#48(1025) REGİON
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Region

Dünya

Sərbəst

Araşdırma

İş həftəsi

Kriminal

Mədəniyyət

Cəmiyyət

Ədəbiyyat

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

ARXİV
    DEKABR 2004    
B.e Ç.a Ç. C.a C. Ş. B.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Ermənilərin kəmər xülyası reallaşır?
12 ildən bəri müzakirəsi gedən İran-Ermənistan qaz kəmərinin tikintisinə start verilib

Xəbər verildiyi kimi, noyabrın 30-da Araz çayının sahilində İran-Ermənistan qaz kəmərinin tikintisi başlanıb. Ermənistanın baş naziri Andranik Marqaryanın iştirak etdiyi mərasimdə İranı bu ölkənin energetika naziri Həbibulla Bitərəf təmsil edib. Tərəflər 12 ildən bəri müzakirəsi gedən kəmərin tikintisinin başlanmasını "tarixi hadisə" adlandıraraq iki ölkə arasında əməkdaşlığın strateji səviyyəyə qalxdığını vurğulayıblar.
Xatırladaq ki, İran-Ermənistan qaz kəməri barədə ikitərəfli memorandum hələ 1992-ci ilin yayında imzalanmışdı. Həmin vaxtdan ermənilərin "mavi arzusu"na çevrilən bu layihə ötən müddətdə çeşidli spekulyasiya mərhələlərindən keçib. Azərbaycanın transmilli enerji layihələrinin işə düşməsindən (1994) sonra ermənilər özlərinin kəmər xülyasını xüsusi canfəşanlıqla nümayiş etdirməyə başlamışdılar. Özəlliklə Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşaasının başlanması ermənilərin isteriyasını son həddə çatdırıb. Yerevan nəyin bahasına olursa-olsun Ermənistanın da regional enerji layihəsində iştirak etdiyini nümayiş etdirmək əzmindədir. Təsadüfi deyil ki, ermənilər ilk vaxtlar qaz kəmərini böyük regional layihə olaraq təqdim etməyə və onu İran qazının Avropaya (Gürcüstan və Ukraynanı da layihəyə cəlb etməklə) nəqli imkanı kimi lobbiləşdirməyə çalışırdılar. Lakin öncədən iflasa məhkum olan bu avantüra baş tutmadı və Yerevan, necə deyərlər, kiçik regional layihə ilə kifayətlənməli oldu.
Amma uzunluğu cəmisi 141 kilometr olacaq kəmərin startının verilməsi də ermənilər üçün rahat başa gəlmədi. Yerevan bu layihə ilə bağlı Rusiyanın razılığını almaq üçün ona uzun müddət minnətçi düşdü. Nəhayət, Moskva bir şərtlə kəmərin tikintisinə razılıq verdi ki, Ermənistanın İrandan alacağı qaz Rusiyanın ermənilərə satdığı qazı üstələməyəcək və Yerevan heç bir halda bu kəmərlə üçüncü ölkəyə (sözsüz ki, burada Rusiyanın qaz bazarındakı daha bir alıcısı - Gürcüstan nəzərdə tutulur) qaz satmağa cəhd etməyəcək. Elə gələcək qaz kəmərinin nəql imkanları da Moskva tərəfindən limitləşdirildi.
Beləliklə, 2004-cü il mayın 13-də Yerevanda imzalanan sazişə əsasən, İran tərəfi 20 il ərzində Ermənistana 36 milyard kubmetr qaz ixrac etməli, Yerevan isə onun əvəzini elektrik enerjisi ilə ödəməlidir. Kəmərin inşası 2006-cı ildə başa çatmalı, qazın nəqli isə 2007-ci ilin əvvəlində başlanmalıdır. İlk mərhələdə kəmərlə cəmisi 500 milyon kubmetr qaz nəql olunacaq. Kəmərin tikintisinin bu ilin yayında başlanması ön görülsə də, erməni tərəfin öz payının inşası ilə bağlı maliyyə vəsaiti tapmaması prosesi ləngitdi. 2004-cü il sentyabrın 8-də prezident Məhəmməd Xatəminin Yerevana səfəri gedişində maliyyə məsələsi həll olundu. Əldə olunan razılaşmaya əsasən, İranın Eksimbankı kəmərin Ermənistan hissəsinin (41 kilometr) maliyyəsi üçün 30 milyon dollar kredit ayıracaq və tikintini İranın "Samir" şirkəti həyata keçirəcək. Kəmərin 100 kilometrlik İran hissəsi isə təxminən 100 milyon dollara başa gəlməlidir. Yeri gəlmişkən, 2004-cü ilin avqustunda prezident Xatəminin Azərbaycana səfəri zamanı İrandan Naxçıvana qaz kəmərinin tikintisi barədə razılaşma əldə olunub və həmin kəməri də İranın sözügedən şirkəti tikəcək. 2005-ci ilin sonunadək inşası başa çatmalı olan kəmərlə İrandan alınacaq qazın əvəzini Azərbaycan tərəfi də elektrik enerjisi ilə ödəyəcək.
Xatəminin Bakı görüşlərində əldə olunmuş digər razılığa əsasən, "Samir" şirkəti Azərbaycan ərazisində 4 elektrik stansiyasının və iki ölkə sərhədində 3 körpünün inşasını da həyata keçirməlidir. Buradaca qeyd edək ki, İranla Ermənistan arasında bağlanmış sazişə görə, 2005-2006-cı illərdə iki ölkə Araz çayı üzərində su elektrik stansiyası tikməlidir. Onun da inşasını İran tərəfi gerçəkləşdirəcək.
Göründüyü kimi, İranın Ermənistanla əməkdaşlıq təklifləri bu ölkənin Azərbaycanla əməkdaşlığının xeyli dərəcədə təkrarıdır. Bu isə o deməkdir ki, İran, özünün bəyan etdiyi kimi, Azərbaycan və Ermənistanla əməkdaşlıqda tarazlı siyasətə üstünlük verir və bizimlə münasibətlərdə erməniləri, ermənilərlə münasibətlərdə isə bizi göz önünə alır....

