BMT-nin Əhali Fondu hesabat verdi
Yaxın onilliklərdə Cənubi Qafqazda
əhali artımı yalnız Azərbaycanda müşahidə ediləcək
BMT-nin Əhali Fondu "2004-cü ildə dünya əhalisi" adlı hesabatını açıqlayıb. Sənəddə Azərbaycan keçid iqtisadiyyatı ölkələrinin sırasına daxildir. Burada respublikamızın əhali tərkibi və onunla bağlı proqnozlar öz əksini tapıb. Siyahıda Azərbaycan risk ölkələri qrupuna aid edilməyib.
Qeyd edək ki, hesabatı Beynəlxalq Əhali Araşdırmaları Bürosu (PRB) hazırlayıb. Burada illik hesabat və yaxın onilliklər üçün proqnoz dərc edilib. Sənəddə bildirilir ki, planet əhalisinin sayı 45 faiz artaraq 9,3 milyard nəfərə çatacaq. İnkişaf etmiş ölkələrin əhalisinin sayındakı artım faizi çox aşağı olacaq (4 faiz). Bu, həmin ölkələrin əhalisinin sayının 1,2 milyard nəfərə çatması deməkdir. Yalnız ABŞ istisna təşkil edəcək. Həmin ölkənin əhalisinin sayı əsrin ortalarınadək 43 faiz artaraq 420 milyon nəfərə çatacaq. Qeyd edək ki, hazırda ABŞ-da 293 milyon nəfər yaşayır. İnkişaf etməkdə olan ölkələrdə demoqrafik "bum" gözlənilir. Onların əhalisinin sayı 55 faiz artaraq 8 milyardlıq göstəricini keçəcək. Ən çox artım Afrika və Cənubi Asiyada müşahidə olunacaq. Pakistanda 70 faizlik əhali artımı gözlənilir. Bu ölkənin əhalisi 2050-ci ildə 189 milyon nəfər olacaq. Amerikalı mütəxəssislərin fikrincə, Yaponiyada əhalinin 20 faiz, Rusiyada 17 faiz, İtaliyada 10 faiz, Almaniyada 9 faiz azalacağı gözlənilir. Türkiyə əhalisinin 2050-ci ildə 97,5 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Qeyd edək ki, hazırda Türkiyə əhalisi 71,3 milyon nəfərdir. Hesabatda göstərilir ki, hazırda 8,4 milyon nəfər olan Azərbaycan əhalisi 2025-ci ildə 9,7 milyona, 2050-ci ildə isə 10,9 milyon nəfərə çatacaq. Əhalinin orta təbii artım səviyyəsi 0,9 faiz olacaq. Doğumun səviyyəsi ildə 3-5 faiz aşağı düşür. Tibbi personalın iştirakı ilə baş verən doğuşlar 84 faiz təşkil edir.
Sənədə görə, yaxın onilliklərdə Cənubi Qafqazda əhalinin artımı yalnız Azərbaycanda olacaq. Ermənistan əhalisi 2050-ci ilədək 700 min nəfər azalaraq 2,5 milyon nəfər təşkil edəcək. Gürcüstan öz genofondunun az qala üçdəbirini itirə bilər. Hazırda 4,5 milyon sakini olan Gürcüstanda 46 ildən sonra vur-tut 3,1 milyon nəfər yaşayacaq.
Azərbaycanda hər 1000 nəfərə düşən doğum payı 14, ölüm payı 6 təşkil edir. Azərbaycanda uşaq ölümü faizi 13 faizdir. Xatırladaq ki, bu göstərici Ermənistan və Gürcüstanda müvafiq olaraq 36 və 24 faizdir. Əhalinin 29 faizini yaşı 15-dən az olanlar, 6 faizini yaşı 65-dən artıq olanlar təşkil edir. Azərbaycanda əhalinin orta yaş göstəricisi 72-dir. Orta statistik qadının yaşı 75, kişinin yaşı isə 69-dur.
Hesabata əsasən, bəzi rəhbər orqanlar tibbi məlumat və xidmətlərdən düzgün istifadə etmirlər. Bu isə əhalinin sağlamlığını yüksəltmək məqsədilə müvafiq tədbirlərin görülməsinin qarşısını alır. Maddi imkanı olmayan qadınlar daha gənc yaşlarında doğur və onların uşaqlarının sayı çox olur. İnkişaf etmiş ölkələr təbii artımın qarşısını alaraq, cəmiyyətdə yoxsulluğun azalmasına nail olmağa çalışıblar. Əhalinin sürətlə artması ekoloji streslərin, nəzarət edilməyən urbanizasiyanın, yoxsulluğun şəhər və kəndlərdə miqyasının artmasına səbəb olub. Urabanizasiya problemi Azərbaycandan da yan keçməyib. Əhalinin 50 faizi şəhərdə məskunlaşıb. Şəhər əhalisinin artımı isə 0,6 faiz təşkil edib. Əhalinin 78 faizi içməli su ilə təmin olunub.
Xarici yardımlardan Azərbaycanda adambaşına 1887 dollar, Ermənistanda 3 min 721 dollar düşür. Hesabatla bağlı təqdimat mərasimi keçirən Azərbaycanda Regionların İnkişafı Mərkəzinin direktoru Çingiz İsmayılov bildirib ki, "Neomaltuzyan" təliminə görə hər 50 ildən bir müharibə və ya qarşısıalınmaz xəstəliklər yaratmaqla əhali artımının qarşısı alınmalıdır. Hazırda Çində yeni sağalmaz virusun yayılması ehtimalı böyükdür. Lakin mütərəqqi beynəlxalq təşkilatlar əhali sayının "bum" səviyyəsinə çatmasının qarşısını almaq üçün əhalinin planlaşdırılması təklifini irəli sürürlər.
