Azərbaycan intellektuallarının parlaq qələbəsi
Komandamız "Nə? Harada? Nə vaxt?"
oyununun mütləq dünya çempionu oldu
Ötən həftənin sonunda məşhur "Nə? Harada? Nə vaxt?" intellektual oyununun həlledici mərhələsi keçirilib.
Bu mərhələ ən ağıllıların, ən savadlıların yığma komandaları arasında mütləq dünya çempionunu müəyyənləşdirməli idi. Bu mərhələdə "Nə? Harada? Nə vaxt ?"nin hazırkı dünya çempionu - Balaş Qasımovun başçılıq etdiyi Azərbaycan intellektualları ilə həmin oyunun tamaşaçıları qarşılaşırdılar. Həmyerlilərimizin heyətində "Nə? Harada? Nə vaxt?" elitar intellektuallar klubunun iki üzvü - bakılı Dmitri Avdeyenko, habelə "Büllur bayquş" mükafatı laureatı Rövşən Əsgərov da yer alırdı. Bu mübarizədə Azərbaycan komandası qalib gələrək mütləq dünya çempionu adını qazanıb.
Xatırladaq ki, mütləq dünya çempionu adı uğrunda mübarizə artıq üçüncü dəfə keçirilirdi. İndiyədək keçirilən iki belə yarışmada dünya çempionları tamaşaçı intellektuallara uduzublar. 2002-ci ildə Aleksandr Druzun (Sankt-Peterburq), ötən il isə Maksim Potaşovun (Moskva) komandası tamaşaçılar qarşısında "ağ bayraq qaldırmışdılar".
Sevindirici haldır ki, dünya çempionlarının məğlubiyyət sindromunu məhz azərbaycanlılar qırıblar. Onlar televiziya tamaşaçılarının yığma komandasını 6:4 hesabı ilə məğlub ediblər. Bu qələbədə Dmitri Avdeyenkonun xüsusi payı olub. O, 4 suala düzgün cavab verib. Balaş Qasımovun komandası tamaşaçıların qarşısına aşağıdakı heyətlə çıxmışdı: Dmitri Avdeyenko, Rövşən Əsgərov, Adnan Axundov, Anar Quliyev, Rauf Nəcəfli, Balaş Qasımov (kapitan).
"Abşeron" step kompaniyası
dağılmaq üzrədir
"Abşeron" step kompaniyasının bədii rəhbəri Zaur Teymurbəyov səkkiz il rəhbərlik etdiyi qrupu tərk edərək, Moskvaya yola düşür. Zaurun qrupu başlı-başına buraxaraq çıxıb getməsinin səbəbi isə burada gördüyü ögey münasibətdir. Dediyinə görə, o, artıq belə münasibətdən bezib və odur ki, Rusiyaya üz tutur.
Xatırladaq ki, Zaur Teymurbəyov Moskva Teatr İnstitutunda təhsil alıb və elə Rusiyaya da orada yaşayan müəllimlərinə güvəndiyi üçün yollanır.
Ülvi Qılınc Hollivud
ulduzlarının gözünü
yolda qoyacaq
Opera və Balet Teatrının solisti Ülvi Qılınc Hollivudun ən məşhur ulduzlarından - Madonna, Uitni Hyuston, Meray Kerri və Enrike İqlesiasdan duet oxumaq təklifi aldığını deyir.
Onun sözlərinə görə, bir neçə ay əvvəl tanınmış müğənni İlhamə Quliyeva və skripkaçı Ceyhunla Hollivuda etdiyi səfər ona düşərli olub. Müsabiqə zamanı kinoprodüsserlərdən biri ifaçının səsini çox bəyəndiyini deyərək, ondan disklərini alıb. Bu yaxınlarda isə həmin disklər adı çəkilən dünya ulduzlarına təqdim edilib və onlar da öz növbələrində Ülvi Qılıncla duet oxumaq istədiklərini bildiriblər. Amma, deyəsən, gənc opera ifaçımız Hollivuddakıların gözünü yolda qoymalı olacaq. Çünki Ülvi Qılınc ona Hollivudda yaşamaq və fəaliyyət göstərmək üçün 1 milyon dollardan da çox vəsait tələb olunduğunu deyir. İfaçının sözlərinə görə, mədəniyyət naziri Polad Bülbüloğlu bu uğur münasibəti ilə onu təbrik etsə də, nazirlik layihəni gerçəkləşdirmək iqtidarında deyil. Birləşmiş Ştatlarda yaşamaq və albom buraxdırmaq üçün lazım olan bu məbləğə görə isə ifaçı Hollivud ulduzlarına "ağız açmaq" istəmir. Odur ki, ifaçı Hollivuddan əlini üzüb yaxın Türkiyə ilə kifayətlənməli olacaq. Yaxın zamanlarda Ülvi Qılınc Heydər Əliyev adına respublika sarayında Türkiyənin tanınmış sənətçisi Bülənt Ərsoyla konsert verəcək. Belə bir konsertin Türkiyədə də baş tutacağı gözlənilir.
|