Vergi Məcəlləsi dəyişdirilir
Deputatlar 2005-ci ilin büdcə sənədləri paketini qəbul ediblər
Ötən həftə büdcə müzakirələrini yekunlaşdıran millət vəkilləri parlamentin bu həftə keçirilən iclaslarında iqtisadiyyat blokuna daxil olan digər sənədləri nəzərdən keçiriblər.
Noyabrın 30-da keçirilən iclasda Vergi Məcəlləsinə təklif olunan bir sıra əlavə və dəyişikliklər müzakirə edilib. Bu barədə məlumat verən İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov bildirib ki, dəyişikliklər əsasən avtonəqliyyat vasitələrinin vergiyə cəlb olunması ilə bağlıdır. Onun sözlərinə görə, məcəlləyə təklif olunan 75 dəyişikliyin 30-u redaktə xarakteri daşıyır.
Dəyişikliklərə görə, bundan sonra sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri sahiblərindən vahid tariflər əsasında vergi tutulacaq və bununla bağlı sürücülərə talon veriləcək. Nəqliyyat vasitələrinə yol vergisinin tətbiqi, sosial müdafiə fonduna ayrılan verginin 27 faizdən 22-yə endirilməsi nəzərdə tutulur. İcarə haqqı formasında gəlir əldə edən fiziki şəxslərin gəlirlərindən tutulan rüsum 10 faizdən 14 faizə qaldırılır. Bundan başqa, Məcəllənin yeni variantına görə, vergi ödəyicisi tərəfindən edilən hər hansı bir şikayətə dərhal deyil, 40 gün müddətində cavab verilməlidir.
Vergilər naziri Fazil Məmmədovun məlumatına görə, dəyişikliklərdən sonra marşrut avtobuslar 4500 manat, kənd yerlərindəki mikroavtobuslar 2700 manat vergi ödəyəcək.
Lakin millət vəkillərinin əksəriyyəti bu dəyişikliyin əleyhinə çıxıblar. Onların fikrincə, bu dəyişiklik əhalinin aztəminatlı hissəsinin ziyanına olacaq. Millət vəkilləri bildiriblər ki, bu qaydalar tətbiq edilərsə, nəqliyyatda qiymətlərin qalxması qaçılmaz olacaq. Çünki benzinin bahalaşmasından sonra nəqliyyatda gediş haqlarının sabit saxlanılması çətinliklə təmin olunur.
Maliyyə naziri Əvəz Ələkbərov isə bildirib ki, ümumiyyətlə, Vergi Məcəlləsinə edilən dəyişikliklər və bütün hesablamalar büdcənin gəlirlərinin artırılmasına yönəldilib. Onun sözlərinə görə, məcəlləyə avtonəqliyyat vasitələrinə sadələşdirilmiş vergilərin tətbiqi ilə əlaqədar dəyişikliklərin edilməsi qanunauyğundur. Nazir qeyd edib ki, ölkədə vergi siyasəti yavaş-yavaş advalor (ümumi) siyasətdən spesifik vergilərə keçmək məqsədi daşıyır.
Dekabrın 3-də keçirilən iclasda isə millət vəkilləri büdcə paketinə daxil olan digər sənədləri müzakirə ediblər. "Sosial sığorta haqqında" qanuna edilən dəyişikliklərə görə, sığorta edənlərin keçmiş Dövlət Məşğulluq və Əlilləri Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları DSMF-nin orqanlarına köçürülür. Nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə növbəti ildən başlayaraq iki yeni müavinətin verilməsi nəzərdə tutulub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və müharibə veteranı statusu qazanmış vətəndaşlara adambaşına ayda 25 min manat müavinətin verilməsi üçün 25 milyard manat, təbii qazın əhaliyə satış qiymətinin artımı ilə əlaqədar imtiyazlı kontingentə (adambaşına təxminən 5 min manat) ödənişi üçün isə 34 milyard manat əlavə vəsait proqnozlaşdırılıb.
Sonda 2005-ci ilin büdcə sənədləri paketi ümumilikdə qəbul olunub.
Bələdiyyə üzvlüyünə layiqli namizədlər seçilməlidir
Dekabrın 17-də Azərbaycanda ikinci bələdiyyə seçkiləri keçiriləcək. Hazırda bələdiyyə üzvlüyünə namizədlərin təbliğat və təşviqat kampaniyası gedir.
O da gerçəkdir ki, ötən beş ildə bələdiyyələrin fəaliyyəti ölkə əhalisi tərəfindən heç də birmənalı qarşılanmayıb, bir sıra bələdiyyələrin fəaliyyəti isə faktiki olaraq kağız üzərində olub. Odur ki, seçicilər bu dəfə səs verəcəyi namizədlərə, necə deyərlər, daha diqqətlə yanaşırlar.
Namizədliyini Bakı şəhəri Nərimanov rayonu bələdiyyəsi ərazisindən irəli sürmüş Qəzənfər Əhmədlinin sözlərinə görə, vətəndaşlar bu seçkilərdə daha diqqətli olmalıdırlar: "Artıq vətəndaşlar məhəlli idarəetmədə bələdiyyələrin hansı imkanlara malik olduğunu yaxşı başa düşür. Bu isə son beş ildə yol verilən bir sıra qüsurlara rəğmən, bələdiyyələrin fəaliyyəti barədə müəyyən pozitiv nəticələr doğurur".
Namizədin sözlərinə görə, bələdiyyələrin yerli xarakterli problemlərin həllində iştirakını genişləndirməklə onların fəaliyyətini düzgün istiqamətə yönəltmək mümkündür. Q.Əhmədlinin fikrincə, bu sahədə qanunvericiliyin də təkmilləşdirilməsinə ehtiyac var. 1999-cu ildə keçirilmiş ilk bələdiyyə seçkilərində 20 mindən artıq vətəndaşın bələdiyyə üzvü seçildiyini xatırladan Q.Əhmədli bildirir ki, ötən beş ildə bir sıra bələdiyyələrin zəif fəaliyyətinin əsas səbəblərindən biri bələdiyyə üzvlərinin yerli idarəetmə barədə düzgün təsəvvürlərinin olmaması ilə bağlıdır: "Bu günə qədər bələdiyyələrin fəaliyyəti üçün dövlət büdcəsindən ümumilikdə 100 milyard manata qədər vəsait ayrılıb. Təəssüf ki, bəzi bələdiyyələr işlərini qurub öz büdcələrini formalaşdıra bilməyiblər. Fikrimcə, bələdiyyələr gözlərini dövlətin ayırdığı vəsaitə dikməməli, öz büdcələrini yerli imkanlar hesabına formalaşdırmalı, müstəqil şəkildə maliyyə mənbələri tapmalı və istifadə qaydalarını müəyyənləşdirməlidir".
Q.Əhmədli deyib ki, bəzi bələdiyyələr öz fəaliyyətsizliyini əhalinin bələdiyyə vergisindən yayınması ilə əlaqələndirirlər. Lakin keçmiş sovet respublikalarının təcrübəsi göstərir ki, əhalidən toplanan vergilər heç də bələdiyyələrin büdcəsinin formalaşmasında əsas rol oynamır. Namizədin sözlərinə görə, yerli özünüidarəetmə orqanları öz mülkiyyətində olan torpaqlardan səmərəli istifadə etməlidir. "Ötən beş ilin təcrübəsi göstərdi ki, əksər bələdiyyələr mülkiyyətlərində olan torpaqları tez-tələsik satmaqla məşqul olublar. Əslində isə həmin torpaqların imkanlı şəxslərə icarəyə verilməsindən daha geniş istifadə olunmalıdır. Bu həm, yeni iş yerlərinin açılmasına, həm də yerli özünüidarəetmə orqanlarının daimi gəlir götürməsinə xidmət edər" - deyə o vurğulayıb.
Q.Əhmədli bildirib ki, qarşıdakı seçkilərdən sonra formalaşdırılacaq bələdiyyələrin əsas vəzifələrindən biri də yeni iş yerlərinin açılmasına xidmət etməkdir. Bunun üçün məhəlli komitələrin fəaliyyəti gücləndirilməli, vətəndaşların problemlərinin aşkara çıxarılması üçün sorğular keçirilməlidir.
|