Prezidentin Buxarest və Moskvaya səfəri gözlənilir
Oktyabrın 11-12-də Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri planlaşdırılıb.Bu barədə Prezidentin İcra Aparatından məlumat veriblər.
Səfər Rumıniya prezidenti İ.İliyeskunun dəvəti ilə gerçəkləşəcək. Səfər çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlığın bütün sahələrinə dair bir sıra məsələlər müzakirə ediləcək. Səfərin yekunları üzrə bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Hazırda səfər proqramı və sənədlər paketi üzərində iş gedir.
Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya oktyabrın 19-da həyata keçiriləcək səfəri isə Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti qurultayında iştirak etmək məsqədi daşıyır. Bu barədə məlumatı DAK-dan veriblər.
İlham Əliyev "Röyter"ə
müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən "Röyter" Agentliyinin MDB üzrə bürosunun rəhbəri Conatan Teççerə müsahibə verib.
Dövlət başçısı müsahibə zamanı ölkəmizdə siyasi-iqtisadi və digər sahələrdə əldə olunmuş inkişaf, Ermənistanın Azərbaycana təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı çoxsaylı suallara ətraflı cavab verib.
Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsi mətbuatda dərc olunacaq.
Dövlət başçısının
Rumıniyaya
rəsmi səfəri gözlənilir
Oktyabrın 11-12-də Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri planlaşdırılıb.Bu barədə Prezidentin İcra Aparatından məlumat veriblər.
Səfər Rumıniya prezidenti İ.İliyeskunun dəvəti ilə gerçəkləşəcək. Səfər çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlığın bütün sahələrinə dair bir sıra məsələlər müzakirə ediləcək. Səfərin yekunları üzrə bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Hazırda səfər proqramı və sənədlər paketi üzərində iş gedir.
Oktyabrın 7-8-də Buxarestdə I Rumıniya-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək. Toplantıda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Prezident DAK-ın
qurultayında
iştirak edəcək
Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya oktyabrın 19-da həyata keçiriləcək səfəri Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti qurultayında iştirak etmək məsqədi daşıyır. Bu barədə məlumatı DAK-dan veriblər.
Oktyabrın 19-20-də keçiriləcək qurultay zamanı qurumun fəaliyyət istiqamətləri müzakirə ediləcək. Tədbirdə müxtəlif ölkələrdən nümayəndələr iştirak edəcək və Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində təkliflər dinləniləcək.
AŞ Nazirlər Komitəsinin sədri Bakıya gələcək
Avropa Şurası Nazirlər Komitəsinin sədri, Norveç XİN-in başçısı Yan Petersen oktyabrın 7-14-də Cənubi Qafqaz ölkələrində səfərdə olacaq. Səfərdə məqsəd regionda vəziyyətlə tanışlıqdır. Qonaq oktyabrın 12-13-də Azərbaycanda olacaq. Bu barədə İnsan Haqları və Demokratiyanın İnkişafı Fondunun həmsədri Rəna Sadəddinova məlumat verib.
Hava şəraiti pisləşəcək
Bu gün axşamdan başlayaraq ölkə ərazisində hava şəraiti pisləşməyə başlayacaq. Yağış və şimşək çaxması ilə müşayiət olunan qeyri-sabit hava şəraiti oktyabrın 8-dək davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Departamentinin proqnozlar Bürosundan məlumat verilib.
Həmin müddətdə şimal-qərb küləyi güclənəcək, havanın temperaturu 3-8 dərəcə enəcək. Bakıda və Abşeronda da yağıntı gözlənilir. Havanın temperaturu +17 +20 dərəcəyə enəcək, gecə saatlarında +12 +14 dərəcə olacaq. Ümumilikdə, oktyabrda hava ayrı-ayrı günlər istisna olmaqla iqlim normasına yaxın olacaq.
Erməni deputatlar
NATO PA-nın Bakı
seminarına qatılacaqmı?
NATO Parlament Assambleyasının Bakıda keçiriləcək seminarında ermənilərin iştirakı Milli Məclisin mövqeyindən asılıdır. Bu fikirlə çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimovun sözlərinə görə, əgər parlament etiraz etsə, deməli ermənilər bu tədbirdə iştirak etməyəcək. A.Əzimovun fikrincə, NATO-nun "Sülh naminə tərəfdaşlıq" təlimlərinin ləğv edilməsi qurumla Azərbaycanın əməkdaşlığına xələl gətirməyəcək. Xarici işlər nazirinin müavini hesab edir ki, ikitərəfli əməkdaşlığın inkişafı üçün Azərbaycanda NATO tədbirlərinin keçirilməsi vacibdir.
