Dünən Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri səfir Stiven Mənni qəbul edib. Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş də iştirak edib. Görüş barədə verilən rəsmi açıqlamaya görə, tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli, beynəlxalq və regional problemlər, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə müzakirələr aparıblar.
Əlamətdardır ki, amerikalı həmsədr Birləşmiş Ştatlarda prezident seçkilərindən dərhal sonra Bakıya gəlib. Bu xüsusda ilk qeyd olunmalı ehtimal S.Mənnin Qarabağ nizamlanmasına dair müəyyən təkliflər gətirməsi ola bilər. Bir qədər əvvəl Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirmişdi ki, vasitəçilər noyabrda regiona səfərə gələcək və münaqişə tərəfləri ilə yeni təklifləri müzakirə edəcəklər.
Çox güman ki, amerikalı həmsədrin gəlişi həmin müzakirələr öncəsi zondaj səciyyəsi daşıyır və səfir S.Mənn Azərbaycan rəhbərliyi ilə nizamlamanın ümumi perspektivini müzakirə edib.
Xatırladaq ki, amerikalı səfir bu ilin aprelində, həmsədr vəzifəsinə təyinatından dərhal sonra regiona analoji səfər etmişdi. Yeri gəlmişkən, məhz S.Mənnin Bakıda apardığı danışıqlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə razılıq əldə olundu, dövlət başçıları aprelin sonunda Varşavada görüşdülər və danışıqlar prosesində fəallıq hiss olunmağa başlandı.
Lakin o da faktdır ki, bu ilin sentyabrından danışıqlar prosesində fasilə yaranıb. Prezidentlərin Astana görüşündən (15 sentyabr) sonra Ermənistan rəhbərliyinin götürdüyü taym-autun uzanması isə istər Azərbaycan, istərsə də həmsədrlər tərəfindən narahatlıqla qeyd olunub.
Amerikalı həmsədrin regiona gəlişini vasitəçilərin danışıqlardakı fasiləyə son vermək cəhdi kimi də qiymətləndirmək olar. Danışıqların bərpa olunması üçün Azərbaycan və Ermənistan tərəfin şərtləri isə fərqlidir.