#48(1025) XƏBƏR XƏTTİ
Ana səhifə

Xəbər xətti

Son xəbər

Gündəm

Siyasət

Aktual

Region

Dünya

Sərbəst

Araşdırma

İş həftəsi

Kriminal

Mədəniyyət

Cəmiyyət

Ədəbiyyat

İdman

Arena

Əyləncə

Ulduz falı

Arxiv

İNTERAKTİV
Internet-poçt

Redaktora məktub

Qəzet haqqında

ARXİV
    DEKABR 2004    
B.e Ç.a Ç. C.a C. Ş. B.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Prezidentin İrana səfəri gözlənilir

"Prezident İlham Əliyevin İran İslam Respublikasına səfəri zamanı iki ölkə arasındakı münasibətlərə dair 8 sənəd və birgə kommunikenin imzalanacağı gözlənilir". Bu haqda İİR-in Azərbaycandakı səfiri Əfşar Süleymani jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, imzalanacaq sənədlər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı əks etdirəcək. Səfərin tarixinin diplomatik kanallar vasitəsi ilə dəqiqləşdirildiyini qeyd edən Ə.Süleymani, bunun yanvarın üçüncü ongünlüyündə gerçəkləşəcəyini vurğulayıb.

Prezident TRT-yə müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 2-də Türkiyənin TRT telekanalının "Sərhədlərarası" proqramının aparıcısı və prodüsseri xanım Banu Avara müsahibə verib. Saatyarımlıq bu verilişin Azərbaycana həsr olunmasında məqsəd qardaş Türkiyənin televiziya tamaşaçılarına ölkəmizin siyasi, iqtisadi və mədəni həyatı barədə ətraflı söhbət açmaqdır. Eyni zamanda, verilişdə ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətindən bəhs olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev ilə müsahibədə Qafqaz regionunda, ümumən Avrasiya məkanında cərəyan edən siyasi proseslərdən, regiondakı mövcud vəziyyətdən danışılır.

Devid Vudvord "Şöhrət" ordeni ilə təltif olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən "bp-Azərbaycan" şirkətinin prezidenti Devid Vudvordu qəbul edib. Prezident iki ay bundan əvvəl "Əsrin müqaviləsi"nin onilliyi ilə əlaqədar Azərbaycanda neft və qaz sektorunun inkişafındakı xidmətlərinə görə Devid Vudvordu "Şöhrət" ordeni ilə təltif olunması ilə bağlı təbrik edib və bu yüksək mükafatı təqdim edib.

Azərbaycanlı deputat AŞPA-nın məruzəçisidir

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov quruma "Avropa jurnalistika universiteti" adlı sənəd təqdim etmişdi. Həmin sənəddə Strasburqda Avropa Jurnalistika Universitetinin yaradılması, gənc jurnalistlərin buraya dəvət olunması və onlara Avropanın, eləcə də dünyanın tanınmış reportyorları, jurnalistləri və siyasi xadimlərinin mühazirə oxuması və digər məsələlər öz əksini tapmışdı. AŞPA Bürosunun dekabrın 2-də keçirilmiş iclasında mövzu ilə bağlı müzakirələrdə bu ideya bəyənilib və Rafael Hüseynov məruzəçi təyin edilib.

"Oxfam" fəaliyyətinin 10 illiyini qeyd etdi

Dünən Böyük Britaniyanın "Oxfam" təşkilatı Azərbaycanda fəaliyyətinin 10 illiyi ilə bağlı hesabat verib, "Qafqaz yol ayrıcında" kampaniyasına start verildiyini bəyan edib. Təşkilatın təmsilçisi Adam Liç bildirib ki, indiyə qədər "Oxfam" Qafqaz dövlətlərində müxtəlif layihələrin reallaşması üçün 35 milyon dollar vəsait xərcləyib. Bunun 15 milyon 730 min dolları Azərbaycanın payına düşür. Gələn il təşkilat ölkəmizə ayırdığı vəsaitlərin məbləğini bir qədər də artıraraq 800 min dollara çatdırıb. "Oxfam"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şövkət Əlizadənin sözlərinə görə, gələn il üçün ayrılan həmin vəsait rayonlarda kənd təsərrüfatının inkişafı, səhiyyə xidmətlərinin və əlillərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək.

Qanunsuz miqrasiyanın qarşısı alınacaq

Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini, general-mayor Tofiq Babayev dekabrın 2-də ölkəmizdə səfərdə olan İsveç Krallığı Xarici İşlər Nazirliyinin səfiri Nils Rosenberq və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Səfir Nils Rosenberq qeyri-leqal miqrantların, eyni zamanda, onların arasında terrorçu və ekstremist şəxslərin müəyyənləşdirilməsi, həmin kanalların qapadılması istiqamətində Azərbaycan və İsveçin təhlükəsizlik orqanları arasında məqsədyönlü əməkdaşlığın qurulmasının hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırıb.

Fələstində seçki yarışı qızışır

Fələstinin "Fəth" təşkilatının İordan çayının Qərb sahili üzrə icraçı katibi, həmin qurumun hərbi qanadının lideri Mərvan Bərquti gələn il yanvarın 9-da Fələstində keçiriləcək prezident seçkilərində iştirak edəcək. Dekabrın 1-də Fələstin Mərkəzi Seçki Komitəsi bu siyasətçiyə rəsmi namizəd mandatı verib. Bərquti hazırda İsrail həbsxanasında saxlanılır. İsrail məhkəməsi onu terror aktları təşkil etməkdə suçlu bilib. Onun həbsdə olması Fələstin rəhbərinin seçkilərində iştirak üçün maneə sayılmır. Bərquti seçkilərə müstəqil namizəd kimi qoşulacaq. Mərvan Bərquti əvvəllər seçkilərdə iştirak etməyəcəyini bildirirdi. Amma sonradan bu siyasətçi öz qərarını dəyişib. Müşahidəçilərin fikrincə, Bərquti öz populyarlığına görə yalnız Ərəfatdan geri qalırdı. Artıq 11 namizədin qeydə alınmasına baxmayaraq, seçkilərdə əsas mübarizənin Bərquti və "Fəth"in rəsmi namizədi, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas arasında gedəcəyi gözlənilir.

Pentaqonun İraqdakı itkiləri artır

İraqda hərbi əməliyyatların başlanmasından sonra həlak olan ABŞ əsgər və zabitlərinin sayı 1251 nəfəri ötüb. Bu məlumatı noyabrın 30-da Pentaqonun rəsmi nümayəndəsi Brayan Uitmen verib. Onun sözlərinə görə, noyabr ayında ABŞ İraqda 130 nəfər itirib. Bundan çox aylıq itki İraq kampaniyası ərzində yalnız bir dəfə - ötən ilin yazında, partizanların fəal müqavimətə başladığı dövrdə qeydə alınıb. Belə ki, 2003-cü ilin aprel ayında ABŞ 135 əsgər və zabit itirmişdi. Bu arada ABŞ administrasiyasının daha bir üzvü, daxili təhlükəsizlik naziri Tom Ric istefa verib. Qeyd edək ki, Daxili Təhlükəsizlik Nazirliyi ABŞ-dakı məlum 11 sentyabr terror aktlarından sonra yaradılıb. Bu orqan sərhədlərin mühafizəsi, emmiqrasiya və gömrük xidməti sahələrinə nəzarət edir.

İran nüvə proqramlarını canlandıra bilər

Atom Energetikası üzrə Beynəlxalq Agentlik (AEBA) noyabrın 29-da yaydığı bəyanatda Tehranın uranın zənginləşdirilməsi əməliyyatlarını dayandırdığını təsdiqləyib. AEBA baş direktoru Məhəmməd Əl-Baradei bildirib ki, hazırda İranda 20 sentrifuqanın fəaliyyəti dayandırılıb. Tehran hökuməti əvvəllər bu qurğuların fəaliyyətini nüvə proqramının dayandırılması haqqında razılıqdan çıxarmaqda israrlı idi. Agentlik Tehran rəsmilərinin son qərarını alqışlayıb. Amma ertəsi gün İran rəsmiləri bildiriblər ki, nüvə proqramlarının dayandırılması daimi xarakter daşımır və Tehran yenidən bu sahədə fəaliyyətini bərpa edə bilər. İran nümayəndə heyətinin rəhbəri Həsən Ruhani bununla bağlı olaraq deyib: "Proqramın dayandırılması yalnız avropalılarla danışıqların başa çatmasınadək mümkündür. Bu danışıqlar çox uzun sürə bilməz".

İsraildə hökumət böhranı

Dekabrın 2-də İsrail baş naziri Ariel Şaron "Şinuy" partiyasından olan 4 naziri istefaya göndərib. Bunun səbəbi bir gün əvvəl dövlət büdcəsi layihəsinin parlamentdə (Knesset) yetərincə səs toplamamasıdır. Gələn ilin büdcə layihəsini 43 deputat dəstəkləyib, 69 deputat, o cümlədən 14 "Şinuy"çu sənədin əleyhinə səs verib. Beləliklə, İsraildə növbəti hökumət böhranı başlayıb. Belə ki, Şaronun partiyası 120 yerlik parlamentdə vur-tut 45 millət vəkili ilə təmsil olunur. Ariel Şaron koalisiya hökumətini qorumaq üçün yeni tərəfdaşlar axtarmağa başlayıb. Bu axtarışlar nəticəsiz qalsa, İsraildə yeni parlament seçkiləri keçirilməlidir.