Öz növbəsində Milli Məclisin Sədri Murtuz Ələsgərov jurnalistlərlə söhbət zamanı NATO PA-nın noyabrın 26-da Bakıda keçirilməsi nəzərdə tutulan seminarında erməni parlamentarlarının iştirakına etiraz etmədiyini bildirib. Spikerin sözlərinə görə, seminarda iştirak üçün 30-dan çox ölkənin nümayəndəsi Azərbaycana gələcək. Erməni deputatların da tədbirə qatılması etiraza səbəb olmamalıdır: "Çünki gələnlər hərbçilər yox, deputatlardır.
Ombudsman
Strasburqa dəvət olunub
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Avropa Şurası tərəfindən Strasburqa dəvət olunub. Bir həftəlik səfər çərçivəsində müvəkkilin AŞPA Monitorinq Komitəsi Katibliyində, Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası üzrə Katiblikdə, İşgəncələrə qarşı Avropa Komitəsində görüşləri, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin iclasında iştirakı nəzərdə tutulub. Səfər zamanı Azərbaycan ombudsmanının Avropa Şurasının baş katibi Terri Devislə görüşü də gözlənilir.
Təhlükəsizlik sektoruna parlament nəzarəti
Milli Məclisdə "Təhlükəsizlik sektoruna parlament nəzarəti" kitabının təqdimatı olub. Parlament sədrinin müavini Ziyafət Əsgərov kitabın Parlamentlərarası İttifaq və Silahlı Qüvvələrə Demokratik Nəzarətin Cenevrə Mərkəzi tərəfindən birgə hazırlandığını, bütün ölkələr üçün eyni dərəcədə yararlı olan vahid parlament nəzarəti modelinə əsaslandığını bildirib. Müəlliflər sırasında ABŞ, Türkiyə, Rusiya və digər ölkələrin mütəxəssisləri var.
Kitabda təhlükəsizlik sektoru üzərində parlament nəzarətinin təşkili, milli təhlükəsizlik siyasəti silsiləsinin bütün mərhələləri, təhlükəsizlik məsələlərində vətəndaş cəmiyyətinin və KİV-lərin rolu, fövqəladə vəziyyətlərdə daxili sabitliyin və təhlükəsizliyin təmin olunması, müdafiə büdcəsinə parlament və dövlət auiditi orqanlarının nəzarət mexanizmləri öz əksini tapıb.
Bələdiyyələr
5 ildə nə iş görüb?
Gənc Jurnalistlər Birliyinin təşkil etdiyi "dəyirmi masa"da bu sual ətrafında müzakirələr aparılıb. Bakı şəhəri rayonlarının və ətraf qəsəbələrin bələdiyyə üzvləri, Ədliyyə Nazirliyinin, Gənclər Təşkilatı Milli Şurasının, Beynəlxalq Seçki Sistemləri Fondunun, KİV və ictimaiyyətin nümayəndələri bələdiyyələrin ötən 5 ildəki fəaliyyəti, onların işinin dövrü mətbuatda işıqlandırılması və bələdiyyələrlə KİV nümayəndələrinin əməkdaşlığı mövzuları ətrafında fikir mübadiləsi ediblər.
Birliyin sədri Sahil Kərimli KİV-də mətbuatla yerli özünüidarəetmə orqanları arasında əlaqələrin qənaətbəxş olmadığını deyib. Tədbirdə Bakı şəhərində 90 nəfər arasında sorğu keçirildiyi və respondentlərin əksəriyyətinin bələdiyyələrin funksiyalarından xəbərsiz olduğunun üzə çıxdığı qeyd edilib.
Buş Kerri ilə teledebatın birinci raundunu uduzdu
ABŞ-ın hazırkı prezidenti Corc Buşla onun əsas rəqibi, senator-demokrat Con Kerri arasında keçirilmiş teledebatın ilk raundu ikincinin xeyrinə başa çatıb. Canlı yayımda aparıcıların suallarını cavablandıran namizədlərə 531 qeydiyyatlı seçici münasibət bildirib. Onlardan 45 faizi Kerriyə, yalnız 36 faizi isə Buşa üstünlük verib. Respondentlərin 17 faizi deyişmənin heç-heçə başa çatdığını bildirib. Aparıcı KİV orqanlarının internetlə keçirdiyi sorğunun (bu blits-sorğular qeyri-formal sayılır) nəticələri də Kerrinin qələbəsini təsdiqləyib. NBC telekanalının internet saytında 400 mindən artıq istifadəçi arasında keçirilmiş sorğunun nəticələrinə görə, amerikalıların 71 faizi Kerrinin tərəfindədir. "CBS" teleşirkətinin auditoriyasında əsas namizədlər arasında fərq daha böyükdür: Kerri - 92,1 faiz, Buş - 7,1.
