Dövlətçiliyi
qoruyan qətiyyət
10 il öncə müstəqil Azərbaycan dövləti
məhz Heydər Əliyevin siyasi qətiyyəti və
bacarığı sayəsində xilas edildi
1994-cü ilin 3-5 oktyabrında meydana gələn olaylardan 10 il ötür. Azərbaycan dövlətçiliyini növbəti qiyam və çevriliş cəhdi ilə təhdid edən bu hadisələrin mahiyyəti, nəticəsi və yeni tariximizdə tutduğu yer bəllidir. Bu baxımdan həmin olayların dərindən incələnməsinə, xüsusi olaraq araşdırılmasına, zənnimizcə, gərək də yoxdur.
Bununla belə, 10 il öncə baş verənlərin yaxın tariximizin bir mərhələsi kimi xatırlanmasına və həmin hadisələrdə Azərbaycan dövlətçiliyinin necə qorunduğunu bir daha vurğulanmasına gerçəkdən ehtiyac var. Çünki bu, Azərbaycan Respublikasının müstəqillik və dövlətçilik yolunun ən əlamətdar tarixlərindən biridir. 1994-cü ilin oktyabrında Azərbaycan dövlətçiliyi ən ağır sınaqlardan biri ilə üzbəüz qalmışdı və Heydər Əliyevin liderlik etdiyi dövlət bu sınaqdan şərəflə çıxdı. Azərbaycan dövlətçiliyinin sonrakı taleyi və ötən 10 ildə keçdiyi inkişaf yolu məhz həmin tarixi imtahanın nəticələrindən çox asılı idi. Həmin olaylar dövlət təəssübkeşliyinin, dövləti qorumaq, hifz etmək bacarığının, siyasi rəhbər iradəsinin sınağa çəkildiyi günlər idi.
Bu tarix həm də ona görə diqqətlə xatırlanmalıdır ki, məhz 1994-cü ilin 3-4 oktyabrında ilk dəfə olaraq ölkədə qiyam və çevriliş yolu ilə hakimiyyətə gəlmək cəhdinin önü qətiyyətlə alındı. Təsadüfi deyil ki, 1994-cü ilin oktyabrından sonra dövləti çevriliş və qiyamlarla silkələmək istəyənlərin bütün cəhdləri Heydər Əliyev dövlətçiliyinin mətanət və qüdrəti qarşısında iflasa uğradı,
...Sözsüz ki, 1994-cü ilin oktyabrında baş verənlər həmin günlərin "məhsulu" deyildi. Azərbaycan dövlətinə qarşı çıxıb silah gücü ilə hakimiyyətə gəlmək istəyənlər də təzə simalar deyildi. 1993-cü ilin iyununda AXC hakimiyyətinin qoparağını götürən və hadisələrin məlum gedişatı nəticəsində baş nazir vəzifəsində əyləşməyə müvəffəq olan "polkovnik" Surət Hüseynov düşünürdü ki, budəfəki qiyam nəticəsində ölkənin əsas postuna sahib olacaq. Ancaq bu dəfə Azərbaycan dövlətini oyuncaq sanmaqda böyük səhvə yol vermişdi. Çünki dövlətin rəhbərliyində 1993-ün iyunundakı qorxaq liderlər "komandası" yox, xalqın və dövlətin gerçək lideri - Heydər Əliyev dayanmışdı.
Dövlət çevrilişinə cəhd üçün məhz oktyabrın 3-nün seçilməsi də təsadüfi deyildi. Bir il öncə, yəni 1993-cü ilin 3 oktyabrında Heydər Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin səsi ilə dövlət başçısı seçilmişdi. Surət Hüseynov və havadarları güman edirdilər ki, Heydər Əliyevin prezidentliyi ən çoxu bir il sürə bilər və onu devirməyin vaxtıdır. Ancaq bu, gerçək dövlət rəhbərliyinin, siyasi əzm və cəsarətin nə olduğunu yuxularında belə görməyən biveclərin xam xəyallarından başqa bir şey deyildi.
1994-cü ilin oktyabr olayları geniş mənada Azərbaycanda dövlət quruculuğunun ilk praktik uğurlarının önünü kəsməyə yönəlmiş bir cəhd idi. Cəmisi iki həftə öncə Azərbaycan "Əsrin müqaviləsi"ni imzalayaraq strateji inkişaf yoluna qədəm qoymuşdu. Təsadüfi deyil ki, artıq tarixi mərasimin səhərisi günü Surət Hüseynov siyasi girovuna çevrildiyi xarici qüvvələrin sifarişi ilə faktiki çevriliş cəhdinə baş vurmuşdu. Onun göstərişi ilə MTN-in təcridxanasından dövləti cinayətlərə görə həbs edilmiş şəxslərin (Baba Nəzərli, Rəhim Qazıyev, Ələkrəm Hümbətov) "qaçırılması" baş verdi. Bu şəxslər artıq baş nazir kreslosuna "sığışmayan" S.Hüseynovun gələcək komandasında əsas simalardan olmalı idilər.
Sentyabrın 24-də televiziya ilə xalqa müraciət edən Heydər Əliyev Azərbaycanın müstəqilliyi və dövlətçiliyi ilə oynamağa cəhd edən qüvvələri sonuncu dəfə xəbərdar etmiş, əks təqdirdə dövlətin gərəkən gücü nümayiş etdirəcəyini bildirmişdi. Lakin qarşı tərəf bu xəbərdarlıqdan nəticə çıxarmadı, əksinə, sentyabrın 29-da vitse-spiker Afiyyəddin Cəlilovun və prezident yanında Xüsusi İdarənin başçısı Şəmsi Rəhimovun qətlə yetirilməsi dövlət çevrilişinə hazırlığın növbəti halqası idi.
Xatırladaq ki, həmin günlər Heydər Əliyev ölkədə deyildi. Dövlət başçısı BMT-nin 49-cu sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka getmişdi. Sentyabrın 30-da prezident A.Cəlilovun və Ş.Rəhimovun vəhşicəsinə qətlə yetirilməsi ilə əlaqədar bəyanat verərək bu terrorçuluq aktını son vaxtlar Azərbaycanın müstəqilliyi əleyhinə yönəlmiş cinayətlərin yeni bir həlqəsi kimi xarakterizə etmişdi.
Prezident bu hadisələrin arxasında duranların ölkədə süni qarşıdurma və vahimə əhval-ruhiyyəsi yaratmaq, son nəticədə ölkənin siyasi və iqtisadi müstəqillik yolundan döndərmək məqsədi güddüklərini bildirmişdi. "Lakin bu qüvvələr əmin olmalıdırlar ki, Azərbaycan dövləti öz suverenliyini qorumaq üçün kifayət qədər gücə və hər cür imkanlara malikdir və bu cür satqın və xəyanətkar hərəkətlərin qarşısını almaq üçün lazım olan ən qəti tədbirlər görəcəkdir" - deyə Heydər Əliyev bəyan etmişdi. Həqiqətən də belə oldu. Oktyabrın 2-də ölkə başçısı Bakıya qayıdanda hadisələr kritik həddə cərəyan edirdi. Xətai rayonunun prokuroru Mahir Cavadov qardaşı Rövşən Cavadovun komandanlığı altında olan Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup silahlısı ilə Respublika Prokurorluğuna basqın etmişdi. Vəziyyət partlayış həddində idi.
Oktyabrın 3-də Heydər Əliyev televiziya ilə yenidən xalqa müraciət edərək hadisələri dinc yolla sahmanlamağa tərəfdar olduğunu bildirdi, qarşı tərəfi də buna çağırdı. Prezident Rövşən və Mahir Cavadov qardaşlarını və onların havadarlarını (ilk növbədə hakimiyyət ierarxiyasında ikinci postu tutan S.Hüseynovu) dövləti təhdid etmək niyyətlərindən əl çəkməyə çağırdı, əks təqdirdə qəti addımların atılacağını bildirdi. Oktyabrın 4-də Heydər Əliyev dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlarına müraciət edərək birbaşa xaricdən yönəldilən qüvvələrin silahlı qiyam yolu ilə dövlət çevrilişi etməyə cəhd göstərdiklərini bildirdi, onları Azərbaycanın qanuni rəhbərliyini, ölkənin müstəqillik və suverenliyini qorumaq, zorakılıq və irticanın təntənəsinə yol verməmək naminə bütün imkanlardan istifadə etməyə çağırdı.
Heydər Əliyev, siyasi həyatının bütün dövrlərində olduğu kimi, bu hadisələrdə də ilk növbədə xalqın köməyinə arxalanırdı. Oktyabrın 4-də axşamdan xeyli keçmiş Heydər Əliyev televiziya və radio ilə növbəti dəfə xalqa müraciət etdi. O, dövlətçiliyimizin bu ağır dəqiqələrində xalqı ayağa qalxmağa, fəaliyyət göstərməyə çağırdı. Məhz bu çağırışa verilən cavab Azərbaycan rəhbərinin xalq arasında hansı inama və etimada malik olduğunu təsdiqlədi. Yüz minlərlə insan onun çağırışına səs verərək gecəyarısı Prezident sarayının qarşısına toplaşdı. Oktyabrın 4-dən 5-nə keçən gecə Prezident Sarayının qarşısında başlanan və on minlərlə insanın iştirak etdiyi möhtəşəm mitinq səhərədək davam etdi. Xalqın öz liderinə belə dəstəyini görən və bu iradənin qarşısında gücsüz olduqlarını anlayan Cavadov qardaşları dövlət çevrilişinə cəhd edənlərin sırasından çəkilməyə məcbur oldular.
Amma Surət Hüseynov bu gerçəyi anlamamışdı və Gəncədə dövlət çevrilişinə baş vurmuşdu. Və yanılmışdı. Çünki artıq zaman 1993-cü ilin iyunu deyildi, Azərbaycan dövlətinin sükanı da qətiyyətli əllərdə idi. Heydər Əliyev vəziyyəti dinc yolla sahmanlamaq üçün maksimum səy göstərdi və ən sonda dövlətçiliyi müdafiə etmək üçün qəti addım atmaq məcburiyyətində qaldı. Aparılan zəruri əməliyyat tezliklə və uğurla başa çatdı. Gəncədə dövlət çevrilişi etmiş adamların bir qismi yaxalandı, bəziləri qaçdı. Amma onlar da uzaq gedə bilmədilər. Hüquq-mühafizə orqanları başda Surət Hüseynov olmaqla onları bir-bir ələ keçirdi.
Həmin gecə keçirilən əməliyyatda Azərbaycan Ordusunun 3 gənc hərbçisi həlak oldu. Bu əməliyyat göstərdi ki, Azərbaycan dövləti onu təhdid edən istənilən təxribatın, qiyamın qarşısını almaq gücündədir. Prezidentin fərmanı ilə dövlət çevrilişi cəhdinin qarşısının alınmasında böyük fədakarlıq göstərmiş hərbi komandirlər - Rövşən Əkbərov, Natiq Məmmədov və Elnur Nuriyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldülər. Bir qrup hərbi qulluqçu "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.
Oktyabrın 5-də gündüz Azadlıq meydanında xalqın prezident Heydər Əliyevi dəstəklədiyini əks etdirən ümumrespublika həmrəylik mitinqi keçirildi. İştirakçılar tərəfindən hərarətlə qarşılanan Heydər Əliyevi mitinqdəki çıxışında ona dəstək verən xalqa "Mən xalqa həmişə ümid bəsləmişəm, həmişə də xalqa güvənmişəm. Xalqın nə qədər qüdrətli və müdrik olduğunu daim yəqin etmişəm.
Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişin qarşısını almağa, ölkəmizin daxili ictimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Qoy hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcək" - deyə müraciət etdi.
