...Dünya heç kimin
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, xalq şairi Məmməd İnfil oğlu İbrahimov (Məmməd Araz) dekabrın 1-də ömrünün 72-ci ilində vəfat edib.
Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, daha sonra Bakıya köçüb və Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olub. Mərhum şair Azərbaycanda çıxan müxtəlif jurnal və qəzet redaksiyalarında məsul katib, redaktor müavini və redaktor vəzifələrində çalışıb. O, 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar Birliyinin poeziya bölməsinə rəhbərlik edib.
Məmməd Arazın yarım əsr davam edən ədəbi yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanlarımıza vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük xidmətlər göstərib. Onun xalqa bağlılıq, milli kolorit, rəvan dil və ahəngdarlıqla səciyyələnən poeziyasında yüksək vətəndaşlıq ruhu hökm sürür. Şairin qələmindən çıxan hər bir poeziya nümunəsi özünəməxsusluğu, orijinallığı və bədii məziyyətləri ilə seçilir.
Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsl xalq şairi, Azərbaycan ziyalısı idi.
Şairin əsərləri ayrı-ayrı xalqların dillərinə tərcümə edilərək nəşr olunub. Məmməd Arazın bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış olmaq imkanı qazanıb. Azərbaycanda Məmməd Arazın ədəbi fəaliyyəti yüksək qiymətləndirilib. O, "Əməkdar mədəniyyət işçisi", "Xalq şairi" fəxri adlarına, Dövlət mükafatına layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı - "İstiqlal" ordeni ilə təltif olunub.
Məmməd Araz dekabrın 2-də dəfn olundu. Onun dəfn mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub. Prezident İlham Əliyev, Milli Məclisin Sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mərhumun cənazəsi yanında fəxri qarovulda dayanıblar. Daha sonra dövlətimizin başçısı mərhumun ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verib.
Matəm çıxışlarından, şairlə vidalaşma mərasimindən sonra cənazə teatrın binasından qaldırılaraq Fəxri Xiyabana götürülüb. Burada mərhumun ruhuna dualar oxunduqdan sonra onun cənazəsi torpağa tapşırılıb.
"Riqoletto" yenidən səhnədə
Opera və Balet Teatrı klassik opera sənəti həvəskarlarına gözəl bir Yeni il töhfəsi hazırlayıb. Dekabrın 18-də bu teatrda görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin ölməz "Riqoletto" operası oynanılacaq.
Tamaşaçılar yerli vokal ustaları ilə yanaşı, dünya opera sənəti ulduzlarının da ifası ilə tanış olmaq imkanı qazanacaqlar. Ümumiyyətlə, tamaşanın təşkilatçıları opera həvəskarlarının önünə əsl beynəlmiləl heyət çıxarmağı planlaşdırırlar. Belə ki, tamaşada baş rolu - Riqoletto partiyasını məşhur vokalçı və opera sənətçisi, SSRİ xalq artisti, Dövlət mükafatları və vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor İvan Ponomarenko ifa edəcək.
Xatırlatmaq yerinə düşər ki, İvan Ponomarenko Avstriyanın Zalsburq və Almaniyanın Münhen şəhərlərində keçirilən beynəlxalq opera sənəti festivallarında Riqoletto rolunun ən yaxşı ifaçısı üçün təsis edilən mükafatın sahibidir. Əslən Ukraynadan olan İ. Ponomarenko hazırda Avropanın La Skala, Koven-Qarden və s. kimi məşhur opera səhnələrində uğurla çıxış edir. Məşhur ifaçı Azərbaycana ilk dəfə gəlir. Ukraynanın xalq artisti Ponomarenko ilə danışıqlar hələ ötən mövsümdən aparılırdı. Amma sənətkarın iş qrafiki sıx olduğu üçün indiyədək onun Azərbaycana səfəri baş tutmurdu.
Tamaşada əsas obrazlardan biri - Cilda partiyasını Ukrayna Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqlərinin laureatı Olqa Naqornaya ifa edəcək. Gürcüstanın xalq artisti, qonşu ölkənin Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqəsinin mükafatçısı Teymuraz Ququşvili də "Riqoletto" operasının tamaşasında əsas rollardan birində - Hersoq partiyasında çıxış edəcək. Onlarla birlikdə Azərbaycanın tanınmış və istedadlı vokal ustaları, o cümlədən əməkdar artistlər Şahlar Quliyev, Əli Əsgərov və Əkrəm Poladov da səhnəyə çıxacaq.
Tamaşa teatrın baş dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi Cavanşir Cəfərovun rəhbərliyi altında oynanılacaq.
Fuad Şabanovun filmi
Avrasiya festivalının qalibi oldu
Rusiyada yaşayan soydaşımız, rejissor Fuad Şabanovun lentə aldığı "İnqilab naminə və ya Kobadan salam" filmi bu yaxınlarda Moskvada keçirilmiş VII Avrasiya Kinoforumunda "Ən yaxşı sənədli film" nominasiyasında qalib gəlib.
"İnqilab naminə və ya Kobadan salam" filmi Rusiya hökumətinin himayəsilə yaradılan 20 seriyalı "Rus millətinin nümayəndəsi" layihəsinin tərkibinə daxildir. Həmvətənimizin lentə aldığı seriya Stalindən bəhs edir. Onun bir sıra fraqmentləri Bakıda çəkilib. Azərbaycandakı arxivlərdən geniş şəkildə istifadə edilib.
Fuad Şabanov 1986-91-ci illərdə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun bədii film və telefilm rejissoru fakültəsində oxuyub. Ali məktəbi bitirdikdən sonra bir müddət Moskvada və Bakıda çalışıb. "Sonuncu reys" və "Müharibə oyunu" kimi filmləri lentə alıb. Azərbaycanda müasir klip yaradıcılığının əsasını qoyanlardan biri olub. "İki şəhər" ("Xəlitə" qrupu), "Mən səni gördüm" ("İnam") kimi klipləri lentə alıb. Reklam səhnəciklərinin çəkilməsində də böyük uğur qazanıb. Onu Moskvada "Mazda" və "Ferrari"nin ən yaxşı kliplərinin müəllifi kimi tanıyırlar. Soydaşımız hazırda Rusiyanın REN-TV telekanalında çalışır.
|