Rusiya BMT-dən yeni "qara siyahı" tələb edir
Rusiya BMT Təhlükəsizlik Şurasına (TŞ) rəsmən müraciət edərək, terrorçu təşkilatların və orada təmsil olunan adamların yeni "qara siyahı"sının tərtib edilməsini nəzərdə tutan qətnamə layihəsi irəli sürüb. Moskva TŞ-nin antiterror komitəsindən həm də həmin siyahıya adı düşən qrup və şəxslərə qarşı sanksiyalar tətbiq edilməsini istəyib. Söhbət ilk növbədə terrorçulara silah satışına embarqo qoyulmasından, onların maliyyə kanallarının və aktivlərinin dondurulmasından gedir. Bundan başqa, Moskva terrorçuların tapılıb ədalət məhkəməsinə çıxarılması üçün ölkələr arasında əməkdaşlığın gücləndirilməsini və terrorçuların ekstradisiyası prosesindəki əngəllərin azaldılmasını təklif edib.
ABŞ və AB isə Belarusa "qırmızı vərəqə" göstərib
ABŞ və Avropa Birliyi (AB) Belarus rəsmi şəxslərinin bir hissəsini persona non-qrata elan edib. Sentyabrın 27-də AB-nin hazırkı sədri Hollandiya Belarus DİN başçısı Vladimir Naumovun, baş prokuror Viktor Şeymanın, idman naziri Yuri Sivakovun və daxili qoşunların briqada komandiri polkovnik Dmitri Pavliçenkonun Birlik ərazisinə daxil olmasına yasaq qoyub. Sentyabrın 28-də AB-nin bu təşəbbüsünə Birləşmiş Ştatlar da qoşulub.
Persona non-qrata elan edilən şəxslər 1999-2000-ci illərdə müxalifət nümayəndələrinin və KİV işçilərinin yoxa çıxmasında şübhəli bilinirlər. Bu ittihamlar AB-nin mayda açıqladığı hesabatda da yer alırdı.
Məshədov mühasirədədir?
Şimali Osetiyanın Beslan şəhərində törədilmiş qanlı təxribatdan sonra Moskva Çeçenistan mücahidlərinin liderlərini məhv etmək üçün ciddi tədbirlər planı hazırlayıb. Rusiya mənbələrinin verdiyi xəbərlərə görə, bu həftə Çeçenistanın Nojay-Yurt, Vedeno və Kurçaloy rayonları aralığındakı meşə massivində separatçıların lideri Aslan Məshədov və onun mühafizə dəstəsi mühasirəyə düşüb. Əməliyyatlara yalnız Çeçenistan milisindən min nəfər cəlb edilib. Onlara hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları da yardım edir. Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Aslan Məshədovla Şamil Basayevin məhv edilməsi üçün 300 milyon rubl (10 milyon dollar) mükafat vəd edib.
İtaliyalı girovlar
pulla azad edilib
İraq partizanlarının əsirliyində olan italiyalı girovlar Simona Pari və Simona Torretta sentyabrın 28-də azad ediliblər. 29 yaşlı bu qızlar sentyabrın 7-də Bağdadda girov götürülmüşdülər. Onları oğurlayan "İslam cihadı" təşkilatı bildirmişdi ki, İtaliya hökuməti girovların həyatını yalnız qoşunlarını İraqdan geri çağırmaqla qurtara bilər. Başqa bir məlumata görə, Simona Pari və Simona Torrettanı partizan dəstələri deyil, adi cinayətkar qrup girov götürüb və onların azad edilməsi müqabilində 1 milyon dollar tələb edib. Bu məbləği İtaliya hökuməti ödəyib.
Bazar xidmətlərinin
inkişafı diqqət mərkəzində
Dünya Bankı (DB) oktyabrın ortalarına kimi bazar xidmətlərinin inkişafı üzrə sazişi Azərbaycan hökumətinə təqdim etməyi planlaşdırır. Onun razılaşdırılmasından sonra sənəd baxılmaq üçün DB İdarə Heyətinə çıxarılacaq.