Heydər Əliyev bəyan etdi ki, Azərbaycan dövlətçiliyini məhv etmək istəyənlər onun həyatını da hədəf almışdılar, lakin bu yolla bir şeyə nail olmayacaqlar: "Mən Azərbaycanın müstəqilliyi uğrunda, Vətənimizin suverenliyi uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda var qüvvəmlə çalışmışam və heç bir terrordan, heç bir hədə-qorxudan vahiməyə düşüb geri çəkilməyəcəyəm".
Təsadüfi deyil ki, Azərbaycan rəhbərinin bu qətiyyəti dünyanın böyük ölkələrində, dünya ictimaiyyətində təqdir edildi. ABŞ və Rusiyadan qardaş Türkiyə və qonşu İranadək əksər dövlətlərin başçıları Azərbaycan liderinin qətiyyətini, dövlətçilik yanğısını və milli qeyrətini alqışladılar. Bütün bunlar Azərbaycan rəhbərinin xalqına, millətinə arxalanması sayəsində mümkün olmuşdu. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ilin hər gününü məhz bu dəstəyə və etimada güvənərək onun müstəqilliyini dönməz edib, dövləti inkişaf və tərəqqi yoluna çıxarıb. Və bu gün də həmin dövlət Heydər Əliyev ideallarına sadiq şəkildə yaşayır, möhkəmlənir...
Vüqar Orxan
P.S əvəzi:
Heydər Əliyev siyasəti təmkin, uzaqgörənlik və qətiyyət kimi zəruri keyfiyyətlərlə yanaşı, humanistliyi ilə də milyonların dəstəyini qazanmışdı.
Məhz bu humanistliyin nəticəsi idi ki, müxtəlif illərdə Azərbaycanın suverenliyinə, müstəqilliyinə qarşı çıxmış, dövlətə qarşı silah qaldırmış şəxslərin böyük qismini dövlət başçısı cəza müddətləri başa çatmamış əfv etmişdi. Nəzərə alsaq ki, ağır dövləti cinayətlər törətmiş bu şəxslərin bir qismi adekvat cəzaya - ölüm hökmünə, sonradan isə ömürlük həbsə məhkum edilmişdilər, ümummilli liderimiz əfv fərmanları ilə onlara ikinci həyat bəxş etmiş olurdu.
Təkcə 2003-cü ildə 118 belə məhkum azadlığa çıxmışdı və onların təxminən üçdə biri - 35 nəfəri məhz 1994-cü ilin oktyabrında dövlət çevrilişi cəhdində iştirak etmiş şəxslər idi. Heydər Əliyev həmin şəxslərə yenidən başladıqları ömür yolunu xeyirli işlərə həsr etmək, Azərbaycanın, doğma dövlətimizin rifahlı sabahı naminə çalışmaq şansı verdi.
Ümummilli liderimizin humanist siyasəti bu gün də davam edir. Prezident İlham Əliyevin 2003-cü ilin dekabrından etibarən imzaladığı 4 əfv fərmanı ilə onlarla dövləti cinayət məhbusu azadlığa buraxılıb. O cümlədən 1994-cü ilin oktyabr olaylarının "əsas qəhrəmanı" S.Hüseynov 2004-cü ilin 17 martında ömürlük həbs cəzasından əfv edilib.
Azərbaycanın yeni rəhbəri ölkədə milli barışığın daha da gücləndirilməsinə, keçmişdə olmuş ədavətlərin tarixdə qalmasına tərəfdar olduğunu dəfələrlə bəyan edib: "Mənim üçün hər bir vətəndaş əzizdir. Mən keçmişlə bu günün arasında görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvlər olub, Azərbaycan vətəndaş müharibəsi həddində olub. Mən cinayət törətmiş şəxsləri də azad etmişəm və Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsinin aradan götürülməsini istəyirəm. Çünki qarşımızda yeni vəzifələr durur, ölkəmizi inkişaf etdirməliyik...".
|