İ.XANLARQIZI
Bakıda əmək yarmarkası keçirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin təşkilatçılığı ilə sentyabrın 29-30-da Bakı İdman Sarayında əmək yarmarkası keçirilib.
Qeyd edək ki, 1997-ci ildən keçirilən əmək yarmarkalarında hər il minlərlə insan öz peşəsinə uyğun iş yerləri ilə təmin olunur. Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin sözlərinə görə, bu il 53 şəhər və rayonda keçirilən əmək yarmarkalarında 4 min iş yeri təqdim edilib. Bununla yanaşı yarmarkalarda iştirak edən 400 gənc peşə hazırlıq kurslarına cəlb olunub. Həmçinin adamların işə qəbul olunması və təbliğat məsələsində məşğulluq idarələrinin fəallığı da müşahidə edilir. Məhz bu səbəbdən də sonuncu əmək yarmarkası əhatə dairəsinin genişliyinə görə əvvəlkilərdən ciddi fərqlənir. Belə ki, ötən il özəl sektora aid təqdim olunan iş yerləri 41 faiz təşkil edirdisə, bu dəfə həmin göstərici 60 faizə çatdırılıb. Nazir vurğulayıb ki, indiki yarmarkada əhaliyə 5 min iş yeri təqdim olunur. Ali təhsillilərin 40 faizinin, müxtəlif peşə sahiblərinin isə 60 faizinin işlə təmin ediləcəyi gözlənilir. Onun sözlərinə görə, ötən il iş axtaranlara təqdim olunan vakant yerlərdə orta aylıq əməkhaqqı 361 min manat idisə, builki məbləğ 489 min manat təşkil edir. Yarmarkada təklif olunan iş yerlərində minimum əməkhaqqı isə 3 dəfə artaraq 150 min manata çatıb. Qeyd edək ki, yarmarkada nüfuzlu dövlət orqanları ilə yanaşı 44 xarici şirkət də 200 iş yeri ilə təmsil olunur. Ölkədə əmək yarmarkalarının 1997-ci ildən bəri keçirildiyini xatırladan Ə.Nağıyev bildirib ki, nazirliyin BMT-nin İnkişaf Fondu ilə apardığı araşdırmalara əsasən, hazırda respublikada 400 min işsiz var. Lakin onlardan cəmi 50 min nəfəri məşğulluq xidməti orqanlarında qeydiyyatdan keçərək işsiz statusu alıb. Onun sözlərinə görə, respublikada rəsmi işsizlərin sayı ölkə əhalisinin 10 faizini təşkil edir: "Əslində bu göstərici narahatlıq doğuracaq səviyyədə deyil. Məsələn, İtaliyada işsizlərin sayı 14 faiz təşkil edir. Mənə elə gəlir ki, bu tədbirin əhəmiyyəti ondadır ki, iş axtaranlar öz potensiallarını biləcəklər. Təcrübə də göstərir ki, yarmarkalarda təqdim olunan vakant iş yerlərinin 30 faizi dolur. Bu dəfə iş yerlərinin təqribən 1500-ü tutulacaq".
Yeri gəlmişən, Ə.Nağıyev ixtisaslı kadrların hazırlıq səviyyəsindən narazılığını da dilə gətirib. Onun sözlərinə görə, ali məktəblərin 10 il əvvəlki məzunları öz peşəsində lazımi səviyyədə işləyə bilmir: "Hazırkı məzunların əksəriyyəti isə işə qəbul üçün tam yararsızdır. Bütün valideynlər diplom axtarır, ancaq başa düşmürlər ki, onların övladları savadsız olduğuna görə heç yerdə işləyə bilməyəcəklər".
E.SALAHOV
"BAKUTEL-2004"
sərgisi başa çatır
Heydər Əliyev adına İdman və Konsert Kompleksində Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi ("BAKUTEL-2004") keçirilir. Sentyabrın 29-da dövlət rəsmilərinin iştirakı ilə başlanan 10-cu yubiley sərgisi bu gün öz işini başa çatdıracaq.
Qeyd edək ki, "BAKUTEL-2004" sərgisinə qatılanların sayı əvvəlki illərə nisbətən xeyli artıb. 10-cu yubiley sərgisində 16 ölkədən olan 92 şirkət öz məhsullarını və xidmət növlərini iştirakçılara təqdim edib. Ümumiyyətlə isə son on ildə telekommunikasiya və informasiya texnologiyaları sərgilərində dünyanın 26 ölkəsindən 400-dən çox şirkət iştirak edib.
Sərginin açılış mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, "BAKUTEL-2004" sərgisinin təşkili, sərgi çərçivəsində aparılan müzakirələr ölkədə informasiya texnologiyaları sahəsində yeni uğurların qazanılmasına kömək edəcək. O, tədbirə qatılan şirkətlərin 60 faizinin yerli kompaniyalar olduğunu bildirərək, bunu ölkə iqtisadiyyatının uğuru kimi dəyərləndirib.
Qeyd edək ki, sərginin ümumi ekspozisiya sahəsi ötən illə müqayisədə 70 faiz artıb. Şirkətlərdən 31-i isə bu sərgiyə ilk dəfə qatılır. Sərginin ikinci günündə "Avropa" otelində elektron hökumət, elektron bankçılıq və informasiya texnologiyalarının təhsildə tətbiqinə dair "dəyirmi masa" da keçrilib.
|