Türkiyə-Ermənistan sərhədi
Avropa Birliyinin gündəmində
Rəsmi Yerevan və erməni lobbisi bu məsələni
AB-nin Türkiyəyə qarşı irəli sürdüyü şərtlərin
sırasına daxil etmək üçün dəridən-qabıqdan çıxır
Ermənilərin fikrincə, 17 dekabrda Brüsseldə açıqlanacaq
hesabat Türkiyəni sərhədi açmağa məcbur edəcək
Rəsmi Yerevan və Avropadakı erməni lobbisi Türkiyə-Ermənistan sərhədinin açılması məsələsini yenidən beynəlxalq gündəmə gətirmək üçün qol çırmayıb.
Məlum olduğu kimi, dekabrın 17-də Avropa Birliyinin (AB) Brüsseldə keçiriləcək zirvə toplantısında Türkiyənin bu təşkilata üzvlüyü ilə bağlı müzakirələrə yol açacaq sənəd qəbul edilməlidir. AB dövlət və hökumət başçılarının təsdiqinə veriləcək yekun hesabat müsbət qiymət alsa, təşkilat 2005-ci ildən Ankara ilə üzvlük müzakirələrinə başlamalıdır.
AB-nin üzvü olan 25 ölkənin təmsil olunacağı zirvə toplantısına təqdim ediləcək hesabatda Ankara qarşısında bir sıra şərtlərin yer alacağı gözlənilir. Bu xüsusda əsas şərtlərdən biri Türkiyənin AB-nin daimi üzvü (2004-cü il mayın 1-dən) olan Kipr (yunan) Respublikasını tanıması göstərilir.
Rəsmi Ankara bu şərti nə qədər ağır saysa da, onunla barışmaq zorundadır. Ankarada səfərdə olan Avropa Parlamentinin sədri Xosep Borrel dünən Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında bu məqamı bir daha nəzərə çatdırıb. X.Borrel deyib ki, AB ilə danışıqlar aparan ölkə təşkilatın bütün üzvlərini tanımağa borcludur. Bu isə, nəticə etibarilə Kiprin tanınması demək olacaq və 17 dekabr sammitinin qərar layihəsində məhz belə müddəa var.
X.Borrel vurğulayıb ki, Ankaranın Kipr Respublikasını rəsmən tanıması Türkiyənin Avropa Birliyinin sıralarına qoşulmasına dair danışıqlara başlanmasının vacib şərtidir.
Öz növbəsində Avropa dairələrindəki erməni lobbisi AB-nin Türkiyə qarşısında qoyacağı şərtlər sırasına özünün problemlərini də salmaq üçün diplomatik səylərini gücləndirib. Məlumdur ki, AB-nin məşvərətçi orqanı olan Avropa Parlamenti hələ 1987-ci ildə qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul edib və bu məsələ qurumun Türkiyə ilə bağlı hesabatlarında mütəmadi olaraq yer alır. 17 dekabr zirvəsi ərəfəsində hazırlanan Türkiyə hesabatında da bununla bağlı Ankaraya yönəlik tövsiyə maddəsi var. Lakin erməni lobbisi bununla kifayətlənmək niyyətində deyil və təkcə "soyqırımı" məsələsinin deyil, Türkiyənin Ermənistanı blokadada saxlaması barədə məsələni də AB-nin gündəminə gətirmək və bilavasitə zirvə toplantısında qəbul olunacaq və Ankara qarşısında şərt kimi qoyulacaq yekun qərarda əks olunmasına çalışır.
Rəsmi Yerevan da bu yöndə diplomatik addımlara baş vurub. Ermənistan XİN başçısı Vardan Oskanyanın bildirdiyinə görə, ölkə prezidenti Robert Koçaryan məsələ ilə bağlı AB rəhbərliyinə rəsmi müraciət göndərib. Onun sözlərinə görə, Yerevan AB-nin bu müraciətinə diqqətlə yanaşacaq və öz qonşusunu blokadada saxlayan ölkənin təşkilata qəbulunun yolverilməz olduğunu bildirəcək.
Xatırladaq ki, noyabr ayında Almaniyada səfərdə olan Koçaryan bu məsələni gündəmə gətirərək AB-ni Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur etməyə çağırmışdı.
Hələlik AB dairələrindən gələn məlumatlarda Türkiyə-Ermənistan sərhədinin açılması barədə şərtin olmadığı vurğulanır. Lakin AB-nin Kiprlə bağlı tutumu erməniləri ruhlandırıb və onlar bu məsələnin yekun sənəddə mütləq əks olunacağı qənaətindədir.
Qeyd edək ki, Ermənistan rəhbərliyi AB-Türkiyə dialoqunun intensivləşdiyi 2004-cü ildə bu məsələni dəfələrlə gündəmə gətirməyə çalışıblar. Bu ilin əvvəlində Ermənistan XİN başçısı Oskanyan iddia etmişdi ki, Türkiyə AB-nin tələbləri qarşısında geri çəkilməyə hazırlaşır və sərhədlərin açılması ilə bağlı Yerevanla Ankara arasında müzakirələr gedir. Lakin yanvar ayında Bakıya səfər edən Türkiyənin XİN başçısı Abdulla Gül bəyan etdi ki, bu yöndə heç bir müzakirə aparılmır və Azərbaycanın razılığı olmadan Türkiyə Ermənistana qapı açmayacaq.
