaşdırmaq məqsədilə Mədəniyyət Nazirliyinə müraciət etdik. Məlum oldu ki, UNESCO-nun son toplantısında nazirliyin Abidələrin Bərpası, Qorunması və İstifadəsi Baş İdarəsinin rəisi Rizvan Bayramov da iştirak edib. Tarixi abidənin daha əhatəli elmi araşdırmaya ehtiyacı olduğunu vurğulayan UNESCO rəsmiləri Qobustanın "Ümumdünya Mədəni İrsi" siyahısına daxil olunması məsələsini gələn il müzakirəyə çıxaracaqlarını bildiriblər.
Mədəniyyət Nazirliyindən onu da bildirdilər ki, Suraxanı rayonunda yerləşən Atəşgah məbədinin də məlum siyahıya salınmasında maraqlıdırlar. Belə ki, gələn il Qobustanla bərabər "Atəşgah"ın məsələsi də müzakirəyə çıxarıla bilər. Mədəniyyət Nazirliyindən onu da dedilər ki, çox güman, hər iki abidə ilə bağlı UNESCO-da aparılacaq müzakirənin nəticəsi müsbət olacaq.
Yeri gəlmişkən, Qobustanın UNESCO-nun "Ümumdünya Mədəni İrsi"nə daxil edilməsi məsələsinin gündəmə gəlməsində Dünya Qayaüstü Rəsmləri Arxivinin yaradıcısı və bu məsələ üzrə UNESCO-nun koordinatoru vəzifəsində çalışan Emunel Anatinin müstəsna xidməti var. Bu tarixi abidə haqqında ilk dəfə ona məlumatı Qobustan tarixi bədii qoruğunun direktoru Məlahət xanım verib.
Bu haqda fikirlərini bölüşən Məlahət xanımın söylədiklərindən: "1995-ci ildən etibarən hər il Emunel Anatiyə bu haqda məktub yazırdım. Təəssüf ki, Emunel Anati yalnız bir neçə il sonra - 2000-ci ildə Qobustanla tanış oldu. Və Azərbaycana təşrif buyuran Emunel Qobustana qədəm qoyanda heyrətə gəldi. Emunel o qədər təsirlənmişdi ki, birinci mağaraya girən kimi bizdən xahiş elədi ki, ona stul versinlər. Biz stul gətirdik, bir qədər əyləşib nəfəs alandan sonra dedi ki, mən indi başa düşdüm ki, Qobustana gec gəlməkdə nə qədər böyük səhvə yol vermişəm. Qobustan dünyanın ən qədim və ən vacib yerlərindən biridir".
Azərbaycandan qayıdan Emunel elə həmin il Avropa Birliyinin xətti ilə İtaliyanın Milan şəhərində böyük fotosərgi nümayiş etdirir. Və bu fotosərginin böyük bir hissəsi Qobustan təsvirlərindən ibarət olur.
Fürsətdən istifadə edib, Qobustanın tarixinə də nəzər salaq.
Böyük Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasındakı qobu və yarğanlarla zəngin ərazi Qobustan adlanır. Daha dəqiq desək, Qobustanın ərazisinə Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqardağ, Şıxqaya kompleksləri daxildir. Qoruqda 6 mindən çox qayaüstü rəsm əsəri, 10-dan çox daş, tunc dövrlərə, antik və orta əsrlərə aid düşərgə və yaşayış məskənləri qeydə alınıb. Qobustan qayaüstü təsvirlərinin mövzuları rəngarəngdir. Qayaüstü təsvirlərin inkişaf mərhələləri şəkillərin mövzu müxtəlifliyində, üslubunda, döyülmə texnikasında özünü büruzə verir. Qobustan təsvirləri üçün əsasən öndən, yandan barelyefin əksi kimi, silueti qazılmış qadın və kişi şəkilləri səciyyəvidir. Bundan başqa, vaxtilə bu ərazidə yaşamış bütün heyvan növləri - öküz, keçi, gur, maral, ceyran, it və s. şəkillər Qobustan təsvirlərində yer alıb. Qobustanda aparılan tədqiqatlar zamanı külli miqdarda arxeoloji materiallar - əmək alətləri, ov silahları, bəzək və məişət əşyaları tapılıb.