"Mehriban düşmənlər", yaxud beş əsrdə bir səfər
Vladimir Putinin Ankaraya rəsmi ziyarəti Rusiya-Türkiyə münasibətlərinin tarixin stereotiplərindən qurtulduğunu nümayiş etdirəcəkmi?

Dekabrın 6-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri başlanır. Xatırladaq ki, Türkiyənin dövlət başçısı Əhməd Necdət Sezər 2000-ci ildə rusiyalı həmkarını rəsmi səfərə dəvət etmiş və Putinin bu ziyarəti bir neçə dəfə ertələnmişdi. Sonuncu dəfə 2004-cü ilin sentyabrında Rusiyadakı məlum Beslan terroru səbəbiylə təxirə salınan ziyarət, nəhayət, gerçəkləşir.
Həm Rusiya, həm də Türkiyə səfərə müstəsna önəm verir. Bu da səbəbsiz deyil. Tarixə nəzər salsaq, bu səfəri həqiqətən tarixi hesab etmək olar. Son beş əsrdə, yəni 1492-ci ildə Osmanlı imperiyası və çar Rusiyası arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan bəri ilk dəfə olaraq Rusiya dövlətinin başçısı Türkiyəyə rəsmi səfər edir.
Əsrlər boyu müharibə aparmış Osmanlı və Rusiya imperiyalarının münasibətlərində dinc qonşuluq və əməkdaşlıq dövrü, demək olar ki, olmayıb. O cümlədən XX əsrdə Birinci və İkinci Dünya müharibələrində Ankara və Moskva cəbhə xəttinin əks tərəflərində olub. Düzdür, bolşeviklərin hakimiyyətinin ilk illərində Lenin Rusiyası ilə Atatürk Türkiyəsinin münasibətləri qısa müddətə yaxınlaşmış, o cümlədən 1921-ci ilin martında Moskvada dostluq və əməkdaşlıq haqqında saziş imzalanmışdı, lakin Stalin dövründə bu prosesə son qoyuldu. Hətta 1945-ci ildə Almaniya üzərində qələbədən sonra Stalin Türkiyəyə qarşı (Türkiyə Almaniyanın formal müttəfiqi olmuşdu) ərazi iddiaları irəli sürmüşdü. Stalinin ölümündən sonra Moskva-Ankara münasibətləri qismən mülayimləşsə də, Türkiyənin NATO-ya daxil olması (1952) və Türkiyənin 7 hərbi bazasında SSRİ ərazisinə tuşlanmış ABŞ raketlərinin yerləşdirilməsi (1959) münasibətləri daima gərginlik içində saxlayıb. Sovet dövründə yüksək vəzifəli SSRİ məmurlarından yalnız bir nəfər - Ali Sovetin sədri Nikolay Podqornı 1973-cü ildə Türkiyəyə səfər etmişdi. Lakin bu səfəri tərəflərdən heç biri "dövlət səviyyəsində" səfər adlandırmadı.
SSRİ-nin dağılmasından sonra Rusiya rəhbəri Boris Yeltsin də ənənəyə sadiq qaldı. Düzdür, 1999-cu ilin noyabrında Yeltsin ATƏT-in İstanbul zirvəsinə qatılmışdı, amma, rəsmi ziyarət barədə dəvətləri gözardı etmişdi. Halbuki 1991-1999-cu illərdə Türkiyədən prezident (Turqut Özal) və baş nazirlər (Süleyman Dəmirəl, Tansu Çillər, Bülənd Ecevit) səviyyəsində Moskvaya səfərlər olmuşdu. Beləliklə, Rusiya tərəfi ilk dəfə olaraq tarixi stereotiplərdən əl çəkmək niyyəti nümayiş etdirir və Putin uzaq Çili və Braziliyaya səfərlərdən sonra Qara dənizin əks sahilindəki qonşusu Türkiyəni ziyarət edir.
Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Moskva ilə Ankaranın siyasi münasibətləri o qədər inkişaf etməsə də, iqtisadi əməkdaşlıqda böyük irəliləyiş əldə olunub. 1990-cı illərin əvvəlində Türkiyənin ən iri şirkətləri, o cümlədən inşaat firmaları Rusiyada uğurla fəaliyyət göstərir. Türkiyə şirkətlərinin Rusiyadakı sərmayələrinin həcmi 2 milyard dollardan çoxdur. Təsadüfi deyil ki, Putinin Türkiyə səfərinin başlıca mövzuları iqtisadi problemlər olacaq. 2004-cü ilin yekunlarına görə, iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin 11 milyard dollara çatacağı gözlənilir, ancaq tərəflər bu göstəricini məqbul saymır. Bu məsələ Putinin səfəri ərəfəsində, noyabrın 30-da Moskvada keçirilən Rusiya-Türkiyə hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının VI iclasında da əsas müzakirə mövzusu olub. Komissiyanın türkiyəli həmsədri Gürşad Tüzmenin sözlərinə görə, tərəflər yaxın 3 ildə əmtəə dövriyyəsinin həcmini 20 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.
Öz növbəsində rusiyalı həmsədr V.Xristenko vurğulayıb ki, Rusiya şirkətləri Türkiyədə energetika, neft və qaz emalı obyektlərinin özəlləşdirilməsində iştirak etməkdə maraqlıdır. Səfər gedişində Rusiyadan Türkiyəyə təbii qaz göndərilməsində ("Mavi axın" layihəsi) ortaya çıxmış problemlərin çözüləcəyi də gözlənilir. İkitərəfli razılığa əsasən, "Qazprom" Türkiyə energetikasına iri məbləğdə sərmayə qoyacaq, öz növbəsində Türkiyə 1997-ci ildə imzalanmış müqavilə (25 il ərzində 365 milyard kubmetr qaz idxalı) üzrə öhdəlikləri yerinə yetirəcək. Bu halda Türkiyə Almaniya və Ukraynadan sonra Avropada Rusiya qazının üçüncü böyük istehlakçısı olacaq.
Maraqlıdır ki, Türkiyənin Rusiya ilə iqtisadi tərəfdaşlığı genişləndirməsi Ankaranın AB ilə dialoqunun genişləndiyi dövrə təsadüf edir. O ki qaldı Putinin ziyarəti ilə Rusiya-Türkiyə münasibətlərinin tarixin stereotiplərindən qurtulacağına, zənnimizcə, bunu iddia etmək üçün səfərin konkret nəticəsini gözləmək lazımdır. Hər halda mövcud reallıq, o cümlədən regional miqyasda geosiyasi rəqabət (Cənubi Qafqaz və Orta Asiyada) Moskva ilə Ankaranı strateji tərəfdaş qismində təqdim etməyə hələ əsas vermir...