Layihənin əsas komponenti poçt bölmələrinə müvafiq səlahiyyətlər verməklə ölkənin kənd rayonlarının əhalisinin maliyyə resursları ilə təminatı sisteminin yaxşılaşdırılmasını nəzərdə tutur. Layihənin başqa komponenti isə iri və xırda ödənişlər, kommunal xidməti üzrə hesabat sistemlərini, gələcəkdə isə "Azərpoçt" dövlət müəssisəsinin potensialını birləşdirməklə vahid ödəniş sisteminin yaradılması ilə bağlıdır. Bu, istənilən bank və poçt bölməsinin yardımı ilə real vaxt rejimində kommunal ödənişlərin qeydə alınmasına imkan yaradacaq. DB-nin sözügedən layihənin gerçəkləşdirilməsinə krediti isə 12 milyon 250 min dollar təşkil edə bilər.
Sahibkarlığa
kömək iki dəfə artacaq
Gələn il dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlər iki dəfə artacaq və 200 milyard manat olacaq. Bundan başqa, kənd təsərrüfatı müəssisələrinin işinin yaxşılaşdırılması üçün "Aqrolizinq" səhmdar cəmiyyəti yaradılacaq. Sözügedən məqsəd üçün 2005-ci il dövlət büdcəsinin son variantında 100 milyard manat nəzərdə tutulub. Bu da büdcənin ilkin variantında nəzərdə tutulandan iki dəfə çoxdur.
Məcburi köçkünlər
üçün 214 ev tikiləcək
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tikinti şirkətləri ilə Ağdam rayonunda məcburi köçkünlər üçün iki qəsəbənin tikintisinə sazişlər bağlayıb. İşlər səkkiz aya başa çatdırılmalıdır. 107 evlik "Alıbəyli-1" qəsəbəsinin kompleks (bütün mühəndis kommunikasiyaları və yolu ilə birgə) tikintisi üzrə "Alıbəyli" şirkəti ilə bağlanmış sazişin dəyəri 7 milyard 200 milyon manat olub. "Şəms-95" şirkəti isə 107 evlik "Alıbəyli-2" qəsəbəsinin kompleks (bütün mühəndis kommunikasiyaları və yolu ilə birgə) tikintisi üzrə 7 milyard 100 milyon manatlıq iş alıb. MKSİF-nin tender komissiyasının sədri Dövlətxan Dövlətxanovun sözlərinə görə, sözügedən sazişlər üzrə yaşayış evlərinin və kommunikasiyaların tikintisinə xərclər ötən ilə baxanda xeyli artıb. Belə ki, Rusiyadan gətirilən metal borular və taxta uyğun olaraq 100 faiz və 10-15 faiz, kəsmə daş 100 faiz bahalaşıb.
Culfada ilk külək elektrik qurğusu quraşdırılacaq
Azərbaycanın ilk külək elektrik qurğusu Naxçıvan MR-in Culfa rayonunda quraşdırılacaq. Bu eksperimental külək elektrik stansiyası alternativ enerji qaynaqlarından istifadənin optimal üsullarını ortaya çıxaracaq. "Azərenerji" mütəxəssislərinə Culfa rayonunda ilk külək elektrik qurğusunun tikilməsi tapşırığı bu yaxınlarda sahənin ekspertlərinin Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun sədrliyi altında keçirilmiş səyyar yığıncaqda verilib. Yığıncaqda MR-in enerji təminatının yaxşılaşdırılması yollarına baxılıb. Tədbirdə həmçinin "Azərenerji"yə tapşırılıb ki, Naxçıvan MR-də başqa külək elektrik qurğularının və kiçik su elektrik stansiyalarının tikilməsi imkanlarını öyrənsin.
Fransız musiqiçinin konserti olacaq
Oktyabrın 12-də Fransanın Azərbaycandakı səfirliyi və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə paytaxtımızda məşhur fransız musiqiçi Jan-Pol Minali-Bellanın instrumental kamera konserti keçiriləcək. Jan-Pol Minali-Bella nadir musiqi aləti olan arpecinoda ifaçısıdır.
Konsert saat 19-00 da başlayacaq. Jan-Pol Minali-Bellanı azərbaycanlı fortepianoçu Gülnarə Səfərova müşayiət edəcək.
Qalib aşıqlar seçildi
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2004-cü ilin aprel-sentyabr aylarında keçirilən Aşıq Şəmşir adına Gənc Aşıqların II respublika müsabiqəsi başa çatıb.
Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalq yaradıcılığında müstəsna əhəmiyyətə malik olan aşıq sənətinə marağın artırılmasından, qədim və müasir el havalarının mənimsənilməsi və qorunmasından, yeni istedadlı gənclərin üzə çıxarılması və bu işin mədəniyyət ocaqlarında daha da canlandırılmasından ibarətdir. Respublikanın müxtəlif bölgələrini təmsil edən 80 nəfərə yaxın ifaçının iştirak etdiyi müsabiqənin ikinci turu Şəmkir rayonunda keçirilib.