Nəzərinizə çatdıraq ki, Qobustan qayaüstü təsvirlərini ilk dəfə qocaman arxeoloq, mərhum İshaq Cəfərzadə üzə çıxarıb. Bu, 1939-ci ilə təsadüf edib. Elə həmin ildən etibarən onun rəhbərliyi ilə Qobustanda tədqiqat işlərinə başlanılıb.
1940-ci ildən 1965-ci ilə ilə qədər apardığı tədqiqatlar zamanı İshaq Cəfərzadə 750 daş üzərində 3500-dən çox qədim şəkilləri aşkarlayıb. Ümumiyyətlə, ötən illər ərzində Qobustan daim tədqiqatçıların diqqət mərkəzində olub. Hərçənd son illər bu sahədə bir qədər laqeydlik hiss olunur.
Yeri gəlmişkən, dünyada 50 milyona yaxın qayaüstü rəsm əsəri var. Ən müxtəlif dövrləri əhatələyən bu qayaüstü rəsm əsərlərinə Sibirdən tutmuş Avropanın ən ucqar bölgələrinə qədər hər yerdə təsadüf olunur. Rəsm əsərlərinin sayının milyonlarla ölçülməsinə baxmayaraq, paleolit dövrünə aid olanlar barmaqla sayılır. Bu dövrün qayaüstü rəsm əsərləri yalnız Fransada, İtaliyada, Portuqaliyada, İspaniyada, Avstraliyada, Afrikada və Rusiyada - Sibirdə qeydə alınıb.
Dünyanın ayrı-ayrı məkanlarında təsadüf olunan qayaüstü rəsm əsərləri arasında fərqi nəzərdən keçirən mütəxəssislərin fikrincə, bu fərq ciddi deyil. Onların sözlərinə görə, hətta bəzi qayaüstü rəsm əsərləri arasında nəzərəçarpacaq oxşarlıq var. Belə ki, qayaüstü təsvirlərin texniki üslubu, mövzusu bəzən üst-üstə düşür. Məsələn, Qobustanın ən qədim rəsm əsəri sayılan qadın təsviri Avropanın qədim mədəniyyət incilərindən sayılan Veneranı xatırladır. Mütəxəssislər hesab edirlər ki, Ukrayna ərazisində tapılan başsız qadın heykəlcikləri də bu qəbildəndir.
Qobustanın yaşına gəlincə, xatırladaq ki, onu ilk dəfə üzə çıxaran və tədqiq edən İshaq Cəfərzadə bu abidənin ən qədim təsvirlərini mezolit dövrünə - bizim eradan əvvəl XII-VIII minilliyə aid edib. Sonrakı illərdə aparılan tədqiqatlar zamanı aydın oldu ki, Qobustanın kökləri daha qədimdir.
Abildənin bugünkü durumuna gəlincə, Qobustan tarixi bədii qoruğunun direktoru Məlahət xanımın fikrincə, Qobustan qayaüstü rəsmləri ilə bağlı bəzən yanlış xəbərlər söylənilir. "Qobustan təsvirləri məhv olur, silinir" və bu kimi digər fikirlərin əsassız olduğunu vurğulayan müsahibim bildirdi ki, abidənin ümumi vəziyyəti qənaətbəxşdir. Sadəcə, dünyanın hər yerində olduğu kimi, Qobustanın qorunmasında da bəzi problemlər mövcuddur. "Əsas problem nədir? Təbii ki, qayaüstü rəsm əsərlərinin konversasiyası. Bilirsiniz ki, bu, ən çətin və ən mürəkkəb işdir. Son dərəcə spesifik olan konversasiya işi ilə dünya üzrə yalnız bir neçə mərkəz məşğul olur. Konversasiya qayaüstü rəsm əsərinin lazımi örtüklə üzlənməsidir".
Ümid edək ki, UNESCO sayəsində bu problemlər öz həllini tapacaq.
Sevinc RƏHİMOVA
|