Ukraynada seçkilərin üçüncü turu keçiriləcək
Dünən axşam Ukraynanın Ali Məhkəməsi noyabrın 21-də keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrinin mübahisəli olması ilə bağlı müxalifətin iddiasını təmin edən qərar çıxarıb.
Ali Məhkəmənin qərarına görə, seçkilərin ikinci turu kütləvi qanun pozuntuları ilə keçdiyindən onun nəticələri etibarsız sayılmalıdır. Xatırladaq ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası 21 noyabr seçkilərində baş nazir Viktor Yanukoviçin 49 faiz səslə qalib gəldiyini elan etmişdi. Onun rəqibi, müxalifət lideri Viktor Yuşşenkonun 46 faiz səs topladığı bildirilmişdi. Bu qərardan sonra cərəyan edən hadisələr son on gündə Ukraynanı bütün dünyanın diqqət mərkəzinə gətirmişdi. Müxalifət qüvvələri bu günlər ərzində ölkədə fasiləsiz aksiyalar keçirirdi. Eyni zamanda, Yuşşenkonu dəstəkləyən Qərbi Ukrayna regionları ilə Yanukoviçi müdafiə edən Şərqi Ukrayna regionları arasında dartışma ölkəni parçalanma həddinə gətirmişdi.
Bu müddətdə Kiyevə səfər edən Avropa Birliyinin, ATƏT-in nümayəndələri, habelə Birləşmiş Ştatlar vəziyyətdən çıxış yolu kimi ikinci tur səsverməsini yenidən keçirməyi təklif edirdilər. Eyni zamanda, bu dairələrin müxalifət lideri Yuşşenkoya dəstək verdiyi aşkar görünürdü.
Öz növbəsində Ukrayna rəhbərliyi - prezident Kuçma, habelə Yanukoviç ikinci turun deyil, ümumiyyətlə, seçki yarışının yenidən başlanmasının tərəfdarı kimi çıxış edirdi. Bu mövqeyi rəsmi Moskva da açıq müdafiə edirdi. İkincilər başa düşürdü ki, müxalifətin aşkar nüfuzlu olduğu indiki vaxtda yalnız ikinci turun təkrarlanması Yuşşenkonun qələbəsini labüd edəcək. Nəticədə birinci tərəfin - ABŞ və Avropanın mövqeyi üstün gəldi və Ali Məhkəmə də müvafiq qərarı çıxardı.
Məhkəmə seçkilərin nəticələri barədə MSK-nın qərarını ləğv edərək, dekabrın 26-da prezident seçkilərinin ikinci turunun təkrar keçirilməsini ona tapşırıb.
Yuşşenko tərəfdarları qərarı ruh yüksəkliyi ilə qarşılayaraq artıq indidən öz qələbələrini qeyd ediblər. Öz növbəsində Yanukoviçin tərəfdarları bəyan ediblər ki, Ali Məhkəmənin qərarı siyasi səciyyəlidir. Onlar yeni seçkidə yenə Yanukoviçin qalib gələcəyini iddia edirlər.
Ümumilikdə həftə ərzində hadisələrin gedişi göstərirdi ki, zaman daha çox müxalifətçilərin xeyrinə işləyir. Dekabrın 1-də Ukrayna parlamenti (Ali Rada) ölkədə siyasi və sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi haqqında qərar qəbul etmiş və səsvermənin nəticəsi olaraq, Yanukoviç hökumətinin istefaya göndərilməsi qərara alınmışdı. Parlament bu qərarı Ali Radanın binasının faktiki olaraq blokadaya alındığı şəraitdə qəbul etməli olub. Yanukoviç-Kuçma komandasının əsas administrativ resurslardan da məhrum olduğu aydın hiss olunurdu...
Dünən Ukraynanın parlamenti - Ali Rada da əlamətdar qərar qəbul edib. Parlament 257 səslə Ukrayna sülhməramlılarının İraqdan dərhal çıxarılması ilə bağlı prezident Leonid Kuçmaya müraciət qəbul edib. Qərar İraqda vəziyyətin kəskinləşməsi və Ali Radanın razılıq vermədiyi halda, Ukrayna hərbçilərinin döyüşlərdə iştirak etməsi ilə əlaqədar qəbul olunub. Qeyd edək ki, Ukrayna kontingenti İraqa 2003-cü ilin avqustunda göndərilmişdi. Ötən müddət ərzində 9 ukraynalı hərbçi həlak olub, 20 nəfər yaralanıb. Oktyabrda Ukrayna kontingentinin sayı 194 nəfər azaldılaraq, 1589 nəfərə endirilmişdi. Bu qərarın ABŞ-da mənfi qarşılanacağı indidən bəllidir. Odur ki, Yuşşenko hakimiyyətə gələcəyi təqdirdə bu qərarı nə dərəcədə yerinə yetirəcəyi böyük şühbə doğurur.
Rumıniyada prezidenti ikinci tur müəyyən edəcək
Xəbər verildiyi kimi, noyabrın 28-də Rumıniyada parlament və prezident seçkiləri keçirilib. Parlament seçkilərində hakim sosial-demokratların başçılıq etdiyi blok 36,6 faiz səs toplayaraq birinci yeri tutub.
Lakin bu göstərici sosialistlərin təkbaşına hökuməti təşkil etməsi üçün yetərli deyil. Xatırladaq ki, ötən parlamentdə hakim partiya 332 deputat yerindən yarısına nəzarət edirdi. Bu dəfə isə sosialistlər 132 yer qazanıblar. Hökuməti formalaşdırmaq üçün onlar iqtidara loyal olan partiyalardan biri ilə koalisiya qurmalıdırlar. Sosialistlərin əsas rəqibi - sağçı liberal-demokrat alyansı isə 31,3 faiz səs toplayıb və parlamentdə 112 yerə sahib olacaq.
Dörd il öncəki seçkilərdə iqtidarın əsas rəqibi olmuş millətçi "Böyük Rumıniya" partiyası təxminən 12 faiz səs toplayıb. Korneliu Tudorun başçılıq etdiyi partiya Moldovanın "böyük Rumıniya"ya inteqrasiyasının qatı tərəfdarlarındandır. Bəzi şərhçilər sosialistlərin bu partiya ilə hökumət quracağını proqnozlaşdırır.
Eyni gündə keçirilən prezident seçkilərində isə qalibi ilk turda müəyyən etmək mümkün olmayıb. 12 namizəddən heç biri 50+1 faiz nəticə göstərə bilməyib. Hakimiyyətin nümayəndəsi, Rumıniyanın hazırkı baş naziri Adrian Nestase 43 faiz, onun müxalifətçi rəqibi, Buxarest şəhərinin meri Trayan Basesku 38 faiz səs toplayıb. Dekabrın 12-də keçiriləcək ikinci turda onlar mübarizə aparacaqlar. Xatırladaq ki, Rumıniyanın hazırkı prezidenti İon İliyesku iki müddət (1992-1996 və 2000-2004) dövlət başçısı olduğundan, qanunvericiliyə əsasən, seçkilərdə iştirak etməyib.
Seçkilərin nəticələrindən narazı qalan müxalifət isə onun nəticələrindən şikayət verib. Müxalifətçilər seçkinin nəticələrinin ləğv edilməsini tələb ediblər. Amma Rumıniya Mərkəzi Seçki Komissiyası bu tələbi rədd edib.
Rusiya Abxaziya ilə sərhədləri bağlayır
Separatçı bölgənin yeni rəhbəri Moskvanın xoşuna gəlmir
Rusiya Abxaziya ilə sərhədləri bağlaya bilər. Bu xəbərdarlığı Rusiya baş nazirinin müavini Gennadi Bukayev dekabrın 1-də səsləndirib.
Xatırladaq ki, Abxaziyada keçirilmiş "prezident seçkiləri"ndə qalib gəlmiş Sergey Baqapş dekabrın 6-da innauqurasiya mərasimi keçirərək səlahiyyətlərinin icrasına başlamağı planlaşdırır. Öz növbəsində hazırkı "prezident" və Moskvanın sadiq adamı Vladislav Ardzinba hakimiyyəti təhvil vermək niyyətində deyil və yeni seçkilərin keçiriləcəyini bildirir. Xatırladaq ki, Moskva Abxaziyadakı seçkilərdə qondarma respublikanın baş naziri Raul Xacimbaya "stavka" etsə də, o, iş adamı Sergey Baqapşa məğlub olmuşdu. Baqapş isə Moskvaya o qədər də meylli olmayan şəxs kimi ad çıxarıb. İndi Rusiya separatçı bölgəni "cəzalandırmaq" qərarına gəlib.
Yeri gəlmişkən, bu ilin yayında Gürcüstan hökuməti Rusiya vətəndaşlarının Abxaziyaya qanunsuz səfərlərinin qarşısının alınması ilə bağlı Moskvaya müraciət etsə də, bu müraciət rədd edilmişdi.
Bu arada Rusiya daxili işlər nazirinin müavini Aleksandr Çekalin və Rusiya baş prokurorunun müavini Vladimir Kolesnikov regiondakı vəziyyəti müzakirə etmək üçün Abxaziyada olublar. Görüşdən sonra Abxaziya baş naziri Nodar Xaşba bildirib ki, Rusiya Abxaziyaya qoşun yeritmək niyyətində deyil və respublikadakı vəziyyətdən çıxış yolunu buradakı siyasi qüvvələr tapmalıdırlar.
|