Gül həmçinin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi barədə Ankaranın mövqeyini bir daha təsdiqləmiş və "Türkiyə həmişə olduğu kimi, yenə də Azərbaycanladır və bu yoldan dönməyəcək" - deyə vurğulamışdı.
Sonra bu məsələ mart ayında, Azərbaycan prezidentinin Türkiyəyə rəsmi səfəri ərəfəsində gündəmə gəldi. Sərhədin açılması ilə bağlı söz-söhbətlərə o da əlavə edildi ki, bu məsələ ABŞ-ın və AB-nin regiondakı strateji marağı ilə bağlıdır və onun təmin olunması üçün Türkiyəyə təzyiqlər edilir.
Həmin dövrdə Bakıda olan ABŞ-ın Harvard Universitetinin professoru, Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri Brenda Şaffer hətta iddia etdi ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu ilin yanvarında Amerikaya səfəri zamanı Ermənistanla sərhədləri açmağa ümumən razılıq veribmiş. Ankara bu iddiaları növbəti dəfə yalanladı.
Öz növbəsində Azərbaycan rəhbərliyi məsələ barədə qəti mövqeyini bir daha ifadə etdi. Prezident İ.Əliyev bəyan etdi ki, Türkiyə öz qapılarını Ermənistana açarsa, deməli, Dağlıq Qarabağ məsələsinin həlli, ümumiyyətlə, mümkün olmayacaq. "Çünki Azərbaycanın əlindən çox mühüm bir alət çıxacaq və bu danışıqların dayanmasına və xoşagəlməz nəticələrə gətirəcək. Türkiyə böyük, qüdrətli dövlətdir. Mən əminəm ki, Türkiyə bütün bu təzyiqlərə davam gətirəcək. Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün də, türk xalqı üçün də hər bir şeydən üstündür" - deyə İ.Əliyev vurğulamışdı.
Prezident həmin dövrdə Bakıda səfərdə olan ABŞ dövlət katibinin birinci müavini Riçard Armitacla görüşdə də Azərbaycanın prinsipial mövqeyini onun nəzərinə çatdırmışdı.
Aprelin ortalarında Ankaraya səfər edən dövlət başçısı bu məsələni bir daha müzakirə etdi və Türkiyə tərəfin problemlə bağlı qəti təminatını aldı.
Prezident bu məsələ ilə bağlı Yerevana da mesaj göndərdi: "Ermənistan Türkiyə ilə sərhədin açılmasını istəyirsə, öncə Dağlıq Qarabağ ətrafındakı beş rayonu azad etsin".
İ.Əliyev bəyan etdi ki, Qarabağ məsələsi Azərbaycanla bərabər, Türkiyənin də milli davasıdır: "Ermənilərin torpaq iddiaları təkcə bizə deyil, həm də Türkiyəyə ünvanlanıb. Biz Türkiyənin Avropa Birliyinə girməsini bütün gücümüzlə istəyirik. Amma Türkiyə böyük dövlətdir və o, xarici təzyiqlərə görə bu milli davadan vaz keçə bilməz".
Beləliklə, ötən müddətdə Türkiyənin və Azərbaycanın bu məsələ ilə bağlı mövqeyində heç bir dəyişiklik baş verməyib.
Sonda Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı Ankaranın irəli sürdüyü üç prinsipial şərti xatırlatmaq istərdik. Həmin şərtlərə görə, Türkiyə yalnız o halda Ermənistanla diplomatik münasibətlər qurar və sərhədləri açar ki, Ermənistan:
1. Türkiyəyə qarşı tarixi düşmənçiliyə və "soyqırımı" iddialarına son qoysun və bu mövzunu siyasi müstəvidən çıxarıb tarixçilərin öhdəsinə buraxsın,
2. Türkiyəyə qarşı torpaq iddialarına dair müddəaları özünün Konstitusiyasından çıxarsın və bu ölkənin ərazi bütövlüyünü tanısın,
3. Azərbaycanın işğal olunmuş ərazilərini azad etsin və Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə əlaqəsinin təhlükəsizliyinə təminat versin.
Prinsipial şərt o deməkdir ki, onların hər üçü yerinə yetirilməyincə Türkiyənin Ermənistanla əlaqə qurması mümkün deyil. Ermənistanın indiyədək nümayiş etdirdiyi davranış bu yöndə irəliləyiş gözləməyə əsas verməyib. Eyni zamanda, hazırda bu şərtlərin Ermənistan tərəfindən yerinə yetiriləcəyini, yaxud Türkiyənin AB-nin təzyiqi qarşısında öz mövqeyini təftiş edəcəyini düşünməyə əsas yoxdur. Bununla belə, AB-nin Türkiyə ilə bağlı yekun hesabatını və Ankaranın ona münasibətini gözləyək...
