Sentyabrın 15-dən etibarən Rusiya-Azərbaycan sərhədində əhalinin və avtonəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyətlər dünən ləğv edilib. Rusiya hökuməti bununla bağlı xüsusi qərar qəbul edib.
Qərara əsasən, iki ölkənin sərhədindəki "Samur", "Zuhul", "Şirvanovka" və "Xanoba" gömrük-keçid məntəqələrində əhalinin və avtomaşınların buraxılmasına icazə verilib.
Xatırladaq ki, Rusiya hökuməti Şimali Osetiyanın Beslan şəhərində baş vermiş terror olayından (1-3 sentyabr) sonra Gürcüstan və Azərbaycanla sərhədini müvəqqəti olaraq bağlamışdı. Rusiya tərəfi bu addımın sərhəd-keçid məntəqələrinin təhlükəsizliyini artırmaq məqsədilə atıldığını bəyan etsə də, məhdudiyyətlərin nə vaxtadək çəkəcəyini elan etməmişdi.
Təbii ki, bu qərar Rusiya ilə Azərbaycan arasında ümumi yük daşınmalarının kəskin şəkildə azalmasına, həmçinin bu və digər istiqamətdə mütəmadi ticarət səfərləri edən hər iki ölkə vətəndaşlarının narazılığına səbəb olmuşdu. Rusiya ilə sərhədin bağlanması Azərbaycan bazarında bir sıra malların qiymətlərinin (xüsusilə ərzaq və tikinti materiallarının) artmasına rəvac vermişdi. Odur ki, Azərbaycan rəhbərliyi ilk gündən bu məsələ ilə bağlı Rusiya tərəfi ilə intensiv məsləhətləşmələrə başlamışdı.
Rusiyanın nəqliyyat naziri İqor Levitinin ötən həftə Bakıya səfəri də bu məqsədi güdürdü. Oktyabrın 15-də Rusiya nazirini qəbul edən dövlət başçısı İlham Əliyev ümidvar olduğunu bildirmişdi ki, Rusiya tərəfin tətbiq etdiyi məhdudiyyətlər tezliklə aradan qaldırılacaq.