Yekun mərhələdə gənc ifaçıların istedad və bacarıqlarını əməkdar mədəniyyət işçisi İsfəndiyar Rüstəmov, Azərbaycan Milli Elmlər Akademiyası Folklor Sarayının aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan Məmmədli və digərləri qiymətləndiriblər.
Münsiflər heyətinin qərarı ilə Şöhrət Kərimov (Kəlbəcər), Elbrus Hüseynov, Taleh Abdullayev (Şəmkir), Roman Zeynalov (Tovuz), Sahil Qurbanov (Abşeron), Xəyal Abdullayev (Kəlbəcər) və başqaları müsabiqənin qalibləri adına layiq görülüblər.
Yaxın günlərdə qaliblərin Heydər Əliyev adına sarayda konserti keçiriləcək. Konsertdə müsabiqənin qaliblərinə Aşıq Şəmşir adına fondun təsis etdiyi diplom və hədiyyələr təqdim olunacaq.
İngilis roku Bakıda
Oktyabrın 2-də Bakı daha bir musiqili qonağını qəbul edəcək. Böyük Britaniyanın "Goldrush" rok qrupu həmin gün Heydər Əliyev adına sarayda solo konsertlə çıxış etmək niyyətindədir. Gənc olmasına baxmayaraq, qısa zamanda məşhurlaşan qrup tamaşaçılara dinamik Britaniya roku, canlı ritmlər vəd edir.
Bu konsert Azərbaycan musiqiçiləri ilə ingilis musiqiçilərin birgə layihəsinin davamı olacaq. Xatırlayırsınızsa, ötən il "Neftçi" ansamblı ilə ingilis zərbçisi Pit Loketin ifasında bir-birinə yad olan iki milli musiqinin sintezi böyük uğurla qarşılanmışdı. Bu dəfə isə "Goldrush"-dan sonra səhnəyə gənc azərbaycanlı reperlər çıxacaq.
Biletlərin qiyməti 10000 - 50000 manat arasındadır.
"Goldrush" qrupu 2001-ci ildə yaranıb və hazırda Böyük Britaniyanın tanınmış "Truck Records" səsyazma studiyasının nəzdində fəaliyyət göstərir. Qrup hər il üç mindən artıq rok musiqisi həvəskarını bir araya toplayan "Truck" festivalının təşkilatçısıdır. Qrupun birinci "Love is Nere" adlı albomu 2001-ci ildə, "Pioneers" 2002-ci ildə və böyük şöhrət qazanmış "Same Picture" adlı üçüncü albomu 2003-cü ildə işıq üzü görüb. Builki albom isə "Ozona" adlanır.
Qrup bu yaxınlarda Daşkənddə keçirilmiş Alternativ Musiqi Festivalında uğurla çıxış edib.
Naxçıvan teatrı yeni mövsümünü açdı
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yeni mövsümünü M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası ilə açıb. Baş rollarda Azərbaycanın xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Rövşən Hüseynov, Nəzakət Xudiyeva, Naxçıvan MR-in əməkdar artistləri Rza Xudiyev, Nazlı Hüseynquliyeva, Elmira Kərimova və başqaları ifa edirlər.
Kollektiv mövsüm ərzində Əkrəm Əylislinin "Vəzifə" psixoloji dramını və Hidayətin "Bu dünyanın adamları" əsərini də səhnələşdirəcək.
Ağdam teatrının
"Qapı"sı açıldı
Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının yaradıcı kollektivi yeni mövsümü dramaturq A.Məmmədovun "Qapı" komediyası ilə açıb. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif Şərifov, rəssamı Elman Balakişiyev, musiqi tərtibatçısı Asif Şükürovdur. Rolları teatrın tanınmış aktyorları ifa ediblər.
"Yaşamaq yanğısı"
Gənc Tamaşaçılar Teatrında yeni bir əsərin məşqlərinə başlanılıb. "Yaşamaq yanğısı" adlı yeni tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur. Bəhram Osmanovun sözlərinə görə, yeni səhnə əsərində Qarabağ dərdimiz, qaçqın-köçkünlərimiz, onların üzləşdikləri çətinliklər yenidən gündəmə gələcək. Tamaşada həqiqətlərin mübarizəsi gedir. Evin hansısa bir mərtəbəsində məskunlaşmış qaçqınlar öz həqiqətləri uğrunda mübarizə aparırlar. Bəla bundadır ki, sonda həqiqət ikiləşir. Həqiqətin ikiləşməsi isə dünyanın axırının çatmasından xəbər verir. Amma bu tamaşada dünyanın axırı olmayacaq. Sonluq nikbin ruhla qurtarır.
Rejissorun sözlərinə görə, mövzu bir qədər aktuallıqdan düşsə də, tamaşanın tərtibatı yenidir. Bəhram Osmanov tərtibatın son dərəcə dolğun, bitkin olduğunu bildirib. Burada bütövlükdə dəmirdən istifadə edilib ki, indiki dövr üçün bu, çox baha başa gəlib. Bu məsələdə üzləşdikləri çətinlikləri dəf etməkdə isə yaradıcı kollektivə Mədəniyyət Nazirliyi kömək edib.
Tamaşanın premyerası oktyabrın ilk ongünlüyündə olacaq.
Azərbaycan
rəssamlarının
Vyanada sərgisi açılıb
Azərbaycanın Avstriyadakı səfirliyindən verilən məlumata görə, Vyananın qədim "Porcia" sarayında Azərbaycanın 29 rəssamının əsərlərindən ibarət sərgi açılıb.
Mərasimdə çıxış edən ölkəmizin mədəniyyət nazirinin müavini Ədalət Vəliyev sərginin təşkilində göstərdiyi köməyə görə Avstriyanın Federal Kansler Aparatının İncəsənət İdarəsinə, Avstriyanın incəsənət və mətbuat məsələləri üzrə dövlət katibi Frans Moraka təşəkkürünü bildirib.
Frans Morak çıxışında incəsənətin, mədəniyyətin xalqların yaxınlaşmasında müstəsna rolunu vurğulayıb, Azərbaycanın zəngin mədəniyyətinin Avstriyadakı təbliğindən məmnunluğunu söyləyib.
Sərginin eksponatları Avstriya ictimaiyyətinin müxtəlif təbəqələrinin, Vyanadakı diplomatik korpusun və mətbuatın nümayəndələrində, yüksək vəzifəli dövlət məmurlarında böyük maraq doğurub.
Sərgi oktyabrın 15-dək davam edəcək.
Məhəmməd Füzuliyə həsr edilmiş roman çapdan çıxıb
Yazıçı Oqtay Salamzadənin dahi Füzuliyə həsr olunmuş "Sevgi iztirabı" adlı iki hissəli tarixi romanı çapdan çıxıb. Elmi-tarixi faktlar əsasında yazılmış əsərdə Məhəmməd Füzulinin ibrətamiz həyat tərzindən, onun müasirləri olan Sultan Süleyman Qanuninin xeyirxah əməllərindən, Şah İsmayıl Xətainin ömrünün faciəli anlarından, XV əsrdə baş vermiş mühüm hadisələrdən bəhs edilir.
Tarixi və elmi-dini mövzularda bir sıra uğurlu ədəbi-bədii əsərlərin, o cümlədən, Nizami Gəncəviyə həsr edilmiş silsilə romanların, oxucuların məhəbbətini qazanmış "Bizim nəsil" trilogiyasının və povestlərin müəllifi olan Oqtay Salamzadə dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevlə 1989-cu ildə Moskvadakı görüşü xatırlayır: "Görüş zamanı Nizami Gəncəvinin həyatından bəhs edən "Əsrlərin sirri" kitabımı ona hədiyyə edərkən mənə dedi ki, Nizami ilə kifayətlənmə, Füzulidən də yaz, çünki onun da ədəbi irsi bizim üçün əvəzsizdir. Füzulinin təsiri altında Üzeyir Hacıbəyov, alimlər, rəssamlar gözəl əsərlər yaradıblar. Sən də milli mədəniyyətimizdə "Əsrlərin sirri" kimi əsərlərlə yanaşı, Füzuli fəlsəfəsindən və sevgi iztirabından bəhs edən bir əsər qələmə al. Çünki Füzuli bizim mənliyimizdir. Ulu rəhbərimiz Heydər Əliyevin bu sözləri məni Füzuli haqqında yazmağa sövq etdi və xeyli əziyyətlərdən sonra, nəhayət, bu kitab işıq üzü gördü".
Türkiyədə uluslararası şer məclisi keçirilib
Türkiyənin qədim Elazıx şəhəri yaxınlığındakı Xəzər gölü ətrafında 12-ci uluslararası "Xəzər şer axşamları" məclisi keçirilib. Üç gün davam edən bu söz bayramında türkdilli dövlətlərin şer, sənət adamları, dünyanın müxtəlif guşələrində yaşayan türksoyların təmsilçiləri, dövlət rəsmiləri iştirak ediblər. Türk qəhrəmanlığının şöhrətli Harput qalasına ziyarətlə başlanan tədbirdə Türkiyənin Baş naziri Rəcəb Tayyub Ərdoğanın təbrik məktubu oxunub. Növbəti toplantıya qədər 60 şairin hər birinin burada səslənmiş 4 şerindən ibarət türk poeziya almanaxının nəşr edilməsi qərara alınıb.