Türkiyə AB-nin son qərarını gözləyir

Xəbər verildiyi kimi, dekabrın 17-də Avropa Birliyinin Brüsseldə keçiriləcək zirvə toplantısında Türkiyənin bu quruma üzvlüyünə dair danışıqların başlanması barədə qərar verilməlidir. Baxmayaraq ki, oktyabrda AB-nin Türkiyə ilə bağlı hesabatı müsbət olmuşdu, məhz Brüssel zirvəsində Türkiyə ilə müzakirələrin nə vaxt və hansı şərtlərlə başlanacağı qərarlaşdırılacaq. Hələlik bu məsələdə AB daxilində yekdil mövqe yoxdur. Bəzi ölkələr müzakirələri dərhal, digərləri 2005-ci ilin ikinci yarısında başlamağı təklif edir, bir sıra ölkələr isə (məsələn, Avstriya) Türkiyəyə tamhüquqlu üzvlükdən kənar status verilməsinin tərəfdarıdır. O da gerçəkdir ki, bu məsələdə həlledici sözü AB-nin aparıcı dövlətləri - Fransa, Almaniya, Britaniya və İtaliya deyəcək. Brüssel zirvəsində müzakirəyə alınacaq qərar layihəsində Türkiyənin Cənubi (yunan) Kiprini dərhal tanımasını ön görən maddənin olması barədə xəbərlər Ankarada narahatlıq yaradıb. Türkiyə bu məsələnin AB ilə müzakirə sürəcində və Şimali Kiprlə bağlı vəziyyət aydınlaşandan sonra həllinə tərəfdardır. Bu məsələ Avropa Parlamentində (AB-nin məşvərətçi orqanı) Türkiyə ilə bağlı hazırlanan qətnamə layihəsində də əksini tapıb. Noyabrın 30-da AP-nin xarici əlaqələr komissiyasında qəbul edilən sənəddə Türkiyə ilə üzvlük müzakirələrinin "gecikmə olmadan" başlanması, lakin bundan öncə Ankaranın AB-nin 25 üzvündən biri olan yunan Kiprini tanıması önə sürülür. O ki qaldı AB ilə müzakirənin nə qədər sürəcəyinə, təşkilatdakı hətta ən nikbin dairələr Türkiyənin 2014-cü ildən erkən üzvlüyə alınmayacağı qənaətindədir. Bu arada Avropanın nüfuzlu həftəliyi olan "European Voice"nin keçirdiyi ənənəvi oxucu sorğusunda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "İlin avropalısı" adına layiq görülüb.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding