Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərdə həyata keçirdiyi məskunlaşdırma siyasəti BMT Baş Assambleyasında müzakirə olunacaq. Azərbaycanın irəli sürdüyü məsələ Baş Assambleyanın 59-cu sessiyasının gündəliyinə salınıb.
Baş Assambleyanın Komitəsində 28 ölkənin iştirakı ilə keçirilən səsvermədə təklifin lehinə 9 ölkə səs verib, əleyhinə çıxan olmayıb, 14 ölkə bitərəf qalıb, 5 ölkə, o cümlədən Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa səsverməyə qatılmayıb. Azərbaycanın təşəbbüsünü dəstəkləyənlər arasında Turkiyə, Ukrayna, İran, Pakistan və Malayziya kimi böyük ölkələr var.
Oktyabrın 29-da Nyu-Yorkda, BMT Baş Məclisi 59-cu sessiyasının geniş iclasında Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə məsələnin sessiyanın gündəliyinə daxil olunmasına dair səsvermə keçirilib. 42 səs lehinə, 2 səs əleyhinə olmaqla bu məsələ BMT Baş Məclisinin gündəliyinə 163-cü bənd kimi salınıb. 99 ölkə bitərəf qalıb.
Beləliklə, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət 59-cu sessiya işini başa vurana qədər BMT-də müzakirə olunacaq. Müzakirənin dekabrda keçiriləcəyi gözlənilir.
Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətin müzakirəsinə dair təklif BMT yanında Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyevin Baş Assambleyaya təqdim etdiyi məktubda açıqlanıb. Məktubda nəzərə çatdırılırdı ki, Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik durumu süni surətdə dəyişdirmək məqsədilə orada məskunlaşdırma siyasəti aparır, Ermənistandan və dünyanın müxtəlif ölkələrindən ermənilər bu ərazilərə köçürülür.
Azərbaycan bu problemi beynəlxalq forumlarda dəfələrlə səsləndirsə də, sentyabrda dövlət başçısı İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışından sonra praktik addımlar atmağa başlayıb. BMT-ni Ermənistanın işğal etdiyi ərazilərdə apardığı məskunlaşdırma siyasətinə münasibət bildirməyə çağıran İ.Əliyev bəyan etmişdi ki, beynəlxalq birliyin bu məsələyə laqeydliyi təcavüzkarı daha da şirnikləndirir.