Vüqar ORXAN
XİN başçıları Sofiyada görüşəcəklər
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan arasında növbəti görüş gələn həftə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.
Görüş ATƏT ölkələrinin xarici işlər nazirlərinin illik toplantısı (6-7 dekabr) çərçivəsində baş tutacaq. Görüşdə ATƏT Minsk qrupunun həmsədrləri Stiv Mənn (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Anri Jakolen (Fransa) də iştirak edəcək. Bu, Azərbaycan və Ermənistan XİN başçılarının bu ildə sayca 6-cı görüşü olacaq. Eyni zamanda, Sofiyadakı görüş "Praqa prosesi"nin hansı yöndə davam edəcəyinə aydınlıq gətirməlidir.
Xatırladaq ki, XİN başçılarının aprel-avqust aylarında Praqada keçirilən görüşlərində nizamlamanın geniş spektri müzakirə olunmuş və tərəflərin müəyyən məsələlərdə kompromis nəticələrə yaxınlaşdağı bildirilmişdi. Azərbaycan tərəfin bildirdiyinə görə, Praqa danışıqlarında münaqişənin mərhələli həll variantı əsas müzakirə mövzularından olub. Öz növbəsində erməni tərəfi bu fikri rədd etmişdi. Bütün hallarda Praqa danışıqları və onların davamı olaraq prezidentlər səviyyəsində keçirilən görüşlər (apreldə Varşavada və sentyabrda Astanada) vasitəçilərdə və müxtəlif ekspertlərdə nisbi optimizm yaratmışdı.
Lakin sentyabrın 15-də keçirilən Astana görüşündən sonra Ermənistan müzakirə predmeti olan məsələləri saf-çürük etmək bəhanəsilə danışıqlarda fasilə götürdü. Bunun ardınca isə Yerevan nizamlama prosesini iflasa uğratmaq yönündə aqressiv çıxışları, Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmadığı barədə sərsəm bəyanatları yenidən dövriyyəyə buraxdı.
Öz növbəsində rəsmi Bakı Ermənistanın təcavüzü və işğal olunmuş torpaqlarda aparılan məskunlaşdırma barədə məsələni BMT-nin müzakirəsinə çıxardı. Yerevan bunun qarşısını almağa çalışaraq, əks halda danışıqlar prosesindən çıxacağını bildirdi. Amma Azərbaycan prinsipial mövqeyini dəyişmədi və məsələ noyabrın 23-də BMT Baş Assambleyasında müzakirə olundu. Bu ərəfədə, noyabrın 19-da Berlində Azərbaycan və Ermənistan XİN başçılarının qısa görüşü oldu.
Bir sözlə, Sofiya görüşü Qarabağ danışıqlarında vəziyyətin nə yerdə olduğunu və Yerevanın aqressiv tövrünün nə dərəcədə dəyişdiyini, ümumilikdə cari ilin nizamlanma prosesinə hansı töhfə verdiyini aydınlaşdırmalıdır.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının gələn həftə daha bir forumda - dekabrın 8-9-da Brüsseldə keçiriləcək Avratlantik Tərəfdaşlıq Şurasına daxil olan ölkələrin xarici işlər nazirlərinin sammitində də bir araya gələ bilərlər.
Qarabağ məsələsi
Romada diqqətə alınacaq
2005-ci ilin yanvarında Romada "dondurulmuş münaqişələr"in həlli məsələlərinə həsr olunmuş xüsusi müzakirələr keçiriləcək. Bu barədə İtaliyanın Ali Müdafiə Elmləri Mərkəzinin direktoru, bu ölkənin müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müşaviri səfir Pietro Erkole Aqo məlumat verib. Onun sözlərinə görə, forum çərçivəsində Qarabağ münaqişəsi üzrə müzakirələr də aparılacaq. Tədbirdə Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı nəzərdə tutulur. Xatırladaq ki, səfir Aqo Avropa Şurası Nazirlər Komitəsinin xüsusi monitorinq qrupunun rəhbəri kimi dəfələrlə regionda olub və Qarabağ probleminin mahiyyətini yaxşı bilir. Yeri gəlmişkən, dünən səfir Aqo Bakıda səfərdə olub və prezident İlham Əliyevlə görüşüb.
Bu arada Avropa Birliyinin xarici işlər üzrə yeni komissarı, Avstriyanın sabiq XİN başçısı xanım Benita Ferrero-Valdner (2005-ci ilin yanvarında bu postda Xavyer Solananı əvəz edəcək - red.) təşkilatın Cənubi Qafqazdakı konfliktlərin həllinə xüsusi diqqət ayıracağını vurğulayıb. Fransanın "Fiqaro" qəzetinə müsahibə verən Ferrero-Valdner bu konfliktlərin həllində dövlətlərin ərazi bütövlüyünün əsas götürülməsinin zəruriliyini vurğulayıb.
|