"Respublika Bankı"nın reklam kampaniyası yekunlaşıb

"Respublika Bankı"nın keçirdiyi ənənəvi reklam kampaniyası 14 nəfərə sevinc bəxş edib. Onlardan 10 nəfərinə rəqəmli fotoaparat, 4 nəfərinə isə Avstriyanın paytaxtı Vyanaya 7 günlük səfər biletləri təqdim olunub. Qeyd edək ki, uduş kampaniyasında yalnız "Respublika Bankı"nın buraxdığı "MasterKard" və "Maestro" beynəlxalq plastik kartlarının sahibləri iştirak edib. Bu il mayın 29-dan noyabrın 22-dək istənilən valyuta ilə 100 min manat, 20 ABŞ dolları, 20 avro həcminə qədər hər bir ödəmə əməliyyatı aparana nömrə verilib. Uduşda oynanılan həmin nömrələrin ümumi sayı 24 min 493 olub. Bank rəhbərliyi belə uduşların keçirilməsini plastik kartlara marağı artırmaq və bankın fəal müştərilərini üzə çıxarmaq məqsədi daşıdığını bildirib. Qeyd edək ki, səyahətə yollanacaq şəxslər "Atəşgah" sığorta şirkəti tərəfindən sığortalanıblar. Səfər biletlərinin sahibləri yeni ili Vyanada keçirəcəklər.

2 kiloqrama yaxın narkotik tutulub

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan Əli Hacıyevi həbs ediblər. Polis əməkdaşları onun üstündə bir kiloqramdan çox narkotik maddə tapıblar. Qeyd edək ki, Xudat qəsəbə sakini Ə.Hacıyev əvvəllər məhkum olunub. O, narkotik vasitə olan tiryəki Xaçmazda satarkən tutulub. Məlum olub ki, Ə.Hacıyev malı Rusiyadan qaçaqmalçılıq yolu ilə respublikamıza gətirib. Polis əməkdaşları onun evinə baxış keçirərkən əlavə 750 qram marixuana da aşkar ediblər.

Quldurlar dəmir barmaqlıqlar arxasında

Binəqədi rayonu ərazisində quldurluqla məşğul olan qrup yaxalanıb. Onlar paytaxtın müxtəlif yerlərində taksi sürücülərinə soyuq silahla hücum ediblər. Dəstə üzvləri Vüsal Əliyev, Ağa İsmayılov və Fərman Axundovdur. Yeniyetmə yaşında olan bu şəxslər bəzən sürücüləri qarət etməklə kifayətlənməyiblər. Onların avtomobillərini ələ keçirərək, bir neçə saatlıq Bakının küçələrində sürüblər. Dəstəyə Ağa başçılıq edib. Əvvəllər təkbaşına bu cinayətlə məşğul olan Ağa sonradan həmyaşıdları olan Vüsalla Fərmanı da özünə qoşub.

Terrorçu təşkilatların 30-a yaxın üzvü yaxalanıb

Son 10 ildə qanunsuz saxlanan 25 minə yaxın odlu silah yığılıb. Qrup halında fəaliyyət göstərən 14 min 700 cinayət törətmiş 33 min nəfər tutularaq məsuliyyətə cəlb olunub. Daxili işlər naziri Ramil Usubovun açıqlamalarına görə, ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə uğurla davam edir. Nazir region üçün təhlükəli olan əsas üç narkotik marşrutun adını çəkib: "Birincisi Əfqanıstan-Türkmənistan-Xəzər dənizi vasitəsilə Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, ikincisi Əfqanıstan-İran-Azərbaycanın işğal olunmuş əraziləri (Dağlıq Qarabağ)-Ermənistan-Gürcüstan-Avropa, üçüncüsü Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa". R.Usubovun fikrincə, sabitliyə təsir edən amillərdən biri də qanunsuz miqrasiya və insan alveridir. Nazir bildirib ki, son illər Milli Təhlükəsizlik Nazirliyi "Əl-Cihad" və "Qafqaz İslam Ordusu" kimi terrorçu təşkilatlar ilə əlaqəsi olan 30-a yaxın şəxsi yaxalayıb. Qanunsuz silahlı birləşmələrin 20-dən çox iştirakçısının məhkəmə məsuliyyətinə cəlb edilməsi təmin olunub. R.Usubovun sözlərinə görə, son illər terrorçulara maliyyə vəsaitlərinin ötürülməsində şübhəli bilinən 6 humanitar təşkilatın Bakıdakı filialları aşkar edilərək fəaliyyətləri dayandırılıb. Bu təşkilatlara aiddiyyatı olan 43 şəxs ölkənin hüdudlarından kənara çıxarılıb.

İcarədar müdiri niyə öldürüb?

Paytaxtda geniş rezonansa səbəb olan dəhşətli qətllərdən biri də biznesmen İsaq Aydınovun öldürülməsidir. Artıq bununla bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə başlayan istintaq prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Prosesə hakim Əli Seyfəliyev sədrlik edir. Müttəhimlər kürsüsündə isə Nizami küçəsində yerləşən "Ziba" mağazasının icarədarı Sevda Rufullayeva əyləşib. Qeyd edək ki, bu qadın müqəssir qismində məsuliyyətə ikinci dəfə cəlb olunur. Belə ki, S.Rufullayeva ötən ilin oktyabr ayında mərhum İ.Aydınovla müqavilə əsasında icarəyə götürdüyü "Ziba" mağazasında külli miqdarda mənimsəməyə yol verdiyinə görə (40 min dollara yaxın) 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu faktla bağlı Bakı Şəhər Prokurorluğunda istintaq aparılarkən qadının daha ağır cinayət törətdiyi məlum olub. Belə ki, S.Rufullayeva 2002-ci il iyulun 1-də yaşadığı mənzildə mağazanın müdiri İsaq Aydınovu bıçaqla qətlə yetirib. Xatırladaq ki, biznesmenin meyiti Hövsan qəsəbəsi yaxınlığındakı qamışlıqda əl-qolu bağlı vəziyyətdə, torbanın içində aşkar edilmişdi. Mərhumun idarə etdiyi avtomobil isə "Binə" ticarət mərkəzinin yaxınlığındakı avtodayanacaqda tapılmışdı. S.Rufullayeva istintaq zamanı əvvəlcə qətli törətmədiyini iddia etsə də, sonradan verdiyi ifadələrində İ.Aydınovu öldürdüyünü boynuna alıb. Qadın bildirib ki, buna səbəb keçmiş müdirinin evində qonaq olarkən ona sataşması olub. İlkin istintaq isə S.Rufullayevanın çalışdığı "Ziba" mağazası ilə bağlı maddi marağına görə müdirini öldürdüyü qənaətindədir.

Pantomim Teatrı "yaponca danışacaq"

Dövlət Pantomim Teatrı daha bir səsli tamaşanı səhnələşdirir. Bu dəfə teatrın yaradıcı kollektivi Yaponiya yazıçısı Rünosuke Akutakavanın (1892-1927) "Keşa və Marito" əsərinə müraciət edib. Xatırladaq ki, "səssiz teatr" indiyədək yalnız beş dəfə səsli tamaşaya müraciət edib. Bunlar "Kimdir müqəssir", "Manqurt", "Kral xofu", "Şəngül, Şüngül və Məngül" və "Balaca şahzadə"dir. Bu ay tamaşaçıların müzakirəsinə çıxarılacaq "Keşa və Marito"nun quruluşçu rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Musiqi tərtibatında yapon musiqisinin elementlərindən istifadə olunub. Baş rollarda Nargilə Qəribova və Qurban Məsimov çıxış edir.

Eksperiment-tamaşa: "Misir gecələri"

Dekabrın 9-da Azərbaycan Akademik Milli Dram Teatrında "Misir gecələri" tamaşasına ictimai baxış keçiriləcək. Həmin tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət xadimləri və KİV nümayəndələri iştirak edəcəklər. Ayın ortalarınadək isə bu maraqlı tamaşanın ilk təqdimat vaxtı müəyyənləşdirilməlidir. Hazırda son məşqləri gedən "Misir gecələri" bir qədər qeyri-adi tamaşa olacaq. Belə ki, onun birinci hissəsi Nazim Hikmətin "Yusif və Züleyxa", Məmməd Səid Ordubadinin "Sevgililər", ikinci hissəsi isə Vilyam Şekspirin "Antonio və Kleopatra" əsərləri əsasında hazırlanıb. Tamaşanın rejissoru Mərahim Fərzəlibəyov, rəssamı Rafiz İsmayılov, bəstəkarı Eldar Mansurovdur. Tamaşada əsas rollarda Məleykə Əsədova, Füzuli Hüseynov, Əli Nur, Elxan Quliyev, Sevinc Əliyeva və başqaları çəkiliblər.

Copyright©by Media Holding,2000-2004

©WEB Design Group Media Holding