Bu mötəbər ədəbi məclisdə Azərbaycanı təmsil edən gənc şairə, bp şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səadət Qabilqızı deyib: "Elazıxlılar özlərini Azərbaycan əsilli hesab edirlər. Burada xalqımıza xüsusi sevgi hər an hiss olunur. Sevimli şairimiz Almas Yıldırım bu şəhərdə doğulub. Burada elə adam tapılmaz ki, onun, Əhməd Cavadın şerlərindən xəbərsiz olsun. Xalqımızın böyük dostu, Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybəkin Azərbaycana məhəbbətdən doğan çıxışı, onun Bəxtiyar Vahabzadədən, Xəlil Rzadan söylədiyi şerlər də Türkiyə ilə Azərbaycanın bir-birinə nə qədər yaxın və doğma olmasına əyani sübutdur".
Universitetin ilk
rektorunun
100 illiyi qeyd edilib
Naxçıvan Dövlət Universitetində bu ali təhsil ocağının ilk rektoru, tarix elmləri namizədi Əli Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə yubiley mərasimi keçirilib.
Universitetin rektoru, akademik İsa Həbibəyli, Milli Məclisin deputatı, AMEA Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudov, AMEA Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev və başqaları tarixçi alim Əli Əliyevin həyatından, elmi-pedaqoji və ictimai fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini söyləyiblər.
Yubilyarın oğlu, filologiya elimləri namizədi, dosent Arif Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə tədbir təşkilatçılarına minnətdarlığını bildirib.
Bakı haqqında
qısametrajlı filmlərin müsabiqəsi olacaq
Oktyabrın 22-də Bakı haqqında çəkilən qısametrajlı videofilmlərin müsabiqəsi keçiriləcək. Bakı Şəhər Kino Xidməti və Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin təşəbbüsü ilə keçirilən müsabiqənin məqsədi paytaxtda turizmin inkişafına çalışmaq, tarixi abidələrin qorunmasına, idman, əyləncə mərkəzlərinin, istirahət zonalarının tanıtdırılmasına xidmət etmək, gənclərdə sənətə həvəs yaratmaq, istedadları üzə çıxarmaqdır.
Təşkilat Komitəsinin verdiyi məlumata görə, müsabiqəyə oktyabrın 19-dək təqdim olunacaq ekran əsərlərini beş nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcək. Qaliblər beş ballıq sistemlə "Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı operator işi" nominasiyaları üzrə seçiləcək. Müsabiqədə hər nominasiya üzrə I, II və III yerləri tutan iştirakçılar müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və pul mükafaiları ilə təltif olunacaqlar.
"General" romanı
latın qrafikası ilə çap olunub
Azərbaycanın xalq yazıçısı Hüseyn Abbaszadənin "General" romanı "3 saylı Bakı mətbəəsi"ndə latın qrafikası ilə çapdan çıxıb. Xalqımızın qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun həyatının şanlı səhifələrindən, keçdiyi döyüş yolundan bəhs edən roman Azərbaycan ədəbiyyatında İkinci Dünya Müharibəsi mövzusunda yazılmış ən dəyərli bədii əsərlərdən biridir. H.Abbaszadənin vətəndaş yanğısı ilə qələmə aldığı bu roman vaxtilə oxucular və ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Təqdimat mərasimində ədəbiyyatımızın belə sanballı nümunələrinin latın qrafikası ilə çap edilərək gələcək nəsillərə çatdırılmasının gənclərimizin mənəviyyatının, dünyagörüşünün formalaşmasında, onlara vətənpərvərlik ruhunun aşılanmasında çox böyük əhəmiyyəti olduğu vurğulanıb.
Səyavuş Məmmədzadənin
yeni kitabı
"Dağıdılanı qurmaq vaxtıdır" - tanınmış şair-tərcüməçi Səyavuş Məmmədzadənin "Yurd" nəşriyyatında çap olunmuş yeni kitabı belə adlanır. S.Məmmədzadə "Səma", "Tver bulvarı", "Özünütəsdiq", "Həqiqət sorağında", "Komendat saatı", "Günəbaxan insanlar" (Azərbaycan dilində) və başqa şer toplularının müəllifidir. Yeni topluya onun son ildə yazdığı ən yaxşı şerləri daxildir.
Şairin sözlərinə görə, dramatizmlə dolu tarixi mərhələ yaşamalarına baxmayaraq, bakılılara xas beynəlmiləlçilik, gələcəyə nikbin baxış kitabda asanlıqla duyulur. Topluda dünyanın hər yerinə səpələnmiş dostlara ithaf edilmiş, Azərbaycan paytaxtının həyatının müxtəlif məqamlarına həsr olunmuş, bir sözlə, sırf Bakı ruhu duyulan şerlər var. Şair XX əsrin böyük istedadlarına - Səməd Vurğuna, Qara Qarayevə, Rəşid Behbudova, Mstislav Rostropoviçə, Fikrət Əmirova, Tofiq Quliyevə, Vladimir Qafarova və başqalarına da şerlər həsr edib. Topluda Ukrayna və Bolqarıstan mövzuları da öz ifadəsini tapıb. Şair vaxtilə həmin ölkələrdən olan qələm dostları ilə fəal əməkdaşlıq edib, bir çox şerlər yazıb.
Hemenqueyin çap olunmamış
hekayəsi satışa çıxarılacaq
Görkəmli Amerika yazıçısı Ernest Hemenqueyin indiyədək ictimaiyyətə naməlum qalan və təbii ki, naşirlərin xəbərsiz olduğu bir hekayəsi Londonda "Christie’s" auksionunda hərraca çıxarılacaq.
Bu barədə Hemenqueyin ən yaxın dostu, mərhum ingilis yazıçısı Donald Stüartın 72 yaşlı oğlu Donald Stüart mətbuata verdiyi müsahibəsində bildirib. Oğul Stüart artıq 20 ildir Romada yaşayır. Amerika yazıçısının dörd səhifəlik əlyazmasını da o, özü ilə Romaya gətirib. Hemenquey "Öküz döyüşü arenasında Donald Oqden Stüartla birgə həyatım" hekayəsini 1924-cü ildə yazıb. Yazıçı hekayəni ata Stüarta bağışlasa da, nədənsə o, yazını çap etdirmək fikrində olmayıb və ömrünün axırınadək sandığında gizlədib.
İngilis yazıçının vəfatından sonra onun bütün arxivi, o cümlədən, Hemenqueyin əlyazması da onun oğluna keçib. Yalnız uzun illər keçəndən sonra əlyazma oğul Stüartın diqqətini cəlb edib və o, əsəri nəşr etdirmək qərarına gəlib. Lakin Ernest Hemenqueyin yaxınları qeyri-müəyyən səbəbdən buna qarşı çıxıblar. Bundan sonra Donald Stüart hekayəni auksiona çıxarmaq fikrinə düşüb. O ümid edir ki, hekayəni hansısa bir universitet öz elmi kitabxanası üçün alar və nə vaxtsa oxuculara çatdıra bilər.
"Christie’s" auksion evinin ehtimallarına görə, əlyazma 10-16 min avroya satıla bilər. Pulu nəyə xərcləyəcəyilə bağlı suala Donald Stüart kifayət qədər səmimi cavab verib: "Bu pullara mən evimi rəngləmək istərdim".
Buker mükafatına
altı namizəd iddia edir
Britaniyanın ən sanballı ədəbi mükafatına - Buker mükafatına namizədlərin adları açıqlanıb. Məlum olub ki, bu yüksək mükafata altı müəllif iddia edir. Xatırladaq ki, mükafatın fondu 50.000 funt sterlinqdir (89.500 ABŞ dolları və ya 73.400 avro). Nominantlar bunlardır: Əhməd Denqorun "Acı rüşeym", Sara Hollun "Elektrik Mikelancelo", Alana Hollinqherstin "Gözəllik xətti", Kolm Toybinin "Sahibkar", Cerard Vudvordun "Mən günorta yatıram", Devid Mitçellin "Atlass dağları üzərində buludlar".
Ənənəvi olaraq, qalibin adı oktyabrın 19-da Londonda keçiriləcək mərasimdə elan ediləcək. İrland Toybindən və cənubi afrikalı Denqordan başqa bütün namizədlər britaniyalıdır.
Xatırladaq ki, Buker mükafatı İngiltərə, İrlandiya və Britaniyanın keçmiş müstəmləkəsi olmuş ölkələrin yazıçılarına təqdim edilir. Münsiflər heyətinin tərkibinə nasir Tibor Fişer, yazıçı və pedaqoq Robert Makfarleyn, "Erotik Revyü" nəşrinin redaktoru Rovan Pellinq və Leyboristlər Partiyasının nümayəndəsi Kris Smit daxildir.
|