#48(1025) İŞ HƏFTƏSİ
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Region

Dünya

Sərbəst

Araşdırma

İş həftəsi

Kriminal

Mədəniyyət

Cəmiyyət

Ədəbiyyat

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

ARXİV
    DEKABR 2004    
B.e Ç.a Ç. C.a C. Ş. B.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Çeklərin paylanması başa çatıb
İndiyədək imtiyazlı şəxslərə əlavə olaraq 106 min 850 çek verilib

Deyəsən, ölkə başçısının müvafiq sərəncamı ilə əlavə özəlləşdirmə çekləri almaq hüququ olan imtiyazlı şəxslərin bir qrupu bu hüquqdan istifadə edə bilməyəcək. Çünki son vaxtlar yayılan məlumatlarda bir qrup şəhid ailəsinin, xüsusən də rayonlarda yaşayan imtiyazlı vətəndaşların əlavə özəlləşdirmə çeklərini hələ də almadığı bildirilir.
Xatırladaq ki, "Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) istifadə müddətinin uzadılması haqqında" 11 iyun 2004-cü il tarixli prezident fərmanına əsasən, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və Əfqanıstan müharibəsində həlak olmuş vətəndaşların ailələri, ikinci dünya müharibəsi və Çernobıl əlilləri əlavə özəlləşdirmə çeki almaq hüququna malikdir. Amma Qarabağ müharibəsi veteranı Ələsgər Əliyev "Bizim ƏSR"in müxbiri ilə söhbətində bildirib ki, o, həmin çekləri almaq üçün indiyədək bir neçə dəfə icra hakimiyyətinə müraciət etsə də, buna nail ola bilməyib. Çünki icra hakimiyyətindən deyiblər ki, əlavə çek almaq hüququ olanların siyahısı yenicə hazır olduğu üçün İqtisadi İnkişaf Nazirliyi sözügedən qiymətli kağızları hələ müvafiq qurumlara göndərməyib.
Birləşmiş Universal Səhmdar Bankından (BUSBank) aldığımız məlumata görə, əlavə paylanış üçün nəzərdə tutulmuş özəlləşdirmə çeklərinin hamısı bu qurumun 67 şəhər və rayon filialı vasitəsilə öz sahiblərinə paylanıb. Bankdan onu da bildiriblər ki, əlavə özəlləşdirmə çeki almaq hüququna malik vətəndaşlar bunun üçün icra hakimiyyətinə deyil, BUSBankın yerlərdəki filiallarına müraciət etməlidirlər. Dövlətin vətəndaşlara verdiyi bu qiymətli kağızları almaq hüququ olan qaçqın və məcburi köçkünlər isə sözügedən çekləri müvəqqəti qeydiyyatda olduqları rayonun ərazisindəki BUSBank filiallarından ala bilərlər.
Onu da qeyd edək ki, nəhayət, İqtisadi İnkişaf Nazirliyi də çeklərin paylanmasına dair yekun nəticələri açıqlayaraq, bu narahatçılığa son qoyub. Beləliklə, indiyədək özəlləşdirmə çekini almayan vətəndaşlara avqustun 11-dən sonra 332 min 516, əlavə pay almaq hüququ olan imtiyazlı şəxslərə isə 106 min 850 çek paylanıb. İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib ki, hazırda BUSBankın anbarlarında 20 min 92 özəlləşdirmə çeki qalıb. Bu çeklər məhv ediləcək və paylarına düşən özəlləşdirmə çeklərini almaq üçün sonuncu fürsətdən də istifadə edə bilməyənlərə heç bir güzəşt olunmaycaq.

E.SALAHOV

Əlil uşaqlara qayğı hər kəsin borcudur
3 dekabr Beynəlxalq Əlillər Günüdür

Dünən Beynəlxalq Əlillər Günü idi. Hazırda bütün dünyada 150 milyondan artıq xüsusi qayğıya ehtiyacı olan uşaq var. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin 150 milyon digər uşaqlarla müqayisədə "qabiliyyətsiz" hesab edilir, onların sevmək və sevilmək imkanları əllərindən alınır, onlar intellektual fəaliyyət üçün, dost münasibətləri üçün, yaradıcılıq üçün yararsız hesab olunurlar, ətrafdakılar tərəfindən fiziki və seksual zorakılığa məruz qalırlar, ancaq çatışmazlıqlarını görüb, bacarıqlarına diqqət yetirmirlər.
Son statistik məlumatlara görə, Azərbaycanda sağlamlıq imkanları məhdud olan 28 min uşaq var. Onlardan 770-ə yaxın uşaq Bakı şəhərinin Qaradağ rayonunda yaşayır.
Təəssüf ki, onların əksəriyyəti fiziki və əqli inkişaflarında mövcud olan problemlərə görə cəmiyyətdən təcrid edilmiş şəkildə yaşayırlar. Lap erkən yaşlarından bu uşaqlar təlim-təhsil prosesindən kənarda qalır, bunun nəticəsində gələcəkdə hər hansı bir peşə əldə etmək imkanından məhrum olurlar. 2001-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində "Müşviq" təşkilatı yaranıb. Təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biri sağlamlıq imkanları məhdud olan uşaqlarla cəmiyyət arasında yeni münasibətlər qurmaqla onların cəmiyyətə inteqrasiyasına şərait yaratmaqdır.
"Müşviq" Mərkəzinin yaranmasında və sonrakı fəaliyyətində Bakı şəhəri Qaradağ rayonu icra hakimiyyətinin başçısı Yaqub Əliyevin böyük rolu var. Y.Əliyev "Müşviq" Mərkəzinin bütün tədbirlərində iştirak edir, problemləri ilə yaxından tanış olur və hər zaman öz köməyini əsirgəmir.
2001-ci ildən etibarən "Müşviq" Mərkəzi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun "Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası" adlı layihəsi ilə işləyir. "Qaradağ" Açıq Tipli Səhmdar Cəmiyyəti də "Müşviq" Mərkəzi yarandığı tarixdən ona dəstək olub, bir çox probleminin həllində iştirak edib.
Dünyaya Baxış Beynəlxalq Təşkilatı da "Müşviq" Mərkəzinin xeyriyyəçilərindəndir. Hazırda "Müşviq" Mərkəzi Dünyaya Baxış Təşkilatının yaratdığı Uşaq Koalisiyasının üzvüdür və layihələrin həyata keçirilməsində fəal iştirak edir. "Müşviq" Mərkəzi Qaradağ rayonunun Sahil, Qızıldağ, Ümid, Lökbatan, Qobustan qəsəbələrindən və Bakı şəhərinin digər rayonlarından olan uşaqları və onların ailələrini kompleks psixoloji-pedaqoji bərpa işləri ilə əhatə edir. Bərpa işləri həm mərkəzdə, həm də uşaqların evlərində bir qrup mütəxəssis tərəfindən həyata keçirilir. Mərkəzdə fəaliyyət göstərən mütəxəssislər bu sahədə təcrübəni artırmaq məqsədilə Norveç, Xorvatiya, Macarıstan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrdə dünya səviyyəsində keçirilən seminar və konfranslarda fəal iştirak ediblər.

Müalicəvi qidalanma və sağlamlıq
"Azərsun Holdinq"in dəstəyi ilə işıq üzü görən "Azərbaycan mətbəxində pəhriz" kitabında bu barədə söhbət açılır

Qida məhsullarının insan sağlamlığına müsbət təsiri mövzusuna həmişə böyük önəm verən "Azərsun Holdinq" şirkətlər qrupunun dəstəyi ilə tibb elmləri doktoru, professor Maqsud Qasımov və dosent Kamilə Qasımovanın eyni məzmunlu "Azərbaycan mətbəxində pəhriz" adlı kitabı işıq üzü görüb. Noyabrın 30-da "Azərsun Holdinq"in konsert salonunda kitabın təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən "Azərsun Holdinq"in baş direktoru Ahmet Yeman beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyətli və ekoloji təmiz qida məhsulları istehsal etməyi qarşıya məqsəd qoyduqlarını vurğulayaraq, təqdim olunan kitabın da belə əməkdaşlığın gözəl bir nümunəsi olduğunu bildirib.
Tədbirdə çıxış edən mütəxəssislər, kulinarlar, həkimlər kitabı yüksək qiymətləndiriblər. Tədbirin sonunda çıxış edən kitabın müəllifi M.Qasımov illər boyu çəkilən zəhmətin nəticəsi olan kitabın ərsəyə gəlməsində göstərdikləri köməkliyə görə "Azərsun Holdinq"in rəhbərliyinə təşəkkürünü bildirib.
Kitab gündəlik qidalanmanın xüsusiyyətləri, ayrı-ayrı qida maddələrinin, ərzaq və xörəklərin pəhriz dəyəri, əsas pəhrizlərin strukturu, geniş yayılmış xəstəliklərin çoxunun müalicəsi zamanı onların tətbiqi, pəhrizlə qidalanmanın təşkili, pəhriz aşbazlığında, müalicəvi qidalanmada Azərbaycan xörəklərindən istifadə edilməsi qaydaları əks olunub. Bundan başqa, kitabın lüğət hissəsində bəzi xəstəliklər haqda qısa məlumatlar verilməklə yanaşı, bu xəstəliklərdə hansı pəhrizlərdən istifadə olunması məsləhət görülür.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding