Çapacaqla qətl
Bu il "Ukrayna" dairəsi adlanan yerdə baş verən ağır qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başlayıb. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Asif Məmmədov həyat yoldaşını çapacaqla öldürüb.
Cinayət işinin materiallarına görə, Aynurə erkən yaşından anasını itirdiyindən 3 bacısı ilə birlikdə Xətai rayonundakı uşaq evində böyüyüb. Uşaq evinin müdirəsi onlara ana kimi qayğı göstərib. Buna görə də qızlar həmin müəssisəni tərk edəndən sonra müdirə ilə əlaqələrini kəsməyiblər. Tezliklə Aynurənin böyük bacısı Lalə ailə həyatı qurub. Bundan sonra bacılar onun evində yaşamağa başlayıblar. Lalənin qonşusu Asif Aynurəyə elçi göndərib və onlar evləniblər.
Asif müntəzəm şəkildə spirtli içki içdiyindən, ailənin maddi təminatı getdikcə pisləşib, ər-arvad arasında tez-tez mübahisələr düşüb. Yaxınları Aynurəyə səbirli olmağı məsləhət görsələr də, sonda vəziyyət dözülməz hal alıb. Aynurə ayrılmaq qərarı verib, paltarlarını yığaraq bacısının evinə dönüb. Bundan iki ay sonra metroda təsadüfən uşaq evində birlikdə qaldığı Eldarla rastlaşıb. Söhbət zamanı hər ikisi bir-birinin şəxsi həyatı ilə maraqlanıb. Eldar həyat yoldaşından boşandığını bildirib. Aynurə də eyni taleni yaşadığını söyləyib. Bundan sonra onlar müntəzəm telefon əlaqəsi saxlayıblar. Eldar Aynurəyə evlənməyi təklif edib və qız razılaşıb. Lakin Asif həyat yoldaşı ilə barışmaq üçün yollar axtarmağa başladığından, bu məsələ bir qədər yubadılıb. Belə ki, Asif bir neçə dəfə Aynurəyə zəng vuraraq evə qayıtmağını tələb edib. Lakin həyat yoldaşının razılaşmadığını gördükdə valideynlərini Laləgilə göndərib. Lakin Aynurə təkidlə onunla barışmayacağını bildirib. Bundan sonra Asif həyat yoldaşına hədə-qorxu gəlməyə başlayıb. A.Məmmədov arvadının başqası ilə görüşdüyünü düşünərək, onu öldürmək qərarına gəlib. O, Aynurəni izləməyə başlayıb.
Bu il avqustun 20-də Aynurənin evdən çıxaraq avtobusa əyləşdiyini görən Asif mağazadan çapacaq alaraq taksiyə oturub. Avtobusu izləməyə başlayıb. "Ukrayna" dairəsinin yaxınlığında Aynurənin avtobusdan düşdüyünü görərək taksini saxlatdırıb və yaxınlıqdakı ağaclıqda gizlənib. Bu zaman qadının telefonla danışdığını görüb. Onun kimi isə görüşə çağırdığını düşünən Asif ağaclıqdan çıxıb. Əvvəlcə Aynurəni qəddarcasına döyüb. Sonra isə çapacaqla baş və bədən nahiyələrinə 10 zərbə endirib. Qadın hadisə yerində keçinib. Bundan sonra Asif həyat yoldaşının mobil telefonu ilə uşaq evinin müdirəsinə zəng vuraraq, "Aynurənin başını kəsib yerə atmışam, "Ukrayna" dairəsinin yaxınlığındadır, baxa bilərsiniz",- deyib.
Müdirə tez Laləyə zəng vuraraq, Asifin Aynurəni döydüyünü bildirib və həmin ünvana getməyi məsləhət görüb. Hadisə yerinə çatanda yolda xeyli insanın toplaşdığını görən bacılar Aynurənin meyitinin asfalta uzadıldığının şahidi olublar. A.Məmmədov isə cinayətdə istifadə etdiyi çapacağı yaxınlıqdakı binaların birinin blokuna ataraq, 30-cu polis bölməsinə gedib və həyat yoldaşını öldürdüyünü bildirib.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş A.Məmmədova qarşı hazırda CM-in 120.2.4 maddəsilə ittiham irəli sürülüb.
İ.XANLARQIZI
Ailə münaqişəsi faciə ilə nəticələnib
Astara rayon sakini, 18 yaşlı Vüqar Hüseynov atasını öldürüb. Oğlan anasını və bacısını müdafiə etmək üçün bir neçə dəfə atasına yaxınlaşsa da, özü də döyülüb. O, bıçağa əl atıb, atasının qan itirdiyini görəndə isə evdən qaçıb.
Cinayət işinin materiallarına görə, bu il martın 12-də Şahəddin Hüseynov həyat yoldaşından 2 min manat pul istəyib. Şahəddinin həmin pulu spirtli içkiyə xərcləyəcəyini bilən qadın isə neft almaq üçün 10 min manat lazım olduğunu söyləyib. Buna görə onların arasında dava düşüb. Oğlan valideynlərini sakitləşdirməyə çalışıb. Bu zaman Şahəddinin qəzəbinə tuş gəlib. Atası onu bərk vurub. Sonra yenidən həyat yoldaşı ilə dalaşmağa başlayıb. Qadın axşama kimi saxsı qab satıb ona pul verəcəyini desə də, Şahəddinin qəzəbi soyumayıb. Ata bu dəfə anasının müdafiəsinə qalxan qızını döyməyə başlayıb. Atasının hərəkətləri Vüqara pis təsir edib. Qadın uşaqlarının müdafiəsinə qalxıb və Şahəddin onun saçlarından tutaraq evin içində sürüməyə başlayıb. Vüqar anasının harayına çatsa da atası ilə bacarmayıb. O, həyətə qaçaraq tövlədən bıçaq götürüb və geri qayıdaraq atasının qarın nahiyəsinə zərbə endirib. Şahəddin qışqıraraq eyvana çıxıb və onunla qonşu olan qardaşını köməyə çağırıb. Səsə gələn qardaşı və digər qonşular Şahəddini avtomobilə qoyaraq Astara Rayon Xəstəxanasına aparıblar. Lakin Ş.Hüseynov kəskin qanitirmə nəticəsində yolda keçinib.
V.Hüseynov ifadəsində bildirib ki, hadisəni törətdikdən sonra axşama kimi kəndlərindəki türbədə atasının ölməməsi üçün dua edib. Lakin qayıdanda polislər onu yaxalayıblar.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Vəkil Şükürovun sədrlik etdiyi hakimlər kollegiyasının qərarı ilə V.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum olunub.
İLHAMƏ
Bir mənzildə 2 meyit
Yasamal rayonunda ağır qətl hadisəsi baş verib. Şərifzadə küçəsi 16 saylı evin 14-cü mənzilində yaşayan 39 yaşlı Aqil Məmmədov həyat yoldaşı, 30 yaşlı İradə Əhmədzadəni boğaraq qətlə yetirib.
Sonra isə özünü asıb. Hadisə yerinə baxış keçirilərkən A.Məmmədovun cəsədi tavandan asılmış vəziyyətdə, qadının meyiti isə yataq otağında aşkarlanıb.
İlkin araşdırmalara görə, A.Məmmədov İ.Əhmədzadə ilə 6 ay əvvəl ailə qurub. Son vaxtlar isə onların münasibətləri pisləşib. Bundan İradənin qohumlarının da xəbəri varmış. Məlum olub ki, Aqil həyat yoldaşını noyabrın 26-da öldürüb, meyitini isə yataq otağında gizlədib. Ertəsi gün qadının yaxınları A.Məmmədovun evinə qonaq gəliblər. Onlar İradəni soruşublar. Aqil onun evdə olmadığını deyib. Qonaqlar bir az Aqillə söhbət edəndən sonra gediblər.
Ancaq həmin adamlar gecə saatlarında yenə gəliblər. Qapını nə qədər döysələr də açan olmadığını gördükdə sındıraraq içəri giriblər. Bundan sonra evdə cəsədləri aşkar edən qohumlar polisə xəbər veriblər.
Yasamal Rayon Məhkəmə-Tibb Ekspertizasının rəyinə görə, A.Məmmədov özünü asmazdan əvvəl damarlarını doğrayıb.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam edir.
|